Azərbaycan daha bir ili nailiyyətlərlə başa vurdu

Ölkə daxilində həyata keçirilən hərtərəfli islahatların və beynəlxalq aləmdə reallaşdırdığımız siyasi-diplomatik tədbirlərin nəticəsidir ki, geridə qalan istənilən ili böyük uğur və nailiyyətlərlə başa vururuq. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında həmin uğurların xeyli hissəsi növbəti dəfə yada salındı və ürəyi Azərbaycanla döyünən istənilən soydaşımız həmin göstəriciləri eşidərkən, qürur hissi yaşadı. Həm dövlət başçımızın giriş və yekun nitqlərində, həm də digər natiqlərin çıxışlarında səsləndirilən fakt, rəqəm, arqument və mülahizələr sübut edirdi ki, biz, doğru yoldayıq.

Əlbəttə, tərəqqi və inkişaf həyatımızın bütün sahələrində özünü göstərir. Ancaq mən gənc müstəqil dövlətimizin xarici siyasətdə qazandığı bəzi uğurları daha çox qabartmaq istəyirəm. Təbii ki, bizim xarici siyasətimizin əsas hədəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu istiqamətdə konkret nəticələr olmasa da, apardığımız xarici siyasət nəticəsində mövqelərimiz 2017-ci ildə daha da möhkəmləndi. Belə ki, separatçı rejim tərəfindən Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nəinki qonşu ölkələr, hətta Avropa İttifaqı, eləcə də bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.

Dövlət başçımızın 2017-ci ilin uğurlarından danışarkən xüsusilə qeyd etdiyi ikinci məsələ isə ondan ibarətdir ki, Ermənistan keçən il qeyd-şərtsiz olaraq danışıqlara qoşulmağa məcbur edildi. Belə ki, Sarkisyan rejimi əvvəllər danışıqlara qoşulmaq üçün ortaya müxtəlif şərtlər qoyurdu. Aprel məğlubiyyətindən sonra isə Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Yəni münaqişənin nizamlanması üçün aparılan danışıqlar qeyd-şərtsiz bərpa edildi.

Azərbaycan Prezidenti ümid etdiyini bildirdi ki, danışıqlar nəticəsində məsələnin həllinə nail ola bilərik. Təbii ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Artıq dünyada hamı bilir ki, aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Həmin məğlubiyyət onlara başa salıb ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Həm İrəvan rəhbərliyi, həm bütün ermənilər, həm də beynəlxalq aləmdəki ermənipərəst qüvvələr gördülər ki, ötən il Azərbaycanın qaçqın və köçkünləri işğaldan azad edilmiş torpaqlarımızın bir hissəsinə qayıtdılar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra normal həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı xalqımızın və dövlətimizin əyilməz ruhunun rəmzidir. Cocuq Mərcanlının bərpası bizim 2017-ci ildəki qələbəmiz, böyük qayıdışın başlanğıcı, eləcə də, qürur mənbəyimizdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.

Bütün bunlar və Nazirlər Kabinetinin dünən keçirilən geniş toplantısında səsləndirilən digər faktlar sübut edir ki, xalq-iqtidar həmrəyliyi və dövlətimizin gündən-günə qüdrətlənməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günü sürətlə yaxınlaşdırır.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında