“Müstəqil Azərbaycan dünyada yaşayan soydaşlarımızın qibləgahıdır”

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə redaksiyamıza ünvanladığı yazıda duyğu-düşüncələrini belə ümumiləşdirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Azərbaycan Mətbuat Şurası idarə heyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkəti yayım şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirir:

– Saysız-hesabsız müjdələri, sevincləri, uğurları ilə müstəqillik tariximizi zənginləşdirən 2017-ci il artıq başa çatır. Hər il olduğu kimi, bu il də geri dönüb “nə etdik, nəyə nail olduq” – deyərək keçənlərə nəzər salanda böyük məmnunluq yaranır. İlin başa çatması həm də bizim üçün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlamətdardır. Necə deyərlər, bayram bayrama qarışır, illərin qovuşub-ayrıldığı bu nadir gündə dünyanın hər tərəfinə səpələnmiş on milyonlarla soydaşımızla həmrəylik nümayiş etdiririk.

Yeni il öz yerində, bu həmrəylik bayramımızda Azərbaycan diasporunun fəaliyyətinə də nəzər salmağa gərək var. Bu ilin noyabrında Brüsseldə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, politologiya professoru Əli Həsənovun əsas məruzəçi kimi qatıldığı diaspor məclisində mən də iştirak etmişdim. Əsas təşkilatçı qismində Diasporla İş üzrə Dövlət Komitəsinin çıxış etdiyi tədbir əsasən terror, bölücülük, işğal məsələlərinə həsr edilmişdi. Bu konfransda beynəlxalq səviyyəli, dünyaca tanınan ekspertlər önəmli mövzular ətrafında obyektiv çıxışları ilə beynəlxalq aləmə ədalətli mesajlar verdilər. Təbii ki, toplantıya əsas yön verən Azərbaycan rəsmisi Əli Həsənovun əhatəli məruzəsi idi. O, məsələyə, sadəcə, ölkəmizin maraqları baxımından deyil, həm də qlobal perspektivdən yanaşmaqla beynəlxalq ictimaiyyətin diqqətini bir daha erməni təcavüzünə, onun bəşəri sülhə vurduğu zərbəyə məharət və inandırıcılıqla yönəltdi.

Uzun illərdir ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor nümayəndələrilə əlaqələri, işbirliyi olan vətəndaş cəmiyyəti təmsilçisi kimi bu beynəlxalq konfransda diqqətimi çox pozitiv bir məqam çəkdi: tədbirə müxtəlif ölkələrdən təşrif buyurmuş diaspor təmsilçilərimiz arasında heç bir fikir ayrılığı yox idi. Hamı həmrəy idi, mehribançılıq və qarşılıqlı anlaşma hökm sürürdü. Bəlkə də oxucu üçün bu təəccüblü deyil. Amma mənim üçün fərqli bir təəssürat yarandı. Buvaxtadək Azərbaycan diaspor nümayəndələri hansısa ölkədə bir araya gələndə qarşılıqlı ittihamlar, bir-birinə qarşı sərt fikirlər də səslənirdi. Bəzən ən ümdə məsələlər bir kənara atılaraq hansısa xırda maraqlar önə çəkilirdi. Nəhayət, bu məclisdə görünməmiş bir həmrəylik vardı, hamı çəkici bir zindana vururdu. Heç bir fərqli və mövzudan kənar fikir səslənmədi. Qarabağ, terror, bölücülük və işğal məsələlərində diaspor nümayəndələrimiz vahid mövqedən çıxış edərək illərdən bəri arzusunda olduğumuz həmrəyliyi nümayiş etdirdilər.

Həmkarımız daha sonra yazır:

– Doğrudan da, il qovuşanda, geriyə nəzər salanda milli düşüncənin inkişafı və diaspor quruculuğunda ciddi irəliləyiş olduğunu görməmək mümkün deyil. İllər öncə Azərbaycandan bu və ya digər səbəbdən Avropaya, Amerikaya köçənlər o ölkələrdə hansısa zərərli mərkəzlərin təsiri altına düşür, antiazərbaycan fəaliyyətlərinə kütləvi şəkildə qoşulurdular. Halbuki Azərbaycanın o insanların dərdlərimizi dilə gətirməsinə ciddi ethiyacı vardı və bu gün də var. Lakin həmin adamlar bunun fərqinə varmır, hətta bəzən ermənilərlə bir səfdə yer tutaraq, məhz Azərbaycana qarşı fəaliyyətlərdə iştirak edirdilər. Bu ziyanlı duruma vaxtında diqqət yetirən dövlətimiz məsələni həll etmək üçün addımlar atmağa başladı və bu gün nəticə göz qabağındadır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi və Diasporla İş üzrə Dövlət Komitəsi, digər uyğun qurumlar, media və QHT-lər diasporun ölkəmizə qarşı deyil, Azərbaycan üçün işləməsinə nail ola bildi. Burada əsas diqqət Azərbaycan dövlətinin və xalqının maraqlarına yönəldildiyi üçün belə bir uğurlu nəticə əldə edildi. Yəni Azərbaycan hakimiyyəti diaspor fəallarını dövlət maraqları ətrafında səfərbər etdi və ümummilli həmrəyliyə nail oldu. Diaspor fəallarımızın, demək olar ki, hamısı məhz Azərbaycanın maraqları naminə çalışır, uğurlar qazanır və dövlətimizin müsbət imicinin möhkəmlənməsi üçün əlindən gələni edir.

Məktub belə bitir:

– Artıq müstəqil Azərbaycan dövləti dünyada yaşayan soydaşlarımızın qibləgahıdır. Bu gerçəklik bir daha təsdiq edir ki, bir vaxtlar ulu öndər Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı, Prezident İlham Əliyevin ötən 14 ildə layiqincə həyata keçirdiyi diaspor siyasəti özünü doğruldub. Burada ana xətt kimi Azərbaycanın dövlət maraqlarının əsas götürülməsi ən doğru seçimdir və məhz ona görə də belə ciddi uğur əldə edilib.

Belə bir xoş ovqatla bütün dünya azərbaycanlılarını Yeni il və həmrəylik günü münasibətilə ürəkdən təbrik edir, onlara bundan sonra də məhz Vətənimiz, dövlətimiz və xalqımız naminə fəaliyyətlərində uğurlar diləyirəm.

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında