İslam Hüseynov: Rusiyada əksəriyyət bilir ki, azərbaycanlılar düşmən yox, dostdurlar

Artıq 2018-ci ilə qədəm qoyduq. Ötən ilin uğurları, problıemləri həm dövlət səviyyəsində, həm də ictimai müstəvidə kifayət qədər müzakirə olundu və nəticə çıxarıldı. Azərbaycan dövlətinin daxili və xarici siyasətdə atdığı məsulyyətli addımlar, qarşılıqlı əməkdaşlığa söykənən dostluq xətti, xaricdə yaşayan azərbaycanlıların həmrəylik mövzusu, diasporumuzun inkişafı ötən il də diqqət mərkəzində oldu.

Müxtəlif ölkələrdə qərarlaşan Azərbaycan diasporu artıq kifayət qədər təşkilatlanmışdır. Bunu istər Qərbi Avropada, istər okeanın o tayında, istərsə də postsovet ölkələrində müşahidə etmək mümkündür. Doğrudur, inkişafla bərabər qarşıya süni şəkildə çıxan problemlər müşayiət edilsə də, düşmənlərin informasiya manipulyasiyası ilə mübarizə şəraitində keçsə də, bütövlüklə qürbətdə yaşayan soydaşlarımız əvvəlki onillikillərə nisbətən, daha da fəallaşıb və milli məsələlər ətrafında daha sıx birliyə nail olublar. Xüsusilə, dünyanın ən böyük Azərbaycan diasporu sayılan Rusiya azərbaycanlıları bu mövzuda ən çox öyrənilməyə və təbliğ olunmağa ehtiyac duyulan kontingent hesab olunur. Bu baxımdan, Rusiyanın böyük şəhərlərindən hesab olunan Ulyanovskda azərbaycanlıların vəziyyəti, ictimai proseslərdə iştirakı, təşkilatlanması, bütövlükdə, bu nəhəng ölkədəki diaspor quruculuğu barədə vilayətin regional milli-mədəni muxtariyyətinin sədri İslam Hüseynovla söhbətləşdik.

– İslam müəllim, sizin ictimai fəaliyyətiniz dövlətimiz tərəfindən qiymətləndirilmişdir. 2011-cı ildə siz Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmisiniz. Bundan əvvəl Rusiya Federasiyasının “Xalqlar Dostluğu” ordeni ilə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən isə fərqlənmə medalı ilə təltif olunmusunuz. İstərdik ki, bu sahədəki fəaliyyətiniz barədə ətraflı danışasınız.

– Mən 2005-ci ildən diaspor fəaliyyəti ilə məşğulam. Hazırda Ulyanovsk Regional Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədriyəm. Ulyanovsk vilayətində təxminən 30 minə qədər azərbaycanlı yaşayır. Bu, bizim regionun ən böyük diaspor təşkilatıdır. Əvvəla onu deyim ki, son on ildə diasporumuz kifayət qədər təşkilatlanmış və Ulyanovsk vilayətinin ictimai həyatının tərkib hissəsinə çevrilmişdir. Qeyd edim ki, biz Ulyanovsk Vilayəti Qubernatorluğunun nəzdində Milli Şuranın üzvlüyünə qəbul olunmuşuq. Bu, bizə imkan verdi ki, diasporumuzun səsi yüksək dairələrdə eşidilsin. Məqsədimiz aydın idi. Azərbaycan xalqının dostluq və mehriban qonşuluq münasibətlərini regionda nümayiş etdirdik. Səmərəli sosial-mədəni və xeyriyyə layihələrinin reallaşmasında imkanlarımızı nümayiş etdirməyə fürsət əldə etdik. Ötən illərdə bu istiqamətdə xeyli iş görülmüşdür.

Mən onların ən əhəmiy-yətlilərindən bir neçəsini qeyd etmək istərdim. Regionlararası səviyyədə hər il vaxtaşırı olaraq, xalqlar dostluğuna həsr olunmuş mini futbol yarışları keçirdik. Eyni zamanda, Novruz bayramını da böyük təntənə ilə hər il qeyd edirik. Bu bayram vilayətin mərkəzi konsert zalında təşkil olunur və minlərlə tamaşaçının diqqətini cəlb edir. Müslüm Maqomayevin xatirə gecəsini təşkil etdik və inanın ki, bu, Ulyanovskda böyük mədəni hadisəyə çevrildi. Xeyriyyə işlərimiz vaxtaşırı olaraq, uşaq bağçaları və məktəblərə yönəldilir. Bunu xüsusi ilə qeyd etmək istəyirəm ki, şəhərin 78 nömrəli orta məktəbi ilə sıx əlaqələrimiz var. Onun divarlarına Azərbaycan milli-mədəni muzeyinin eksponatları, nümunələri vurulmuşdur. Diaspor üzvlərimiz məktəb tədbirlərimizin fəxri qonaqlarıdır. Təbiidir ki, biz buraya boş əllə gəlmirik, pedaqoji kollektivlərlə birlikdə məktəblilər üçün müxtəlif aksiyalar keçirilir.

