Azərbaycan seçiciləri qarşıdakı taleyüklü tədbirdə - növbəti prezident seçkilərində fəal iştirak edəcəklər

Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyi günə - aprelin 11-nə bir aydan da az vaxt qalır. İndiyədək Mərkəzi Seçki Komissiyası qanunauyğun şəkildə seçkiyə hazırlıq işlərini və digər prosedurları həyata keçirir. MSK sədri Məzahir Pənahovun dediyi kimi, ölkədə normal, beynəlxalq standartlara uyğun, demokratik, şəffaf və ədalətli seçkilər keçirmək üçün bütün şərait yaradılmışdır. Eyni zamanda, bu prosesin lazımınca başa çatdırılması üçün müvafiq qanunvericilik bazamız mövcuddur.

Təbii ki, seçkilər ölkə həyatının inkişaf tendensiyası ilə sıx bağlı olan bir prosesdir. Ölkə iqtisadiyyatı nə qədər intensiv inkişaf edərsə, sosial problemlər nə qədər ədalətli və vaxtında həll edilərsə, xalqın seçkilərə marağı da bir o qədər yüksək olar, insanlar səsvermədə daha fəal iştirak edərlər. Şübhəsiz, son onilliklərdə Azərbaycan ictimaiyyətinin seçkilərdə yaxından iştirakı, səsvermə faizinin həmişə yüksək olması məhz ölkədə sosial-iqtisadi inkişafın davamlı olması, xalqın güzəranının get-gedə yaxşılaşması ilə əlaqədardır.

Təsadüfi deyildir ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə Azərbaycan uğurla inkişaf etmişdir. Ən vacibi isə odur ki, 2017-ci ildə ölkədə sabitlik və təhlükəsizlik hökm sürmüşdür. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artsa da, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alsa da, Azərbaycanda sabitlik, təhlükəsizlik, normal həyat təmin edilmişdir. Sabitlik olan yerdə isə inkişaf olur. Bu mənada 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilmişdir. 2017-ci il faktiki olaraq iqtisadi islahatlar ili olmuşdur. Bunu nüfuzlu beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da təsdiq etmiş, Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır. Qeyri-neft sektorumuzda artım 2,5 faiz təşkil etmişdir. Kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır.

Bax, belə bir ictimai-siyasi və sosial-iqtisadi şəraitdə ölkəmizdə prezident seçkiləri keçirilir. Bunlardan əlavə, Azərbaycan insanları və beynəlxalq təşkilatlar yaxşı bilirlər ki, Azərbaycan müstəqillik illərində zəngin seçki təcrübəsi qazanmışdır. Biz ziyalılar da bu təcrübəyə əsaslanaraq inanırıq ki, Azərbaycan seçiciləri, həmişə olduğu kimi, bu dəfə də qarşıdakı taleyüklü tədbirdə - növbəti prezident seçkilərində fəal iştirak edəcək və öz səslərini ölkəmizi irəli aparmağa qadir olan siyasətçiyə verəcəklər.

Teymur ZEYNALOV,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında