Distant təhsil humanizm prinsiplərinə cavab verir

{nl}

Səbail rayonundakı 219 nömrəli evdə məktəbdə "Elektron məktəb" layihəsi çərçivəsində distant təhsil tətbiq edilir
2007-ci ildən başlayaraq ölkəmizdə beynəlxalq təşkilatlarla birlikdə "Elektron məktəb" layihəsi həyata keçirilir. Məqsəd təhsilin inkişafı və müasirləşdirilməsi, məktəbin idarə edilməsi prosesində, tədrisdə informasiya texnologiyalarından geniş istifadənin təmin olunmasıdır.
Təhsilin informasiyalaşdırılması istiqamətində görülmüş işlərin sistemli olaraq davam etdirilməsi və təhsil sistemində İKT-nin tətbiqinin daha yüksək mərhələdə inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Artıq layihə də bu proqram çərçivəsində reallaşdırılır.
2010-cu ildə isə məsafədən təhsili inkişaf etdirmək üçün Səbail rayonunda respublikada yeganə olan evdə məktəbdə-219 nömrəli orta məktəbdə "Elektron Təlimləndirən Sistemlər" layihəsinə başlanılmışdır.
Məktəbin direktoru Sədaqət Məmmədova demişdir:
-Məqsədimiz evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Təqdimatı ötən ilin mayında Təhsil Nazirliyində keçirilmiş layihəni "Nobel-T" MMC reallaşdırır.
-İndiyədək hansı işlər görülmüşdür?
-Bəri başdan deyim ki, layihənin konsepsiyası Təhsil Nazirliyi Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasında müzakirə olunmuş və zəruri tövsiyələr verilmişdir. Ona nail olmağa çalışırıq ki, xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların təhsilə maraqları daha da artsın, onların təhsilində valideynlərin rolu müəyyənləşsin, uşaqların psixoloji vəziyyəti yaxşılaşsın. Layihənin icrasına məktəbimizin xüsusi qayğıya ehtiyacı olan 30 nəfər 7-ci sinif şagirdi və bu sinifdə dərs deyən yüksək elmi-pedaqoji təcrübəyə malik müəllimlər cəlb olunmuşdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün distant tədris metodlarından istifadə edəcək müəllimlər artıq layihənin həyata keçirilməsində tərəfdaş təşkilat olan "Mədəd" təşkilatının treninqlərində olmuş, İKT-nin təhsildə tətbiqi üzrə xüsusi bilik və bacarıqlara yiyələnmişlər. Layihədə iştirak edən bütün şagirdlərə kompyuter avadanlığı təqdim olunmuşdur. Xatırladım ki, "Nobel-T" MMC-nin əməkdaşları və psixoloqları layihədə iştirak edən 30 şagirdin hər biri ilə görüşmüş, onların fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma şəraiti ilə yaxından tanış olmuşlar. "Nobel-T" MMC-nin tərkibində "Məsafədən tədris" mərkəzi yaradılmışdır. Bu mərkəzdə 3 bölmə -metodoloji tədris bölməsi, psixoloji-pedaqoji təhsilin fəaliyyəti bölməsi və məsafədən təhsilin elmi-texniki bölməsi fəaliyyət göstərir.
-Layihədən nə gözləyirsiniz?
-Yuxarıda qeyd etdiyim kimi, əsas məqsədlərimizdən biri sağlamlıq imkanları məhdud olan uşaqların həm də cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
-Xahiş edirəm, distant təhsil və onun əhəmiyyəti barədə qısa da olsa məlumat verin.
- Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. O, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Çeviklik , modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər bu təhsilin xarakterik xüsusiyyətlərinə aiddir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.
Distant təhsilin bir çox tərifi var, ona çatdırma metodu da deyirlər. Distant təhsil termini bir çox təlim - öyrətmə metodlarına aid edilə bilər. Bununla belə, əsas şərt müəllim və şagirdin müəyyən vaxtlarda ayrı - ayrı yerlərdə olmalarıdır. Müəllimin və öyrənənin texnoloji ayrılığından irəli gələn distant təhsil və onun nəticəsi öyrənənin ehtiyacından asılıdır.
Distant təhsil humanizm prinsiplərinə cavab verir. Axı, heç kəs yoxsulluq, cəmiyyətdən müvəqqəti təcrid olunması, fiziki qüsuruna görə ümümtəhsil məktəbinə gedə bilməməsi üzündən təhsil almaqdan məhrum olmamalıdır. Məhz distant təhsil əhalinin bütün təbəqələrinə təhsil almaq imkanı verir; o, ənənəvi təlimdən ucuz başa gəlir; təlimin səmərəliliyi təmin olunur; məsafə maneə törətmir-kompyuter və internetə çıxışın olması kifayətdir; təhsildə məsafə texnologiyasının payı ildən-ilə artdığı üçün bu təhsil formasının perspektivi vardır; distant təlim üçün ən yeni materiallar əldə etmək mümkündür; bu təlim formasında sərfəli fərdi dərs cədvəli tərtib etmək mümkündür.
