Bu yaxınlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda vurğulandığı kimi, bölgələrdəki yaşayış məntəqələrinin müasir tələblərə uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilir.
Ümumiyyətlə, regionlarımızda şəhərsalma prosesi necə gedir, bu sahədə hansı problemlər mövcuddur? Bu və ya digər sualları cavablandırmaq üçün regionlarda şəhərsalma üzrə bir sıra layihələrin rəhbəri Cahid Həsənovla görüşdük.
O bildirdi ki, son illər istər respublikamızın paytaxtında, istərsə də regionlarımızın şəhər və qəsəbələrində şəhərsalmanın müasir üsul və metodlarından məharətlə istifadə olunur. Səhər və qəsəbələrdə yeni tipli məktəblər, uşaq bağçaları, inzibati binalar tikilir, yollar abadlaşdırılır, parklar və xiyabanlar salınır, müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır.
Əvvəllər yerli icra orqanlarına yeni tikintilərin aparılmasına icazə verilirdi. Ona görə də primitiv, müasir şəhərsalma tələblərinə cavab verməyən tikintilər inşa edilirdi. Lakin son illər bu sahədə ciddi dəyişikliklər baş vermiş, indi şəhərin memarlıq ənənələrinə uyğun müasir tipli layihələr tələb olunur. Bu da müasir şəhərsalmada çox vacib məsələdir. Bunun nəticəsidir ki, bu gün regionlarımızın şəhər və qəsəbələri yeni görkəm alır, ildən-ilə gözəlləşir.
– Konkret olaraq regionlarda həyata keçirilən hansı layihələrinizin adlarını çəkərdiniz?
– Biz Lənkəranda şəhərsalma ilə bağlı bir neçə layihəni reallaşdırmışıq və bu gün onlar şəhərin görkəminə xüsusi estetik yaraşıq verir. Ağstafada da bir layihəmiz reallaşdırılıb. Bu, musiqi məktəbinin ud formasında olan binasıdır.
Sumqayıt bulvarının Bakı Dənizkənarı Milli Parkı səviyyəsində yenidən qurulması da möhtəşəm layihələr sırasındadır. Burada bizim də layihəmiz var və artıq bu layihəni qismən reallaşdırmışıq. 80 hektar əraziyə malik olan bu guşə unikal istirahət yerlərindən birinə çevrilmişdir. Sumqayıtda Bayraq Muzeyin də, YAP-ın şəhər təşkilatı üçün inzibati binanın ətrafında da işlər aparmışıq.
Gəncə bulvar kompleksində Azərbaycanda ilk dəfə olaraq modern üslubda “Əli və Nino” heykəli ucaldılmışdır. Biz bu layihəni reallaşdırmaq üçün yer seçərkən qərara aldıq ki, “Əli və Nino” abidəsi əsərin qəhrəmanının öldürüldüyü Gəncə körpüsünün yaxınlığında qoyulsun. Belə də oldu. “Əli və Nino” heykəli Şərq koloriti nəzərə alınmaqla modern üslubda yaradılıb.
– Regionlarda şəhərsalmanın hansı spesifik xüsusiyyətləri var?
– Biz hər bölgənin öz memarlıq xüsusiyyətlərini öyrənməli və bu irsin qorunub saxlanması üçün tədbirlər görməliyik. Hər regionun tarixi memarlıq nümunələrinin atributları yeni inşa edilən binalarda da istifadə olunmalıdır. Yerli tikinti materiallarından daha çox istifadə olunması vacibdir.
– Son vaxtlar mətbuatda sizin “Sarı gəlin” abidə-kompleksinin layihəsini hazırladığınız barədə məlumatlarla rastlaşırıq. Bu layihənin ideyası necə yarandı?
– Xalq mahnılarımız içərisində “Sarı gəlin” artıq əbədiyaşarlıq qazanmışdır. Bu mahnı bizim milli-mənəvi sərvətimizə çevrilmişdir. Son illər düşmənlərimiz həyasızcasına bu mahnını öz adlarına çıxarmağa səy göstərirlər. Əslində, hər dəfə də öz layiqli cavablarını alırlar. Biz də fikirləşdik ki, belə bir abidə kompleksi yaratmaqla, onu tariximizin daş yaddaşında da əbədiləşdirək.
– Bu kompleksin layihəsi haqqında bir az ətraflı məlumat verərdiniz.
