– Aydın müəllim, Azərbaycanda növbəti prezident seçkilərinə təxminən bir ay vaxt qalır. Siz ölkəmizdə mövcud olan seçki ərəfəsindəki vəziyyəti və prosesə hazırlığı necə qiymətləndirirsiniz?
– Azərbaycanın sürətli iqtisadi inkişafı, həyata keçirilən siyasi islahatlar, ölkənin milli təhlükəsizliyinin təmin olunması yönündə görülmüş tədbirlər möhkəm əsaslara malik ictimai-siyasi sabitliyin təmin olunmasını şərtləndirib. Azərbaycan dövləti demokratik seçkilər keçirmək ənənəsinə və iradəsinə, bu sahədə zəngin təcrübəyə malikdir. İndiyə qədər ölkəmizdə keçirilən seçkilər demokratik prinsiplərə və seçki qanunvericiliyinin tələblərinə əsaslanmaqla xalqımızın siyasi iradəsini dolğun şəkildə əks etdirib. Azərbaycanın seçki qanunvericiliyi mükəmməl hüquqi baza kimi demokratik tələblərə tam cavab verir. Ölkəmiz inkişaf etdikcə qarşıya çıxan yeni şərtlərə və şəraitə uyğun olaraq təkmilləşdirilən seçki qanunvericiliyi ən yüksək səviyyədə seçkilər keçirməyə imkan yaradır.
İndi seçkilər prosesinin daha fəal fazasına daxil olmaqdayıq. Bir sıra şəxslərin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Hər bir namizəd üçün azad rəqabət şəraiti yaradılıb. Seçkinin təşkilinə məsul olan qurumların prosesə hazırlığı yüksək səviyyədədir. Seçki komissiyalarının maddi – texniki təchizatı, komissiya üzvlərinin peşəkarlığı, seçki məntəqələrinin əksəriyyətinə veb-kameraların quraşdırılması, müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən “exit-poll”un keçirilməsi, müşahidəçilik institunun inkişafı prosesin tam şəffaf şəkildə və demokratik normalara uyğun baş tutacağına əminlik yaradır.
– Qarşıdakı seçkilərin Azərbaycanın demokratik inkişafı və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?
– Əlbəttə, seçkilər demokratik dövlətlərin qarşıdakı dövr üçün inkişaf paradiqmalarının müəyyənləşdirilməsində mühüm rola malikdir. Azərbaycan ötən illərdə siyasi, iqtisadi, sosial sahələrdə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsində əzəmətli uğurlar qazanıb. Demokratik dəyərlərə sadiqlik nümayiş etdirən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar idarəetmənin təkmilləşdirilməsində, insan hüquq və azadlıqların qorunmasında, hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter almasında özünü göstərib. Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alır. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən ən çox islahat həyata keçirən ölkələrdən biri kimi qiymətləndirilir, respublikamızda etibarlı sərmayə mühitinin bərqərar olduğu vurğulanır. Ölkədə qeyri-neft sektorunun üstün inkişafına nail olunub, regionlarda geniş infrastruktur layihələri icra edilib, sənayenin, sahibkarlığın, özəl bölmənin davamlı inkişafı təmin olunub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqları və pensiyaların bir neçə dəfə artırılması ilə bağlı qərarlar qəbul olunub. İnklüziv inkişaf istiqamətində mühüm tədbirlər reallaşdırılıb, Azərbaycan kosmik sənayeyə malik ölkələr sırasına daxil olub. Şübhə yoxdur ki, 11 apreldə keçiriləcək prezident seçkiləri də bu nailiyyətlərin davam etməsinə, ölkədə inkişafın, həyata keçirilən islahatların ardıcıllığının təmin olunmasına, respublikamızın demokratik imicinin daha da möhkəmlənməsinə mühüm töfhələr verəcək.
– Prezident seçkilərinə beynəlxalq maraq necədir?
– Beynəlxalq ictimaiyyətin aprelin 11-də keçiriləcək prezident seçkilərinə böyük diqqət göstərəcəyi gözləniləndir. Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, qeyd etdiyimiz kimi, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımından da əhəmiyyətlidir. Çünki Azərbaycan regionun ən güclü dövlətidir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi məhz Azərbaycanın payına düşür. Azərbaycan regionun enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına çox mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP, eləcə də “Cənub” qaz dəhlizi kimi strateji layihələr nəinki ölkəmizin, eləcə də regionun beynəlxalq mövqeyini və əhəmiyyətini artırıb. Ölkəmiz regionun humanitar, elmi mərkəzi kimi də geniş nüfuza malikdir. Azərbaycan dünyada dinlər və mədəniyyətlər arasında dialoqun reallaşmasında mühüm təşəbbüslər irəli sürür. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə, idman və musiqi yarışlarına uğurla evsahibliyi edir. Bütün bunlar isə həm də ona dəlalət edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanda baş verən hadisələrə həssas münasibət göstərir, diqqətlə yanaşır. Ona görə də, biz prezident seçkilərinə yüksək beynəlxalq marağın olacağını gözləyirik. Bilirsiniz ki, artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçilər missiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, MDB PA prezident seçkilərini müşahidə edəcəklərini açıqlayıblar. Qarşıdakı dövrdə prrosesi müşahidə edəcək təşkilatların sayının artacağı gözlənilir.
– Rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatı seçkilərə hazırlıqla bağlı nə işlər görüb?
– YAP Qaradağ rayon təşkilatı partiyanın digər yerli strukturları kimi, seçkilərə fəal şəkildə hazırlaşır. Bizim əsas vəzifəmiz partiya rəhbərliyinin, icra katibliyinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməkdən ibarətdir. Seçkilərin yüksək səviyyədə təşkili üçün bu günə qədər bir neçə mərhələdə qarşıda duran vəzifələr və tapşırıqlar yerinə yetirilib. Rayon təşkilatında 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb və üzvlər arasında vəzifə bölgüsü aparılıb. Qərargah üzvləri təşkil olunan treninqlərdə dolğun şəkildə məlumatlandırılıb, onlara hansı işləri görəcəyi açıq şəkildə izah olunub. Seçki Qərargahı imzatoplama kampaniyasını fəal şəkildə və qanunvericiliyə uyğun olaraq həyata keçirib. Seçki məntəqələrində məşvərətçi səs hüquqlu üzvlərimiz, müşahidəçilərimiz müəyyən olunub. Ümumilikdə, çalışırıq ki, iş planında nəzərdə tutulan məsələləri vaxtlı-vaxtında və müvəffəqiyyətlə yerinə yetirək.
Müsahibəni apardı:
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.