2010-cu ildə Azərbaycanın birinci-vitse prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məktəbin əsaslı təmirinə kömək göstərdi. Təsadüfi deyil ki, 2014-cü ildən bu məktəb Heydər Əliyevin adını daşıyır. Bu təşəbbüsü biz irəli sürdük və istəyimiz şəhər hökuməti tərəfindən təsdiq olundu.

– Azərbaycanımızın dəyərləri, görkəmli şəxsiyyətlərimizin, tanınmış simalarımızın adlarının əbədiləşdirilməsi və təbliğ olunması ilə bağlı rəhbərlik etdiyiniz diaspor qurumu konkret hansı addımları atıb?

– 2009-cu ildə yerli hökumətlə qarşılıqlı münasibətlər şəraitində vilayətin sakinləri və diasporun iştirakı ilə Rusiyada Heydər Əliyevin abidəsi açıldı və onun ətrafındakı sahədə bu böyük şəxsiyyətin adını daşıyan meydan yaradıldı. Bu fakt bir də onunla əlamətdardır ki, həmin meydanın açılışına hər iki ölkənin prezidenti – İlham Əliyev və Dmitri Medvedev təşrif buyurmuşdular. Bu, bizim vilayətdə formalaşan diasporumuzun tarixində olduqca önəmli hadisə hesab olunur və hər birimizin yaddaşında xoş xatirə kimi qalmaqdadır. Bundan əlavə, diaspor qurumunun rəhbərliyi ilə xalqımızın böyük simalarından olan Nəriman Nərimanovun abidəsini qoyduq. Tarixi hadisəyə çevrilmiş bu təntənəli açılışlardan sonra Ulyanovsk bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyan şəhərə çevrildi.

Əlavə edim ki, üçqat Avropa və ikiqat SSRİ çempionu Zəfər Quliyev adına güləş turnirinin, Azərbaycan SSR-in ilk qrossmeysteri Vladimir Bağırovun xatirəsinə həsr olunmuş şahmat yarışlarının keçirilməsini də təklif etmişik. Biz eyni zamanda, Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin yaradıcılığını mütəmadi olaraq təbliğ edirik. Biz Ulyanovskda “Dərviş teatrı” təşkil edərək Qubernator mədəniyyət sarayının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını nümayiş etdirmişik. Bütün bu işlər qarşıya qoyduğumuz mədəni-humanitar tədbirlər silsiləsinin tərkib hissəsidir ki, Rusiyada azərbaycanlıların mövqeyinin möhkəmlənməsinə xidmət edir.

– Rusiyada ən böyük Azərbaycan cəmiyyətlərindən biri də məhz Ulyanovsk şəhərindədir. Vilayətdə otuz minə qədər soydaşımız yaşayır. Azərbaycanlıların orada bir-birilə əlaqələri, diaspor işində həmrəyliyi barədə nə deyə bilərsiniz?

– Əlbəttə, bu qədər azərbaycanlının sıx tellərlə bir-birinə bağlı olmasında qurum olaraq, bizim üzərimizə böyük məsuliyyət düşür. Elə məsələlər var ki, bu, hər bir adamın daxilindən gələn hiss olmalıdır. Lakin bizim bu məsələ ilə bağlı tədbirlərimiz, aksiyalarımız, mərasimlərimiz mühüm əhəmiyyət daşıyır. Bəli, bu gün birmənalı şəkildə deyə bilərəm ki, bizim diaspor təşkilatı regionda yaşayan həmyerlilərimiz üçün dayaq nöqtəsinə çevrilmişdir. Əvvəla, biz bir-birimizlə əlaqə yaratmağa, yaxınlaşmağa çalışdıq. İkincisi, imkan yarandı ki, birgə fəaliyyətin ümumi işimiz olduğunu dərk edək. Üçüncüsü, azərbaycanlıların hüquqlarının müdafiəsi üçün bizim sıx münasibətlərimiz, təşkilatlanmağımız mühüm rol oynadı. Bu təşkilatlanma sayəsində miqrasiya strukturları və daxili işlər orqanları ilə konstruktiv münasibətlər yarandı. Bundan əlavə, minlərlə kilometr Vətəndən uzaqda olsaq da, hər bir azərbaycanlı öz Vətəninin, öz xalqının mədəni və sosial həyatının bir hissəsi kimi qalmaqdadır. Yəni milli birlik olan təqdirdə, həm yaşadığın ölkənin, həm də öz ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha yaxından dəstək olmaq mümkündür.

