Azərbaycan yüksək seçki mədəniyyəti ilə nümunə göstərir

“Aprelin 11-də keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Sivil, demokratik dövlət quruculuğu yolunu seçən və bu yolla inamla irəliləyən respublikamızda belə əlverişli mühitin yaradılmasının əsas səbəbi ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsindən irəli gəlir.

Xatırladım ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk demokratik prezident seçkiləri 1993-cü ilin oktyabrında keçirildi. Həmin seçkidə xalq siyasi iradə nümayiş etdirərək, demokratik seçki keçirməyə qadir olduğunu bütün dünyaya sübut etdi”. Bu fikirləri bizimlə söhbət zamanı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev səsləndirdi.

R. Rzayev dedi ki, ölkəmizdə demokratik seçkinin əsası ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qoyulub. Ümummilli lider deyirdi ki, ölkəmiz heç vaxt sivil, demokratik inkişaf yolundan geri çəkilməyəcək: “İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qəbul olunan qanunvericilik aktlarının, xüsusən , “Siyasi partiyalar haqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunların qəbul olunması, mətbuat üzərindəki senzuranın ləğvi ilə müstəqil mətbuatın fəaliyyətinə geniş şərait yaradılması, seçkilərdə şəffaflığın, obyektivliyin təmin olunması istiqamətində qətiyyətli addımların atılması bunun bariz nümunəsi idi”.

Komitə sədrinin müavini vurğuladı ki, sonralar ölkəmizdə keçirilən bütün seçkilərdə xalqın demokratik seçiminin dönməzliyi və ayrı-ayrı sahələr üzrə aparılan islahatların davamlılığı bir daha təsdiqlədi ki, respublikamızda demokratik cəmiyyət quruculuğuna böyük maraq və inam var. Bu istiqamətdə əldə edilən mühüm irəliləyişlər Azərbaycanın demokratik ənənələrə sadiqliyini bir daha təsdiqlədi: “Həmin dövrdən başlayaraq, ölkəmizdə azad və demokratik seçkilər keçirmək sahəsində qazanılan zəngin təcrübə və yaradılan hüquqi baza nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Təbii ki, bütün bunların əsasında Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanıb”.

Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində dövlət başçısının siyasi iradə nümayiş etdirməsinin xüsusi rolu olduğunu bildirən R.Rzayev 2005-ci ildən bəri həmin istiqamətdə atılan qətiyyətli addımlardan, qəbul olunan qanunlardan, imzalanan sərəncamlardan, həmçinin Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən də söhbət açdı. Dedi ki, ölkədə azad və ədalətli seçkilər keçirilməsi, şəffaflığın təmin edilməsi, demokratik prinsiplərin maksimum dərəcədə qorunması ilə bağlı müvafiq orqanlar qarşısında çox ciddi vəzifələrin qoyulması həyata keçirilən siyasətin prioritetini təşkil edir. Respublikamızda yaradılan sabitlik, təhlükəsizlik mühiti də seçkilərin demokratik prinsiplər əsasında keçirilməsinə müsbət təsir göstərir. Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan xalqı həm də yüksək seçki mədəniyyəti ilə nümunədir.

Deputat bildirdi ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar geniş maarifləndirmə işləri aparılır: “Ötən seçkilərdə olduğu kimi, bu dəfə də hər bir vətəndaşın seçkilərdə fəal iştirakı üçün bütün imkanlardan istifadə edilir. Seçkilərlə əlaqədar aparılan hazırlıq işləri bir daha əminlik yaradır ki, seçmək hüququ olan vətəndaşlarımız bu dəfə də yüksək siyasi fəallıq nümayiş etdirəcək və aprelin 11-də ən layiqli namizədə səs verəcəklər”.

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında