Azərbaycan Respublikasında daha bir ümumölkə siyasi kampaniyası – növbəti prezident seçkisi start götürüb. Proses Seçki Məcəlləsinin tələblərinə tam əməl olunmaqla, hər kəsin gözü önündə, tam şəffaf şəkildə davam edir. Arzu edən hər kəs bu seçkidə gücünü sınaya, irəli çıxa bilər. Yəni nə qanunda, nə də onun icrasında heç bir vətəndaşın və siyasi liderin ölkənin ali postuna seçib-seçilməsinə hansısa yasaq yoxdur.
Seçki marafonunun başlanğıcında yalnız bir məqamı daxildəki və xaricdəki bədxahlar çək-çevir mövzusuna çevirmək istədilər, lakin heç nəyə nail ola bilmədilər. İşi-gücü hər şeydə bir pislik axtarmaq olanlar iddia etdilər ki, guya, seçkinin bir neçə ay qabağa keçirilməsi qanunlara uyğun deyilmiş. Hansı qanunlara? Bu sualın cavabını o qüvvələr verə bilmədilər. Çünki tutarlı arqumentləri yoxdur.
Bu il aprelin 11-də keçiriləcək prezident seçkisinin təyin edilməsi, prosesin başlanması Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi çərçivəsində həyata keçirilir. Şübhəsi olanlar ölkənin ən ali qanununu, eləcə də sahəyə aid digər qanunları açıb oxuya, buna əmin ola bilərlər. Əslində, prosesə saxta nəzərlərlə yanaşanlar da bunu yaxşı bilirlər. Ona görə də seçkinin bu il aprelin 11-nə təyin edilməsi nəinki mübahisə, heç müzakirə mövzusu belə ola bilməz.
Seçki varsa, seçim də var. Budəfəki seçkinin hədəfi ölkə prezidentinin seçilməsidir. Hazırda hər bir seçicini düşündürən sual da bununla bağlıdır: görəsən, ən layiqli namizəd kim olacaq? Biz seçki qanunlarını pozmamaq üçün konkret təşviqat aparmaq istəməzdik. Amma kimin ən yaxşı namizəd ola biləcəyi, nəticədə hansı siyasi liderin xalqın dəstəyini qazanacağı ilə bağlı şəxsi qənaətlərimizi (əslində, ümumi ictimai rəyi) dilə gətirmək istərdik.
Azərbaycan xalqı seçkiyə gedərkən ölkənin sabitliyini davam etdirəcək, iqtisadi inkişafı axsatmayacaq, əksinə, daha da sürətləndirəcək namizədə səs verəcək. Seçicilərin böyük əksəriyyəti üçün ən önəmli məsələ ölkənin artmaqda olan nüfuzunun daha da yüksəldilməsi, daxildə vətəndaş sülhünün və sabitliyin davamlı olmasıdır. Uzaq və yaxın coğrafiyada baş verənlər, uzun illərdən bəri bəzi ölkələrin qan içində boğulması, sabitliyə həsrət qalan milyonlarla körpənin, yaşlının, qadının dərbədər düşməsi Azərbaycan seçicisinin seçim qərarına birbaşa təsir edən amildir.
Seçicilər səsvermə məntəqəsinə gedərkən gözünün önündə altı-üstünə çevrilmiş Suriya, İraq, Liviya ilə bərabər, günü-gündən gözəlləşən, inkişaf edən Azərbaycanın şəhərləri, kəndləri də canlanacaq. Təbii ki, belə bir müqayisə seçim üçün ən yaxşı qərarın verilməsində öz sözünü deyəcək.
Azərbaycan seçicisi o liderə səs verəcək ki, həmin siyasətçi ölkənin ləyaqətini daim uca tutur, bu xətti davam etdirməkdə qətiyyətlidir. Seçici üçün Azərbaycanın vassal və ələbaxımlı dövlətə çevrilməsinin qarşısını almağı bacaran lider hamıdan üstündür. Azərbaycan vətəndaşı elə bir lideri ölkə prezidenti görmək istəyir ki, o müstəqil dövlətimizin başçısı kimi dünya dövlətlərinin və beynəlxalq qurumların rəhbərləri ilə bir sırada dayananda xarizması dərhal diqqəti cəlb etsin, hər birimizə öyünc gətirsin.
Bu yerdə bir sual da ortaya çıxır: bütün bu keyfiyyətləri özündə cəm edən siyasi liderimiz çoxdurmu? Təəssüf ki, prezidentlik iddiasında olanlarımızın arasında xalqın gözündə lider kimi ucalan siyasətçimiz nadirlik təşkil edir. Ən əsası isə odur ki, ən yaxşı seçim etmək üçün hər cür demokratik şərait və ən yaxşı namizəd var. Xalq onun arzularını gerçəyə çevirən, dinc, firavan gələcəyini təmin edəcək liderin kim olduğunu yaxşı bilir.
Azərbaycan xalqı ağı-qaradan seçməkdə mahirdir. Seçicilər budəfəki seçim məqamında da öz xalqına arxalanıb onu irəli və yüksəlişə aparmağı bacaran liderin arxasında möhkəm dayanacaq.
Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.