– Hazırladığım layihədə heykəlin hündürlüyü 5 metr olacaq, hər saatdan bir fırlandıqca məşhur balabançı Əlixan Məlikovun ifasında “Sarı gəlin”inin musiqisi ətrafa yayılacaq. Tanınmış modelyer Fəxriyyə Xələfova ilə də bu barədə məsləhətləşmişik, Fəxriyyə xanım heykəlin geyim eskizlərini hazırlamağa razılıq verib. Həmişə kreativ təklifləri dəstəkləyən istedadlı modelyer bu heykəlin siması kimi “Sarı gəlin” rəqsinin ifaçısı Röya Əliyevanı gördüyünü də bildirib.
– Bir memar kimi “Sarı gəlin” heykəlinin yerini harada görürsünüz?
– Bu barədə çox götür- qoy etmişik, Gəncə şəhər rəhbərliyi ilə bu barədə danışıqlar aparmışıq. İlkin razılıq əldə olunmuşdur. Mənə belə gəlir ki,“Sarı gəlin” abidə kompleksi Gəncənin gözəlliyinə yeni bir çalar gətirəcək.Belə qərara gəlmişik ki, abidənin qoyulmasından sonra hər il “Sarı gəlin” musiqi festivalı keçirilsin.
– Siz həm də reklam sahəsinin mütəxəssisi kimi tanınmısınız. Bir neçə ay əvvəl Dövlət Reklam Agentliyi yaradıldı. Bu qurumun fəaliyyətə başlamasını necə dəyərləndirirsiz?
– Dövlət Reklam Agentliyinin yaradılması təkcə biz mütəxəssislərin deyil, həm də reklamverici şirkətlərin ürəyincə olan bir addımdır. Çünki uzun illər idi istər Bakıda, istərsə də ayrı-ayrı bölgələrimizdə açıq hava reklamlarının yerləşdirilməsində pərakəndəlik, hərc-mərclik hökm sürürdü. Şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələr, nə qədər qəribə olsa da, hətta “Azəravtoyol” da reklam məsələsi ilə məşğul olurdu, hər qurum öz diktəsini yeritməyə, qayda-qanun tətbiq etməyə çalışırdı. Bu sahədə özbaşınalıq və şəffaflığın olmaması daxil olan vəsaitlərin dövlət büdcəsindən yayınmasına yol açırdı, ayrı-ayrı sahibkarlara, reklamverici şirkətlərə süni maneələr yaradılırdı. Regionlarda durum daha acınacaqlı idi. Təsəvvür edin ki, rayonların bəzilərində əvvəllər 7-8 reklam şirkəti normal fəaliyyət göstərdiyi halda, son vaxtlar həmin şirkətlər iflasa uğramışdı.
Agentliyin fəaliyyətə başlaması ilə təkcə paytaxtımızda deyil, regionlarda çalışan reklamçıların da işi vahid mərkəzdən əlaqələndiriləcək. Şəxsən mənim və həmsöhbət olduğum həmkarlarımın Dövlət Reklam Agentliyinə ümidlərimiz böyükdür. Zənnimizə, qarşıdakı 6 ayda bu sahədə dirçəlişin şahidi ola biləcəyik. Prezidentin sərəncamı ilə Aydın İbadovun yeni yaradılan quruma direktor təyin olunması ümidlərimizi bir qədər də artırır. Çünki Aydın müəllim bu sahəni mükəmməl bilən, ABŞ, Rusiya və digər qabaqcıl ölkələrin təcrübəsini mənimsəmiş, zəngin erudisiyaya malik mütəxəssislərdən biri sayılır.
– Agentliyin işini gücləndirmək üçün hansı təklifləriniz var?
– Təbii ki var, agentliyin direktoru Aydın İbadovla və onun formalaşdırdığı peşəkar komandanın üzvləri ilə bir neçə dəfə görüşmüşəm. Təqdim etdiyim konsepsiya əsasında faydalı müzakirə aparmışıq. Onu da qeyd edim ki, Dövlət Reklam Agentliyi təklif və müzakirələrə açıq olan qurumdur.
–Gələcək işləriniz barədə nələri demək istərdiniz?
– Bir layihəmiz Sumqayıtda görkəmli ictimai xadim Əziz Əliyevin adını daşıyan parkın salınması ilə bağlıdır. Bu layihə də Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Park Sumqayıt Dram Teatrı binasının arxasında yaradılacaq. Artıq Əziz Əliyevin büstü hazırdır. Parkın layihəsi isə tamamlanmışdır. Bu layihənin reallaşması ilə Sumqayıtın yeni bir istirahət guşəsi yaradılacaq.
Görüləsi işlər çoxdur. Regionlarımızdakı şəhər və qəsəbələrin daha da gözəlləşməsi üçün yeni layihələrin hazırlanması işlərini davam etdiririk.
Müsahibəni qələmə aldı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.