Aprelin 11-də obyektiv, azad və ədalətli seçki keçiriləcək

Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkiləri həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bu da səbəbsiz deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demokratik proseslərin inkişafına xüsusi önəm verilmiş, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Seçki demokratiyanın əsas atributlarından hesab olunduğundan bu sahəyə xüsusi diqqət yetirilir. Məhz bu baxımdan, aprelin 11-də keçiriləcək prezident seçkilərinə maraq böyükdür.

Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq aləmdə indidən maraqla izlənildiyinin təsadüf olmadığını bildirdi. Onun sözlərinə görə, son illər Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması istiqamətində tətbiq olunan yeniliklər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Ç.Qənizadə dedi ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqəadr qəbul edilən qərar hüquqa və Konstitusiyaya tam uyğundur: “Bu baxımdan, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu seçkilərin şəffaf, obyektiv, azad və ədalətli keçirilməsi üçün bütün imkanlardan istifadə etməlidir. Ölkə rəhbərliyi də seçkilərin demokartik şəraitdə keçirilməsi üçün siyasi iradə nümayiş etdirir. İndiyə qədər respublikamızda bütün seçkilər şəffaf və demokartik şəraitdə keçirilib. İnanırıq ki, növbəti prezident seçkiləri də beynəlxalq hüquq normalarına uyğun – tam şəffaf və demokratik mübarizə şəraitində keçiriləcək. Bunu prezidentliyə namizədliyini irəli sürənlərin sayı da təsdiqləyir. Məlum olduğu kimi, növbəti prezident seçkilərinə çoxsaylı namizədlər var. Təbii ki, hər bir namizədin öz platforması olacaq. Mətbuat onlar üçün açıq olacaq və hər bir namizəd öz fikrini, platformasını cəmiyyətə çatdırmaq üçün əlverişli şəraitdən yararlanacaq”.

Deputatın qənaətinə görə, həmin gün seçicilər ən ağıllı, müdrik, hazırkı dövrdə dövlətimiz, xalqımız üçün vacib olan namizədə səs verəcəklər. Ç.Qənizadə onu da əlavə etdi ki, həm ATƏT-in Seçkiöncəsi Uzunmüddətli Missiyası, həm də seçki zamanı fəaliyyət göstərməli olan qurum nümayəndələri, eləcə də Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri prezident seçkisini müşahidə edəcəkləri barədə fikirlərini açıqlayıblar. Artıq bu istiqamətdə ölkəyə müraciətlər davam etməkdədir. Ümid edirik ki, həm seçkiöncəsi, həm də seçki zamanı baş verə biləcək proseslər hüquq çərçivəsində, həm də beynəlxalq hüquqa söykənərək obyektiv, azad və ədalətli keçiriləcək.

Bəzi qüvvələrin seçkini boykot çağırışına münasibət bildirən Ç.Qənizadə dedi:

– İki güləşən şəxsdən biri digərindən qorxub çəkinirsə, mübarizədən çəkinmək üçün müxtəlif bəhanələr axtarır. Fikir verin, ölkədə prezident seçkilərinə cox ciddi hazırlıq işləri aparılır. Əgər namizədlərə bərabərhüquqlu şərait yaradılırsa, ədalətli mübarizə üçün hər cür imkan varsa, namizədliyin irəli sürülməsi üçün süni əngəl yaradılmırsa. ədalətli və demokartik proses gedirsə, televiziya kanallarında və digər KİV-də namizədlər üçün ayrı-seçkilik aparılmadan, qanunauyğun vaxt ayrılırsa, belə seçkilərdə iştirak etməmək, hesab edirəm ki, zəifliyin və qorxaqlığın əlamətidir. Yəni, özündə güc hiss edən və seçkilərdə qalib gəlmək imkanını ölçüb-biçən şəxslər, təbii ki, mübarizəyə qatılırlar. Amma bəzi qüvvələr, xüsusilə bəzi müxalif qüvvələrin seçki ilə bağlı tutduğu qeyri-obyektiv mövqe hamıya bəllidir. Arxasında güc və sosial baza olmayan şəxslərin seçkilərə getməməsi gözləniləndir. Təbii ki, belələri seçki prosesinə mane olmaq üçün min bir oyundan çıxacaq, qarayaxma kampaniyası aparacaq və son anda boykot çağırışlarına əl atacaqlar. Belə şər qüvvələrin arxasınca gedən, demək olar ki, çox azdır və onlar seçkinin gedişinə heç bir təsir gücünə malik deyillər.

Ç.Qənizadə bildirdi ki, seçkinin nəticələrini xalq müəyyənləşdirir. Ona görə də bəzi araqarışdıranların bütün cəhdləri iflasa uğrayacaq. Seçicilər aprelin 11-də öz sözlərini deyəcəklər və xalqın seçdiyi namizəd ən layiqli namizəd olacaq. Unutmamalıyıq ki, bu layiqli namizəd bizim dövlətimizin qarantı, təhlükəsizliyimizin təmin edilməsi və onun parlaq gələcəyə yönələn siyasi kursunu müəyyən edən şəxs olmalıdır.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında