Milli dövlətçilik ideologiyamız olan azərbaycançılıq məfkurəsini tarixi-kulturoloji baxımdan geniş araşdırmış dilçi akademik, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov dünyada yaşayan soydaşlarımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsində bu ideologiyanın ildən-ilə artan rolunu açıqlayaraq bildirdi:
– Bir neçə gün əvvəl, illərin qovuşub-ayrıldığı əlamətdar bir təqvim günündə – Yeni il şənliklikləri ilə eyni vaxtda 50 milyonluq xalqımızın birlikdə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ümummilli lider Heydər Əliyevin ən yeni tariximizə bəxş etdiyi möhtəşəm bir ümumxalq bayramıdır. Bu bayram dünya azərbaycanlılarına eyni bir ananın övladları olduqlarını anladır, onları məfkurə telləri ilə bir-birinə bağlayır, milli varlığımızın çevrəsinə, xalqımızın birlik və həmrəylik yoluna gur işıq salır. Ulu öndərin dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığı və Prezident İlham Əliyevin daim rəhbər tutduğu azərbaycançılıq məfkurəsi artıq dünyada yaşayan hər bir soydaşımızın qəlbinə hakim kəsilərək, onları ciddi ümummilli hədəflərə yönəldir.
Azərbaycançılıq xalqımızın, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, son əsryarımda formalaşan və formulə olunan, nəhayət, kifayət qədər mürəkkəb və zəngin bir təkamül keçən milli ideologiyasıdır. Bu ideologiya türkçülük, islamçılıq və müasirlik kimi üç üzvi tərkib hissədən ibarətdir. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir.
Azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək, xalqın milli mənafeləri naminə həyata keçirilməsi müstəqillik epoxasının ən önəmli tarixi gerçəkliyidir. Bu məsələ ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Bunun da mənfi nəticələri özünü ümummilli inteqrasiyanın, mütəşəkkilliyin süni olaraq pozulması, yaxud zəifləməsi kimi göstərmişdir.
XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də mühacirətdə biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulmaq üçün hər cür cəhdlər edilmişdir. Azərbaycançılığın, az-çox, təzahürləri müxtəlif mənəvi-ideoloji istiqamətlərə, məsələn, liberal vətənpərvərliyə yönəldilməklə amorflaşdırılmış və ya simasızlaşdırılmışdır.
Mühacirətdə isə azərbaycançılıq sosial bazası olmayan romantik xəyallara çevrilmişdir. Bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısı həm adminstrativ-aqressiv, həm diplomatik-aldatma, həm də ekspressiv-şirnikləndirmə yolları ilə kəsilmişdi. Lakin ümummili lider Heydər Əliyev respublikamıza birinci rəhbərliyi və sovet dövlətinin ali rəhbərlərindən biri olduğu dövrdə mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını dirçəltmiş və möhkəmləndirmişdir. Müstəqilliyimizin başlanğıcında isə ulu öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etmişdir.
Son iki onillikdə böyük rəhbərin bu tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda “heydər əliyevçilik” anlayışı azərbaycançılıq məfkurəsinin yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir.
İstər sovet dövrünün məlum və ağır şərtləri daxilində, istərsə də müstəqillik dövrünün ondan da mürəkkəb və ziddiyyətli illərində ümummilli lider Azərbaycanı – Azərbaycan və Azərbaycan xalqını – Azərbaycan xalqı edəcək bütün milli-mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün zəruri tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və qürurla “bizim siyasətimiz-- bizim işimizdir” deməsinə əsas verə bildi.
Akademik Nizami Cəfərov daha sonra qeyd etdi:
– Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dünyada yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını müasir mərhələdə Azərbaycan dövləti uğurla gerçəkləşdirir. Ulu öndərin ideya və əməllərinin ən layiqli varisi Prezident İlham Əliyevin bu xətti davam etdirməsi heç bir alternativ qəbul etməyən zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, məzmununu bütövləşdirən konseptual siyasətdir. Hər şeydən əvvəl, ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, dinə mənsub olub ortaq mental xüsusiyyətlərin, adət-ənənələrin daşıyıcısıdırlar. Üstəlik, onların eyni bir dili mövcuddur.
Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də ümumbəşəri bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır. Ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün müstəqillik illərində məqsədyönlü, inadlı, ardıcıl mübarizə aparılmışdır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil.
Azərbaycançılıq ideologiyasının xalqımızın insanlıq haqlarına qovuşmasına göstərdiyi önəmli təsirdən bəhs edən müsahibimiz daha sonra dedi:
– Tarixi tale elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən-biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən-dördü öz tarixi Vətənində min illərlə necə məskun olmuşdursa, bu gün də elə yaşayır.
Azərbaycan xalqının və insanının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması təsəvvürlərinin sürətlə aradan qaldırılması baxımından görülən işlər və onun uğurlu nəticələri də olduqca sevindiricidir. Nəzərə almalıyıq ki, azərbaycanlılarda on illər (hətta əsrlər) belə bir yanlışlıq olmuşdur. Ziyalıların bir qisminin ana dillərindən və prinsip etibarilə mənsub olduqları xalqdan imtina edib müxtəlif əcnəbi dillərdə danışıb- yazmaları, özlərinə əcnəbi soyad formaları qəbul etmələri və s. həmin “gerilik” kompleksinin təzahürləri idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi.
Azərbaycançılıq anlayışının bütün dünyada yüksəldilməsi nəticəsində bu gün heç bir azərbaycanlı özünü bir rusdan, bir almandan, bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, yeni rəmzlərini yaradan şəhərlər (xüsusilə Bakı), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, belə demək mümkünsə, onun mənəvi saflaşmasını təmin edən hadisələrdir.
Bugünkü Azərbaycan gerçəkliyinin bütün dünyada diqqətçəkən bir cəhəti də müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər.
Müsahibimiz sonda dedi:
– Bütün bu deyilənlər yalnız bugünlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək taleyini, xarakterini də müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının yeni tipli, modern düşüncəli lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi ildönümünün xoş duyğularını yaşamaqda davam etdiyimiz bir məqamda azərbaycançılıq məfkurəsinin dünya boyu uğurla yayılmasını, soydaşlarımızı vahid bir hədəfə – milli həmrəyliyə səfərbər etdiyini düşünmək olduqca qürurverici bir duyğu-düşüncədir. Yeni ildə və qarşıdakı mərhələdə milli dövlətçilik məfkurəmiz olan azərbaycançılığa daha uca mövqe, xalqımıza möhkəm birlik, sarsılmaz həmrəylik arzu edirik!
Çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.