– Deyirlər ki, diaspor fəaliyyətində sayca çoxluqdan daha vacib olanı işin keyfiyyətidir. Bəs böyük qonşumuz Rusiyada necə, azərbaycanlılar milli, həmçinin mənəvi məsələlərdə təşkilatlana bilirlərmi?

– Mən bu suala Prezident İlham Əliyevin Ulyanovsk torpağında dediyi sözlərlə cavab vermək istəyirəm. O deyib ki, öz gözlərimlə bu abidələri və meydanları, sizin gülər üzünüzü, isti münasibətinizi gördükcə, bir daha dərk edirəm ki, Azərbaycan və Rusiya, sözün həqiqi mənasında, əsl dostdur. Bütün ölkələr arasında belə münasibətlər olsa, yer üzündə möhkəm sülh və harmoniya mövcud olar.

Rusiya azərbaycanlılarına maksimum imkan verilib ki, öz milli və şəxsi identifikasiyalarına aid keyfiyyətləri göstərsinlər. Əlbəttə, bu o demək deyil ki, biz bunların hamısından istifadə edirik. Ancaq imkan daxilində istifadə etməyə çalışırıq. Əgər fəal mövqe varsa, təkcə danışmaq kifayət deyil, işləmək də lazımdır. Bunun üçün heç bir bürokratik maneə yoxdur. Təhsil almaq, karyeranı qurmaq, o cümlədən dövlət və hökumət orqanlarında işləmək istəyirsənsə, sənə heç kəs mane olmur. Diaspor fəaliyyəti ilə məşğul olmaq istəyirsənsə, qapılar açıqdır. Bu baxımdan özümüzün də istəyimizdən çox şey asılıdır. Əvvəlcə birlik nümayiş etdirməyi özümüz istəməliyik ki, nəticə hər zaman qənaətbəxş olsun.

– Azərbaycan və Rusiya dövlətlərinin dərin, qarşılıqlı əməkdaşlığa söykənən siyasi, iqtisadi, mədəni münasibətləri mövcuddur. Bunun oradakı azərbaycanlılara nə dərəcədə təsiri vardır?

– Şübhəsiz ki, təsiri var. Nə vaxt ki, ölkələrin liderləri dostluq nümayiş etdirirlər, bu, təbii olaraq, regionlara da sirayət edir. Eyni zamanda, sadə adamların münasibətlərinə təsir göstərir. Əksər rusiyalılar dərk edirlər ki, azərbaycanlılar düşmən deyil, müttəfiq və dostdurlar. Bəli, məişət millətçiliyi bütün xalqlarda hələ də yaşayır. O cümlədən Rusiyada da buna cəhd edənlər vaxtaşırı olaraq görünürlər. Lakin bu, tədricən aradan qalxır və cəmiyyət üzərində ciddi təsirə malik deyil.

– Rusiyada ÜAK-ın (Ümumrusiya Azərbaycanlıları Konqresi) ləğvi Azərbaycanda ciddi etirazla qarşılanmışdı. Sizcə, gələcəkdə, sizin də vaxtılə təmsil olunduğunuz ÜAK-ı əvəz edəcək fundamental təşkilatın yaranması potensialı varmı?

– Bəli, həmin potensial var. Axı Rusiyada milyonlarla azərbaycanlı yaşayır. İctimai işlərdə xüsusilə tələbat çoxdur. Bu işin üzərində çalışanlara Allah səbr və qüvvət versin. Bu, həqiqətən çox mürəkkəb və ağır işdir. Əgər Rusiyada yeni federal diaspor təşkilatı yaransa şəxsən mən bunu alqışlayacaq və dəstəkləyəcəyəm. Fikrimcə, digər diaspor liderləri də bu işi dəstəkləyəcəklər. Mən Prezident İlham Əliyevin dünya Azərbaycanlıların IV qurultayında dediyi sözləri yaxşı xatırlayıram: “Qoy çoxlu diaspor təşkilatı yaransın, qoy onlar bir-birilə rəqabətə girsinlər. Dəqiq və ağıllı çərçivədə, təbii ki. Bu, ümumi işimizin xeyrinədir.”

– Nə vaxtsa həmişəlik Vətənə dönməyi düşünürsünüz, yoxsa
Ulyanovskda hələ görüləcək çox işləriniz var?

– Siz doğru buyurursunuz, bu barədə fikirləşmək hələ tezdir. Hesab edirəm ki, hələ görüləcək çox iş var. Azərbaycanın milli maraqlarını təmsil etməyimiz üçün regional milli-mədəni muxtariyyətimizin fəaliyyətini daha da genişləndirməyi düşünürük.

Söhbəti qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında