Azərbaycanda mükəmməl Seçki Məcəlləsi də var, səsvermə ənənəsi də

Ölkəmizdə istənilən seçkinin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazım olan şərait maksimum dərəcədə yaradılıb. Ona görə də apreldə keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara cavab verən səviyyədə təşkil olunacağına tamamilə inanıram. Əvvəla, ona görə inanıram ki, dövlətimiz təkcə bu seçkilərin deyil, ümumiyyətlə, bütün seçkilərin açıq və ədalətli keçirilməsində maraqlıdır. İkinci, ölkəmizin seçki qanunvericiliyi həm yerli mütəxəssislərin, həm də müvafiq beynəlxalq qurumları təmsil edən hüquqşünasların iştirakı ilə ən yüksək səviyyədə təkmilləşdirilib. Üçüncü, Azərbaycan xalqının özündə bir daxili seçki mədəniyyəti formalaşıb və beynəlxalq müşahidəçilər bizim seçki mədəniyyətimizi daim yüksək qiymətləndirirlər.

Bu, bir faktdır ki, sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını demokratik seçkilər təşkil edir. Ona görə də, bu sahədə əsas prioritetləri müəyyənləşdirmiş Azərbaycan Respublikasının Konstitusiyası, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə azad, demokratik seçkilərin hüquqi bazasının yaradılması üçün münbit mənbə olmuşdur.

Hələ müstəqilliyimizin kövrək olduğu 1996-97-ci illərdən etibarən Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Avropa Şurasının üzvü olduqdan sonra formalaşan əməkdaşlıq çərçivəsində seçki qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan ­Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə bağlı yekun rəylərdə bildirilmişdir ki, məcəllə seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamız Azərbaycanda demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur, hər bir vətəndaşın da dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Dövlətimizin Seçki Məcəlləsinin seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirməsi beynəlxalq mütəxəssislər tərəfindən də təsdiqlənmişdir. Avropa standartlarına uyğun tərtib olunmuş məcəllə Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin, referendumunun keçirilmə qaydalarını müəyyənləşdirmişdir.

Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işindəki müsbət məqamlar ATƏT, Avropa Şurası və ATƏT-in Parlament assambleyasından Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ölkəmizdə keçirilən seçkilərə dair rəylərində əksini tapmışdır. Mərkəzi Seçki Komissiyasının inzibati binasının açılış mərasimində çıxış edən dövlət başçısı demişdir: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər”.

Yəni reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Dövlətimiz seçkilərin əhəmiyyətini nəzərə alaraq, beynəlxalq təşkilatlarla istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu açıqlayır.

Məhz həmin məqsədlə də Mərkəzi Seçki Komissiyası bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək gənc müstəqil Azərbaycanın seçki təcrübəsini daha da zənginləşdirir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var və aprelin 11-də baş tutacaq səsvermə prosesi xalqın iradəsini əks etdirəcəkdir.

Təranə BALAYEVA,
Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin direktor müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında