Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırılmasında yeni səhifə

Millət vəkili Musa Qasımlı bildirib ki, prezident tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir: “Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu”.

M. Qasımlı əlavə edib ki, cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlandı: “Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyik yubileyinin keçirilməsi haqqında”,  “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı.  Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və b. nəşr edildi. Görülən işlər heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci ilin Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər  xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında