“Mükəmməl və demokratik seçki sistemi 11 aprel prezident seçkilərinin uğurla yekunlaşacağına inam yaradır”

Vətəndaş cəmiyyəti quruculuğunda mühüm nailiyyətlər əldə edən Azərbaycan xalqı bugünkü qanuni hakimiyyətin legitimləşdirilməsinə məhz son 25 il ərzində şəffaf və obyektiv seçkilərin keçirilməsi ilə nail olub. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, respublikamızda seçkilərin demokratik keçirilməsi ənənəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həm də bu bir faktdır ki, ölkəmizdə bu ənənə sonrakı illərdə möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

Belə ki, Azərbaycanda sözügedən dövrdə 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, o cümlədən 3 dəfə referendum keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub. Bütün bunlar isə demokratik seçki praktikasının təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə diqqət çəkib. Seçkilərin şəffaflığını təmin etmək üçün hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, profesor İsaxan Vəliyev ölkəmizdə mükəmməl və demokratik seçki sisteminin qurulması nəticəsində 11 aprel prezident seçkilərinin uğurla həyata keçiriləcəyi barədə daha sonra dedi:

-Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək istərdim. Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə yeni Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minib. Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, bu məcəllə seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirərək, Avropa standartlarına uyğun tərtib olunub. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını əsaslı şəkildə müəyyənləşdirib. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirib.

Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan verib.

Sonrakı illərdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, ilk növbədə, seçki prosesinin müasir dövrdə daha da təkmilləşdirilməsinə, seçki resurslarından daha səmərəli istifadə ­olunmasına xidmət edib. Başqa sözlə, mövcud Seçki Məcəlləsi ilə bağlı gerçəkləşdirilən yeniliklər bütövlükdə seçki institutunun daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun reallaşdırılması imkanlarını yaxşılaşdırmağa xidmət edib.

Azərbaycan Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə bu il aprel ayının 11-də keçiriləcək prezident seçkiləri də, şübhəsiz ki, ədalətli və şəffaf şəraitdə, müasir və demokratik standartlara uyğun şəkildə həyata keçiriləcək, vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunacaq.

Onu da deyim ki, 11 aprel prezident seçkilərinin gərgin mübarizə şəraitində reallaşacağı indidən açıq-aydın görünür. Amma xalqımız bu dəfə də seçimində yanılmayacaq, Azərbaycanın demokratik ölkələr ailəsində irəliyə doğru daha bir uğurlu addım atacağına öz töhfəsini verəcək. Bunu son 14 il ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycan iqtisadiyyatının dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınması, özünün nadir iqtisadi tərəqqi modelini təqdim etməsi deməyə əsas verir.

Sözügedən dövrdə ölkəmizin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının daha da yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında