Tək Azərbaycanda deyil, dünyanın bütün ölkələrində Vətən sevgisinin, vətəndaşlıq borcunun nə demək olduğunu, ilk növbədə, əhalinin ziyalı təbəqəsi nümunə kimi ortaya qoyur. İnsanlar həmin sevginin müqəddəsliyini ziyalıların əməlində gördüyü kimi, vətəndaşlıq borcunun yerinə yetirilməsi zamanı da ilk növbədə onların arxasınca gedirlər.
Biz Azərbaycan ziyalılarının sözünün, səsinin qüdrətini Yeni Azərbaycan Partiyasınımn yaranması zamanı da görmüşük, ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsində də və 1993-cü ilin payızından sonra keçirilən bütün seçkilərdə də. 2015-ci ildə keçirilmiş parlament seçkiləri isə həmin arqumentin təsdiqinin daha bir sübutu idi. Yəni, seçki təcrübəmiz artdıqca, səsvermələrin daha ədalətli, daha obyektiv keçirilməsinə nail oluruq. Odur ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində xalqımızın növbəti uğura imza atacağına tam əminik.
Məlumdur ki, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm prinsiplərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədilə seçki kampaniyası boyunca müxtəlif metod və qaydalardan, o cümlədən fərqli müşahidə formalarından istifadə olunur. Bu sırada aşkarlıq institutunun müxtəlif elementləri, yəni yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələrinin yaxından iştirakı, beynəlxalq metod kimi tətbiq olunan “exit poll” keçirilməsi, seçki komissiyalarının şəffaf fəaliyyəti, eyni zamanda, qaynar xətt, internet resursları və son illər ölkəmizdə geniş tətbiq olunan veb-kameralar mühüm rol oynayır. Bütün bunlar seçki prosesini əvvəldən-axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və nəhayət, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu sadalanan amillərin hamısı gənc müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar sırasındadır.
Fəxr edilməli başqa bir məqam da ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən bütün seçkilərdə məmnuniyyətlə iştirak edir və şahidi olduqları seçki həqiqətləri barədə rəylərini dünyanın hər yerində yayırlar. Məsələn, ölkəmizdə keçirilmiş sonuncu parlament seçkilərində -- 2015-ci ilin oktyabrında müşahidə prosesinə 40 beynəlxalq təşkilat və 57 ölkəni təmsil edən 503 beynəlxalq müşahidəçi də qatılmışdı. Bundan başqa, dünyanın nüfuzlu 27 beynəlxalq kütləvi informasiya vasitələrindən 42 KİV təmsilçisi də MSK tərəfindən müvafiq lövhəciklə təmin edilmiş və seçkiləri sərbəst şəkildə işıqlandırmışlar.
Ölkəmizin seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi 2015-ci il seçkilərində də davam etdirilib. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) veb-kameralar quraşdırılmışdı. Təbii ki, 11 aprel prezident seçkilərində həmin kameraların sayı daha da çox olacaqdır.
Mən bir vətəndaş kimi, 2015-ci ildə keçirilmiş parlament seçkiləri ərəfəsində şahidi olduğum bir faktı alqışlayaraq yada salıram və inanıram ki, aprel seçkiləri ərəfəsində həmin faktın iki-üç qatının şahidi olacağıq. Belə ki, beynəlxalq (xarici) qurumların ölkəmizdə keçirilən seçkilərə marağını nəzərə alaraq, seçki ərəfəsində MSK sədrinin Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası, MDB Parlament Assambleyasının müşahidə missiyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyəti, MDB-nin seçki müşahidə missiyası, Türk Şurasının, Avstraliya Parlamentinin və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətləri ilə, Rusiya, Latviya, Litva və Belarus MSK-larının sədrləri ilə, eləcə də Rumıniya, Malayziya, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın MSK-larının nümayəndə heyətləri və digərləri ilə müxtəlif səviyyələrdə Mərkəzi Seçki Komissiyasında görüşləri keçirilmiş, seçkilərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Əminəm ki, aprelin əvvəllərində bu qəbildən olan daha çox görüşlər olacaqdır.
Biz Azərbaycan ziyalıları inanırıq ki, 2018-ci ilin prezident seçkiləri xalqımızın və dövlətimizin tarixində daha parlaq bir addım kimi yadda qalacaq. Çünki seçkilərin ədalətli, şəffaf, obyektiv, beynəlxalq standartlara cavab verən şəkildə keçirilməsi üçün mükəmməl Seçki Məcəlləmiz də var, dövlətin qətiyyəti də, xalqın istəyi də, beynəlxalq təşkilatların dəstəyi də. Bizim dövlətimiz və xalqımız kimi, beynəlxalq ictimaiyyət də arzu edir ki, regionda sürətlə inkişaf edən, lider dövlətə çevrilən Azərbaycanın tərəqqi və inkişafı davam etsin.
Yüz illərin təcrübəsi isə sübut edir ki, istənilən tərəqqinin təməlində daxili sabitlik, əmin-amanlıq, milli birlik, sosial ədalət və beynəlxalq münasibətlərdə yürüdülən mehriban qonşuluq siyasəti dayanır. Diqqətlə nəzər salsaq, görərik ki, bütün bunların hamısı müasir Azərbaycan həqiqətləridir.
Natiq İBRAHİMOV,
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.