Yeri gəlmişkən, mütəxəssislər distant təlim formasını XXI əsrin təhsil sistemi adlandırırlar. Distant təlim mövzusunun aktuallığı ondadır ki, əvvəllər ictimai tərəqqinin yekunları texnologiya sahəsində toplandığı halda, indi informasiya sahəsində cəmlənir. Artıq informasiya erası gəlmişdir. Hazırda onun inkişaf mərhələsi telekommunikasiya kimi xarakterizə olunur. Bu, ünsiyyət, informasiya və bilik sahəsidir. Bu mənada professional bilik tez köhnəlir, onları daim təkmilləşdirmək tələb olunur. Təlimin distant forması bizə, saat qurşağından və məkandan asılı olmayaraq, kütləvi fasiləsiz özünütəhsil, ümüumi informasiya mübadiləsi sistemi yaratmağa imkan verir. Bundan əlavə, hər kəs sosial vəziyyətindən, yaşadığı ərazidən asılı olmayaraq təhsil və informasiya almaq hüquqlarını reallaşdıra bilir. Məhz bu sistem cəmiyyətin tələbinə adekvat reaksiya verir və hər bir vətəndaşa təhsil sahəsində konstitusiya hüququnu gerçəkləşdirməyə kömək edir.
-Distant təhsil qiyabi təhsili əvəz etmir ki?
-Xeyr. Bu təhsil formalarını qarışdırmaq olmaz. Onların başlıca fərqi ondadır ki, distant təhsildə sistemlilik, səmərəli interaktivlik təmin olunur. O, yeni təlim formasıdır. Əlbəttə, ona tam muxtar sistem kimi də baxmaq olmaz. Çünki bu təhsilin də məqsəd və məzmunu əyani təlimdə olduğu kimidir. Sadəcə olaraq, distant təhsildə materialın verilməsi forması, müəllim-şagird qarşılıqlı münasibəti fərqlidir. Distant təlimin təşkilinin didaktik prinsipləri (elmilik, sistemlilik, fəallıq, inkişafetdiricilik, əyanilik, differensiyalaşdırma və fərdiləşdirmə və s.) də əyani təhsildə olduğu kimidir. Spesifikliyi isə yeni təlim formasında, internet informasiya məkanından istifadə imkanındadır. Ümumiyyətlə, distant təlimi təhsilin ümumi sistemində görsək də, onu sistem və proses kimi fərqləndiririk.
-Bəs bu sistemin səmərəsi kimdən və ya hansı amillərdən asılıdır?
-Distant təlimin səmərəliliyi internetdə şagirdlə məşğul olan müəllimlərdən asılıdır. Bu müəllimlər universal hazırlığa malik olmalıdırlar: müasir pedaqoji və informasiya texnologiyalarını bilməli, şəbəkədə uşaqla işləmək üçün özünü psixoloji cəhətdən hazırlamalıdır. Əlbəttə, informasiya təminatı infrastrukturu da həllivacib problemdir.
Təkrar edirəm, bizim reallaşdırdığımız layihənin timsalında distant təhsil sağlamlıq imkanı məhdud olan uşaqlara təhsil almaq imkanı yaradır. Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir.
-Siz bayaq belə uşaqların cəmiyyətə inteqrasiyasının zəruriliyini qeyd etdiniz...
-Mən həmişə müəllimlərimizə bir fikri dönə-dönə vurğulayıram: sağlamlıq imkanı məhdud olan uşaqlara bu qüsurlarını özlərinə dərd etməyə imkan verilməməlidir. Bu mənada distant təhsil işimizi yüngülləşdirir. Çünki bu cür təhsilin subyektləri bir portalda bir-biri ilə tanış olur, vahid informasiya məkanında ünsiyyət qururlar. Onlar hətta sağlam insanlara dərs öyrədə bilərlər. Əlil uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvlərinə çevrilərlər. Bu üsul eşitmə orqanlarını itirən insanlara da təhsil verə bilər. Sadəcə, bunun pedaqoji və sosial aspektləri işlənib hazırlanmalıdır. "Ünsiyyət" demişkən, internetdə məktəbimizin forumu da fəaliyyət göstərir. Uşaqlarımız bu forumda bir-biri ilə tanış olurlar.
-Sistemin şagird üçün əhəmiyyəti aydın oldu. Bəs o, məktəb rəhbərliyinə, müəllimə, valideynə nə verir?
-Layihədə iştirak etmək təhsil prosesinin bütün iştirakçılarına geniş imkanlar açır. Məktəb rəhbərliyi üçün: təlim prosesinin idarə olunmasını optimallaşdırır; məktəbdə pedaqoji kadr çatışmazlığını kompensasiya edir; məktəbin vahid ümumtəhsil informasiya mühitini formalaşdırır; şagird kontingentinə tələbat ödənir; əlavə təhsil üçün imkanlar genişlənir; şagird üçün fərdi plan tərtib edilir.
Müəllimlər üçün: o, internet-məktəbin tədris materialları üzrə keyfiyyətcə yeni dərs təşkil edib keçir; şagirdləri imtahana səmərəli hazırlayır; onlara fərdi və differensial qaydada yanaşmanı təmin edir; şagirdlərin fəallığını yüksəldir; innovasiya təhsil texnologiyasını mənimsəməklə özünün peşəkarlıq kateqoriyasını yüksəldir.
Valideynlər üçün: övladının ümumtəhsil problemini həll edir; övladının imtahan verəcəyi fənləri dərindən öyrəndiyinə əmin olur; uşağın çətinlik çəkdiyi fənndən ona kömək edə bilir; təlim prosesində iştirak edib övladının uğurlarını izləyir, uşağın problemini müəllimlə distant müzakirə edir.
Sonda məktəbimizin müəllim və şagirdlərinə göstərdikləri qayğıya görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, "Nobel-T" MMC-nin rəhbərliyinə təşəkkürümü bildirirəm.

{nl}


Vahid SƏFİXANOV

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında