Bu günə kimi keçirilmiş bütün sorğuların nəticələri xalqın Prezident İlham Əliyevə yüksək inamının və etimadının təcəssümüdür

Azərbaycan son illər dünyaya özünün uğurlu inkişaf modelini təqdim edən nadir ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət, vətəndaş cəmiyyətinə əsaslanan yeni inkişaf modelinin mərkəzində, əsasən, insan amili, onun rifahı dayanır. Son illər həyata keçirilən siyasi kurs Azərbaycanın dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirib. Bütün bunlar xalqın Prezidentə olan inam və etibarını daha da artırıb. Məhz bunun nəticəsidir ki, ölkədə keçirilən seçkilərin hamısında Prezident İlham Əliyev bütün rəqiblərini böyük üstünlüklə arxada qoyur. Bu, bir faktdır ki, bu gün Azərbaycanda ölkəyə rəhbərlik etməkdə dövlətimizin başçısına alternativ namizəd yoxdur. Bunu  “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi rəy sorğusu da təsdiqləyir.

2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələri əsl həqiqəti əks etdirir. Sorğuda respondentlərə təqdim olunan “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz”– sualına respondentlərin 85,2 faizi Prezident İlham Əliyevə – deyə cavab verib. Sözsüz ki, bu nəticə xalqın Prezident İlham Əliyevə, onun yeritdiyi daxili və xarici siyasətə, ölkənin gələcək uğurlarına dərin inamını ifadə edir.

Ölkədə reallaşan sosial, siyasi və iqtisadi islahatların, həyata vəsiqə almış beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələrin təməlindəki əsas faktorlardan biri dövlət başçımızın daxili və xarici siyasətinə xalqın mütləq əksəriyyətinin dəstək göstərməsidir. Elə bu səbəbdən də Azərbaycan, hətta, dünyada ciddi maliyyə-iqtisadi böhran şəraitində belə inkişaf templərini qoruyub saxlayaraq, iqtisadiyyatını uğurla şaxələndirir, beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Artıq republikamız regional və qlobal təhlükəsizlikdə sabitləşdirici faktor kimi çıxış edir. Təbii ki, bu amillər Azərbaycanın nüfuzunun getdikcə artmasına öz təsirini göstərməyə bilməzdi. Son illər baş verən bir sıra hadisələr müasir dünyanın problemlərinin Bakı platformasında çözülməsini bir daha təsdiqləyir. Dünyanın aparıcı dövlətləri ilə birgə reallaşdırılan layihələr respublikamızı regionun aparıcı söz sahibinə çevirib. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş və praqmatik siyasətinin məntiqi nəticəsidir.

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən aparılan sorğunun nəticələri də bu həqiqəti bir daha ortaya qoydu. Sorğuya görə ölkədə vəziyyətin stabil olduğu qənaətində olan rəyi soruşulanların 92,8 faizi aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halında yüksələn xətt üzrə dəyişikliklərin olduğu fikrini bölüşüb. Dövlət başçısının yüksək reytinqini şərtləndirən digər parametrlərə gəlincə, rəy sorğusunda onlar belə yer alır. Rəyi soruşulanların 83,7 faizi  Azərbaycanın son beş ildə düzgün istiqamətdə inkişaf etdiyini, 91,4 faizi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti, 84,7 faizi daxili siyasəti dəstəklədiyini, 67,4 faizi Aprel döyüşlərindəki qələbə və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı nümunəsini dəstəklədiklərini bildiriblər.

Ümumiyyətlə, istər beynəlxalq təşkilatların, istərsə də yerli qurumların keçirdikləri bütün rəy sorğularında respodentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bildirib. Bir neçə faktı diqqətə çatdırmaq istərdim. 2006-cı ildə ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) noyabrın 17-dən dekabrın 20-dək 1400 nəfər şəxs arasında sorğu keçirmişdi. Sorğunun nəticələrinə əsasən, vətəndaşların 52 faizi Azərbaycandakı ümumi vəziyyətdən razı qaldığını bildirmişdi. Rəyi soruşulanların ümumilikdə 85 faizi Prezident İlham Əliyevə inandığını, onlardan 60 faizi dövlət başçısına tamamilə etibar etdiyini demişdi.

ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının 2009-cu il iyulun 31-də keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanda rəyi soruşulanların 77 faizi dövlət başçımızın fəaliyyətini dəstəklədiyini ifadə etmişdir. İki il sonra – 2011-ci ildə “Gallup International” dünyanın 51 ölkəsində “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğu keçirib. Sorğunun  nəticələrinə görə, Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub. Eyni zamanda, rəyi soruşulan Azərbaycan vətəndaşları həyat səviyyələrinin yüksələcəyinə inandıqlarını ifadə etmişlər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa Qonşuluğu Barometri” layihəsi çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında keçirilən sorğuda respondentlərin 65 faizi öz həyatlarından razı olduqlarını bildirmişlər. Sorğuda iştirak edənlərin 92 faizi Prezident İlham Əliyevə inandığını ifadə etmişdir. Rəyi soruşulanların 60 faizi ölkədə gedən demokratik proseslərin nəticələrini müsbət qiymətləndirmiş, 48 faizi isə ölkənin düzgün strateji inkişaf xətti seçdiyini bildirmişdir.

Başqa bir sorğunu ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti keçirmişdir. Həmin sorğuda da respondentlərin 86 faizi Prezident
İlham Əliyevi dəstəklədiyini bildirmişdi. AJF-in icraçı direktoru Corc Birnbaum sorğunun nəticələrini şərh edərək demişdir: “Biz bu məlumatın dəqiqliyinə əminik... Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir. Bu da Prezident
İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək”.

İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin (Böyük Britaniya) 2013-cü il sentyabrın 11-dən 16-dək  Azərbaycanda 42 yaşayış məntəqəsi üzrə 1550 nəfər arasında aparılan tədqiqat göstərmişdir ki, seçkiyə qatılanların 88,7 faizi öz səsini Prezident İlham Əliyevə verəcək. Həmin vaxt prezidentliyə digər namizədlərə çox az səs verilmişdir.

Belə faktlar yüzlərlədir. Bütün rəy sorğularının nəticələrində xalqın inandığı və etibar etdiyi şəxs yalnız Prezident İlham Əliyev olmuşdur. Sorğunun nəticələrini araşdıran zaman Azərbaycanın dinamik inkişafı, davamlı iqtisadi yüksəlişi, ölkədə sosial problemlərin uğurlu həlli, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi, həmçinin Azərbaycanın dünya miqyasında nüfuzlu ölkəyə çevrilməsi bir daha özünü açıq şəkildə büruzə verir. Bütün bunlar Prezident İlham Əliyevin yüksək reytinqini əsaslandıran amillərdir.

Ötən ilin Aprel döyüşlərindən sonra xalq Azərbaycanda güclü və qüdrətli ordunun formalaşdığının şahidi oldu. Elə bir ordu ki, işğal altında olan ərazilərimizi hər an düşməndən azad etməyə qadirdir. 24 il düşmən nəzarətində olan ərazilərimizin dörd gün ərzində azad edilməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yenidən həyatın qaynaması, yerli sakinlərin doğma ocaqlarında təhlükəsiz yaşaması ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdacaqlarına böyük inam yaradıb. Bütün bunların nəticəsi olaraq, ölkə əhalisi Prezident İlham Əliyevi qarşıdan gələn dövrdə Azərbaycanın inkişafını və qarşıda duran məsələlərin həllini təmin edəcək yeganə qüvvə hesab edir.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında