Demokratik seçki ölkəmizin nüfuzunu daha da artıracaq

Azərbaycanda  prezident, parlament və bələdiyyə seçkilərinin şəffaf,  demokratik   və  Avropa standartlarına uyğun keçirilməsi artıq ənənə halını halıb. Seçki demokratiyanın əsas atributlarındandır. Hər dəfə ölkəmizdə seçki və ya referendum keçiriləndə  dünyanın diqqəti respublikamıza yönəlir. Ölkəmizdə şəffaf, azad və denokratik seçki keçirilməsinə mühüm önəm verilir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq  davam etdirilir.

Aprelin 11-də keçiriləcək prezident seçkilərinin də azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur.  Seçki hər bir ölkənin həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti  də bunu nəzərə alaraq,  istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün aparıcı beynəlxalq təşkilatların müsbət rəyini almış, müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla  sıx əməkdaşlıq edilmişdir. Bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün möhkəm hüquqi baza olaraq namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Ötən seçkilərdə AŞPA və Avropa Parlamenti, həmçinin digər ölkələrdən gəlmiş  müşahidəçilərin bəyanatında, rəylərində  seçki prosesinin azad, ədalətli və şəffaf keçdiyi öz əksini tapmışdır.  Mərkəzi Seçki Komissiyasının seçki üçün texniki hazırlığı yüksək dəyərləndirilmiş, seçki müşahidə missiyası seçkilərin demokratik, obyektiv, azad və ədalətli  keçirildiyini bildirmişdir.

Son illər ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Mən beynəlxalq müşahidəçilərlə birlikdə seçki məntəqələrini gəzərkən onların bəzi məsələlərə xüsusi maraq göstərdiyinin şahidi olmuşam. Müşahidəçiləri daha çox maraqlandıran yeniliklərdən biri səsvermə məntəqələrində veb-kameraların quraşdırılması idi.

Mərkəzi Seçki Komissiyası ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırmışdı. Seçki prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq, ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək seçkinin gedişini gün ərzində canlı izləyə bilərlər. ABŞ-dan gəlmiş müşahidəçi bu yeniliyin şəffaflığın təmin olunmasında böyük rol oynadığını qeyd edərək, öz ölkələrində də belə  veb-kameraların quraşdırılmasını təklif edəcəyini bildirmişdi.

 Qeyd edək ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur. Ötən seçkilərdə  seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılmışdı.

Seçkilərdə ölkə üzrə ümumi seçici fəallığı həmişə yüksək olub. Bu da  əhalinin seçkidə mütəşəkkil iştirakından xəbər verir. İnsanlar yerlərdə səs verərkən dərk edirlər ki, ölkənin gələcəyi, sosial-iqtisadi islahatların sonrakı gedişi, nəhayət bütün dünyada narahatlıq doğuran reallıqlar fonunda Azərbaycan iqtidarının titanik səyləri nəticəsində əldə edilmiş sabitliyin və inkişafın taleyi ilk növbədə onlardan asılıdır. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də bunun şahidi olduq. Bu seçki demokratiya quruculuğu, Azərbaycanda həqiqətən azad cəmiyyət və hüquqi dövlət yaradılması yolunda irəliyə doğru böyük addım oldu.

Seçkilərdə şəffaflığın təmin olunmasında müşahidəçilərin  rolu böyükdür. Hər seçkidə həm yerli, həm də beynəlxalq müşahidəçilərə seçkini izləmək üçün əlverişli şərait yaradılmasında da əsas  məqsəd şəffaflığın təmin olunmasıdır. Sonuncu prezident seçkisində  nüfuzlu beynəlxalq təşkilatlardan olan müşahidəçi və ekspertlərin ümumi sayı 1295 nəfər olmuşdu. Onlar dünyanın 100 ölkəsindən gəlmişdilər.  Ümumilikdə, 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli olmaqla müşahidəçi seçkinin gedişini izləyib. Beynəlxalq müşahidəçilərin hamısı seçkilərin şəffaflıq səviyyəsini, seçicilərin öz iradələrini sərbəst ifadə etməsi prinsiplərinə riayət olunmasını yüksək qiymətləndiriblər. Ötən seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi,  Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit-poll" keçirib.

Beynəlxalq müşahidəçilər arasında  AŞPA, MDB İcraiyyə Komitəsi və MDB Parlament Assambleyası, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA), GUAM-ın Parlament Assambleyası, QDİƏT Parlament Assambleyası, eləcə də ATƏT/DTİHB və ATƏT-in Parlament Assambleyası, həmçinin digər təşkilatlarının  nümayəndələrinin iştirakına şərait yaradılması Azərbaycan dövlətinin seçkilərin demokratik şəraitdə keçirilməsi üçün siyasi iradə nümayiş etdirməsindən xəbər verir. Müşahidəçilərin seçkilərin müşahidəsi ilə bağlı verilmiş mətbuat açıqlamalarında  həm parlament, həm də prezident seçkilərinin bütün ölkə üzrə sakit, dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini bildirməsi hər birimizdə qürur hissi yaradır.

Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də demokratikliyinə, şəffaflığına, azad və ədalətli olmasına görə Azərbaycanın  reytinqini daha da yüksəldəcək .

Kamil SEYİDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi,
siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında