Xəbər verildiyi kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, əhalinin baş verən proseslərə münasibətinin müəyyənləşdirilməsi məqsədi ilə rəy sorğusu keçirmişdir. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini dəstəkləyən respondentlər 84,7 faiz olub. Rəy sorğusunun nəticələri barədə Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikirlərini öyrəndik. O dedi:
– Mən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəy sorğusu ilə tanışam. Necə deyərlər, görünən dağa nə bələdçi? Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Regionda hər hansı bir layihə həyata keçirilən zaman Azərbaycanın rəyi öyrənilirsə, bizimlə məsləhətləşmələr aparılırsa, deməli, respublikamız sayılıb-seçilən dövlətlərdəndir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində qəbul edilən dövlət proqramları, qanunvericilik aktları və həyata keçirilən tədbirlər dünyanın heç bir ölkəsində yoxdur. Artıq respublikamızda hər il bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanmasına adət etmişik. Ənənə halını alan bu xeyirxah missiya hər il minlərlə ailəyə ikiqat bayram sevinci bəxş edir. Bunların hamısı təbii ki, dövlətimizin başçısının demokratik proseslərə, insan hüquq və azadlıqlarının müdafiəsinə və əhalinin həyat tərzinin yaxşılaşdırılmasına verdiyi yüksək önəmin bariz nümunəsidir.
Rəy sorğusundan söhbət düşmüşkən qeyd edim ki, beynəlxalq təşkilatların da keçirdikləri rəy sorğularında Prezident İlham Əliyev müdrik dövlət başçısı, dünyada “Ən xeyirxah lider” kimi qəbul edilir. Bu ilin yayında Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrini xatırlatmaq istərdim. Həmin sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah lider” seçilib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir” – sualı təqdim olunub. Rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Onu da qeyd etmək vacibdir ki, xeyirxah liderlər sırasında Prezidentimizdən sonra ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdə qərarlaşıb. Xatırladaq ki, Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.
Bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik meyillərini müəyyənləşdirməklə proqnozların verilməsi və təkliflərin yaranmasına imkan verir. Hesab edirəm ki, Azərbaycanda belə sorğuların keçirilməsi zamanı respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz”– sualını verməyə ehtiyac yoxdur. Çünki xalq birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşib və alternativ namizəd görmür. Bunu rəy sorğusunun nəticələri də təsdiqləyir. Fikir verin, rəyi soruşulanların 85,2 faizi yenidən Prezident İlham Əliyevə səs verəcəyini bildirb.
Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib. Mən deyərdim ki, bu göstəricilər hələ azdır. Çünki hər bir kəs istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Özlərini demokratik ölkə kimi təqdim edən əksər dövlətlərdə hər gün qarşıdurmalar, icazəsiz mitinqlər, aksiyalar keçirilir. Yerli hakimiyyət isə həmin aksiyaları gözyaşardıcı qazla, çirkli sularla, rezin güllələrlə, polis dəyənəkləri, atlar və itlərlə dağıdır. Bizim ölkəmizdə isə mitinq və aksiyalar keçirmək üçün şəhərin mərkəzində müvafiq yerlər ayrılıb. Hətta aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunur. Təbii ki, insanlara belə şərait yaradan dövlət başçısı növbəti illərdə də xalqın böyük etimadını qazanmalıdır.
Rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildirib. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Bu da təbiidir. Son illər Azərbaycanın səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də təsadüfi deyil. Bu, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olmasını təsdiqləyən təkzibolunmaz faktdır.
Daxili siyasətə gəlincə isə, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal və sənaye müəssiələrinin yaradılması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına əlverişli şəraitin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, maaşların, pensiyaların yüksəldilməsi, həmçinin ordu quruculuğuna xüsusi önəm verilməsi xalqın ürəyincədir. Bütün bunlardan sonra növbəti prezident seçkilərində seçicilərin dövlətimizin başçısı cənab İlham Əliyevə alternativ namizəd görməməsi təbiidir.
Söhbəti təqdim etdi:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.