Məlum olduğu kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar qiymətləndirilmə apararaq, seçici fəallığı, əhalinin baş verən proseslərə münasibətinin müəyyənləşdirilməsi məqsədi ilə rəy sorğusu keçirib. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sorğu barədə fikirlərini bildirib:
– Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bugünə kimi həyata keçirdiyi daxili və xarici siyasət, mütərəqqi islahatlar, əlbəttə ki, vətəndaşların diqqətini cəlb etməyə bilməz. Son on ildə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri tərəfindən məsləhət, məşvərət edilən dövlətə çevrilib. Təsəvvür edirsiniz, nəhəng Rusiya dövlətinin rəhbəri ilə Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan İran liderinin iki görüşünün Prezident İlham Əliyevin vasitəçiliyi ilə keçirilməsi heç kəsin diqqətindən yayınmadı. Bu, onu göstərdi ki, Cənubi Qafqazda atılan istənilən addım dövlət başçımızın iştirakı olmadan həyata keçirilmir.
Ötən ay hamının həsrətlə gözlədiyi Bakı-Tbilisi-Qars dəmir yolunun möhtəşəm açılış mərasiminin baş tutması, Türkiyə və Gürcüstan prezidentlərinin açılışda iştirakı Azərbaycan dövlətinin qarşısına qoyduğu məqsədi reallaşdırmaq gücündə olduğunu bir daha göstərdi. Bu, həm daxili siyasətə, eyni zamanda, xarici siyasətimizə təsir edəcək layihə idi.
Hətta Yaxın Şərqdə baş verən son siyasi dəyişikliklərə də diqqət yetirsək, Türkiyədə İƏT üzvlərinin toplantısının keçirilməsi, ABŞ Prezidenti Donald Trampın qərarının müzakirəsində də Azərbaycan dövlətinin qətiyyətli mövqeyi özünü göstərdi. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, bizim ölkəmiz dünyada sülhün və ədalət prinsiplərinin qorunmasında maraqlı ölkədir. Bu gün regionda hər hansı bir layihə həyata keçirilən zaman Azərbaycanın rəyi öyrənilirsə, bizimlə məsləhətləşmələr aparılırsa, deməli, respublikamız sayılıb-seçilən dövlətlərdəndir.
Sorğunun nəticələrindən də görürük ki, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib. Vətəndaşlarımız istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Özlərini demokratik ölkə kimi təqdim edən əksər dövlətlərdə hər gün qarşıdurmalar, icazəsiz mitinqlər, aksiyalar keçirilir. Yerli hakimiyyət isə həmin aksiyaları gözyaşardıcı qazla, rezin güllələrlə, polis dəyənəkləri, atlar və itlərlə dağıdır.
Bu gün xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçımızın qətiyyəti, dünyada dəstəklənən mövqeyi doğma yurdlarından didərgin salınmış soydaşlarımızın gələcəyə olan inamını daha da artırmışdır. Xüsusilə, ötən ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın etməsi, 24 ildən artıq bir vaxtda işğal altında olan ərazilərimizin, habelə strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklərin düşməndən azad edilməsi əhalinin dövlətimizin başçısı ətrafında daha sıx birləşməsini şərtləndirir. Artıq məcburi köçkün soydaşlarımız doğma ocaqlarına qayıdırlar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 ildən sonra yerli əhalinin toy–bayram etməsi Böyük qayıdışın başlanğıcı oldu. Hər cür şəraiti olan 50 ev artıq kənd sakinlərinin ixtiyarına verilib. Bu gün-sabah daha 100 ailə doğma kəndlərində məskən salacaq. Hər cür infrastruktura malik 100 ev tam hazır vəziyyətdə sakinlərin yolunu gözləyir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsidir.
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.