Azərbaycanda seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün həm zəngin hüquqi baza, həm də əlverişli demokratik mühit var

 Aprelin 11-də keçiriləcək prezident seçkiləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu seçkilərin də yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Çünki ölkəmizdə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası, beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi, həmçinin əlverişli demokratik mühit var. İndiyə qədər keçirilən seçkilər də bunu təsdiqləyir. Beynəlxalq müşahidəçilər də yekun rəylərində təsdiqləyiblər ki, seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib.

Mən bəzi nüfuzlu qurumların müşahidəçilərinin Azərbaycanda keçirilən seçkilər barədə yaydıqları rəyləri diqqətə çatdırmaq istərdim. Ötən seçkilərdə ölkəmizdə olmuş AŞ PA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Azərbaycanda keçirilən seçkilər barədə Seçki Müşahidə Missiyasının hazırladığı hesabatda qeyd edib ki, missiyanın üzvləri Bakıda və ölkənin digər ərazilərində çoxlu sayda seçki məntəqəsində müşahidə aparıb və belə bir qənaətə gəliblər ki, seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Səsvermə prosesinin beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edib. Seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməyib. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır.

 Beynəlxalq müşahidəçilərin verdikləri rəylərdə səsvermə günü ərzində, seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədiyi əksini tapıb. Bununla yanaşı, yerli KİV-də səsvermə gününün geniş əhatə edildiyi, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etməsi fikirləri də yer alıb.

ABŞ Müşahidə Missiyasının üzvü Maykl Makmahonun ölkəmizdə ötən prezident seçkilərini müşahidə etdikdən sonra verdiyi açıqlamanı da xatırlatmaq yerinə düşərdi: “Azərbaycanda seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilmişdir. Seçkilərin təşkili və səsvermə ilə bağlı siyasi partiyaların nümayəndələrinin, prezidentliyə namizədlərin təmsilçiləri, müşahidəçilərlə söhbətlər aparmışıq. Onlar da seçkilərin gedişindən razılıqlarını bildirmişlər. Müşahidə zamanı biz seçicilərin səsvermə zamanı şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək bülleten götürməsinin, barmaqların xüsusi mürəkkəblə rənglənməsinin, eləcə də seçici fəallığının şahidi olduq. Ona görə də deyə bilərik ki, seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilmişdir”.

Belə faktlardan çox göstərmək olar. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan demokratik, azad və ədalətli seçki keçirməyə qadir olduğunu dəfələrlə sübut edib. Bunu nüfuzlu beynəlxalq qurumların müşahidəçiləri də təsdiqləyirlər. Bu baxımdan aprelin 11-də keçiriləcək prezident seçkilərinin daha demokratik olacağına hər birimizdə əminlik yaranıb. Çünki ölkəmiz seçkidən-seçkiyə püxtələşir, təcrübəsini artırır və qanunvericilik bazasını daha da zənginləşdirir. Bunu Seşki Məcəlləsinə bu vaxta qədər 19 dəfə əlavə və dəyişikliyin edilməsi də təsdiqləyir.

Seçkilərdə şəffaflığın təmin olunması üçün zəruri amillərdən biri də “exit-poll” keçirmək istəyən təşkilatlara əlverişli şəraitin yaradılmasıdır. Ötən seçkilərdə bütün dünyada populyar olan və müşahidəçilərin də istinad etdikləri “ELS”, “Rəy”, “Proqnoz” adlanan 3 yerli təşkilatın və ABŞ-dan olan Arthur J.Fenkelşteyn və Assosiasiyalar Şirkəti ilə Fransadan olan “Opinion Way” təşkilatının “exit-poll” keçirmələrini hər birimiz yaxşı xatırlayırıq. Bu təşkilatların keçirdikləri sorğunun nəticələrinin MSK-nın yekun göstəriciləri ilə üst-üstə düşməsi seçkinin demokratik keçirildiyini bir daha təsdiqləyir.

Həm Azərbaycan cəmiyyəti, həm də dünya birliyi aprelin 11-də ölkəmizdə daha bir şəffaf və demokratik seçkinin keçirildiyinin şahidi olacaq.

Dilarə CƏBRAYILOVA,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında