Prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait var

Yazıya Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı mövcud vəziyyətlə başlamaq istərdim. Əvvəlcə onu deyim ki, ölkədə prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait var. Belə əlverişli mühit ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycana rəhbərliyə qayıdışından sonra yaradılmağa başlayıb. Bu fikrin təsdiqi kimi tarixə qısa ekskurs etməyi vacib bilirəm.

1993-cü ilin ortalarında respublikada cərəyan edən siyasi proseslər növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Xalqın istək və tələbi ilə prezident seçkilərinə qatılan ümummilli liderin ölkəyə rəhbərlik etməsi hər kəsin arzusu idi. 1993-cü il sentyabrın 29-da növbədənkənar prezident seçkiləri ərəfəsində Milli Məclisin sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Heydər Əliyev öz proqramını bəyan etdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır.

Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.

Beləliklə, 1993-cü ilin oktyabrında müstəqil Azərbaycanın tarixində ilk demokratik prezident seçkiləri keçirildi. Bu seçki respublikamız üçün böyük və tarixi hadisə idi. Çünki XX əsrin sonlarında yenidən müstəqlliyinə sahib çıxmış Azərbaycanda ilk dəfə olaraq xalq siyasi iradəsini tam ortaya qoydu, dahi oğluna, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə məhəbbətini və etimadını bütün dünyaya nümayiş etdirdi.

Bundan sonra da Azərbaycanda keçirilən bütün prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığını bir daha sübut etdi, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş oldu.

Ümumiyyətlə, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda Milli Məclisə və bələdiyyələrə təyin olunan əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçki praktikası və mədəniyyəti illər boyu daha da yüksəlib. Təbii ki, bütün bunların əsasında Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanıb. Məhz elə buna görə də hazırda dünyaya inteqrasiya edən, demokratik prinsiplər əsasında irəliyə doğru addımlayan, Avropanın aparıcı dövlətlərindən birinə çevrilən Azərbaycanda keçirilən bütün prezident seçkiləri bir çox ölkələr üçün örnəyə çevrilib. Seçkilərin demokratik, ədalətli, şəffaf reallaşdırılması məqsədilə bütün imkanlardan istifadə edilib və beynəlxalq təşkilatların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib.

Yuxarıda qeyd edilənlər tam əminliklə deməyə əsas verir ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri də demokratik, ədalətli və şəffaflıq baxımından daha üstün olacaq. Xalqın mütləq əksəriyyətinin seçimi isə müasir Azərbaycanı dünyaya tanıdan, Oğuz-Qəbələ-Bakı su, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihələrini gerçəkləşdirən, uğurlu inkişaf strategiyası ilə ölkəni xoşbəxt gələcəyə aparan layiqli namizəd olacaq.

Sonda onu da demək istərdim ki, seçkilərin çox yüksək əhval-ruhiyyədə keçəcəyi şübhəsizdir. Çünki Azərbaycan müstəqilliyinin 27-ci ilində demokratiyaya yeni qədəm qoyan respublika deyil, artıq demokratiyanın təşəkkül tapdığı ölkələrdən biridir. Azərbaycan vətəndaşları isə bir neçə prezident, parlament və eyni zamanda, bələdiyyə seçkilərini geridə qoyan seçicilərdir. Ona görə də xalqımızın 11 aprel prezident seçkilərində fəal iştirakı ilə Azərbaycanın demokratik ölkələr ailəsində irəliyə doğru daha bir ciddi addım atacağına inanıram.

Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında