Beynəlxalq Bakı konfransı İslam həmrəyliyinə öz töhfələrini verəcək

Bu günlərdə Bakıda keçirilmiş “2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırdı. Amma konfransın əks-sədası uzun zaman İslam dünyasının fikrini məşğul edəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş və geniş İslam aləmini əhatə etmiş beynəlxalq tədbirin hazırkı dünyada ciddi ehtiyac duyulan İslam həmrəyliyi işinə özünün böyük töhfələrini verəcəyinə əminik.  

Beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndənin, o cümlədən tanınmış dövlət, din və elm xadimlərinin, 8 beynəlxalq təşkilat rəhbərləri və təmsilçilərinin, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələrinin, dini konfessiya rəhbərlərinin, hökumət və parlament üzvlərinin, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etməsi tədbirin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Təsadüfi deyildir ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopolun patriarxı I Varfolomey, Moskva və bütün Rusiya Patriarxı Kirill, Ümumgürcüstan katolikos-patriarxı II İliya konfrans iştirakçılarına məktub ünvanlayıblar və bunun özü də tədbirə verilən önəmi göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin konfransın açılışında etdiyi çıxışın isə İslam dünyasının birləşməsində mühüm rol oynayacağına inanıram. Prezident bildirdi ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır. “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.

Azərbaycan Prezidenti “2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransdakı çıxışında ölkəmizin müsəlman birliyinin yaranmasında çox maraqlı olduğunu qeyd etdi: “Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, ISESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl ISESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq”.

Şübhəsiz ki, Azərbaycan Prezidentinin bu fikirləri İslam dünyasında birlik və həmrəyliyin yaranmasına öz təsirini göstərəcək. Bu gün bütün İslam ölkələrinin bu birliyə ehtiyacı var. Bu istiqamətdə bütün müsəlman ölkələri fəaliyyət göstərməlidir. Bu gün İraqın, Liviyanın, Suriyanın və digər ölkələrin küçələrində günahsız axıdılan qanları görəndən, Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyini biləndən sonra həmrəyliklə bağlı səylərimizi daha da artırmalıyıq. Bütün İslam aləmi Dağlıq Qarabağda baş verənlərdən nəticə çıxarmalı, günahsız insanların qanlarının axıdılmasına, ərazilərimizin ədalətsizcəsinə işğalına son qoymaq üçün əlindən gələni etməlidir.    

Hacı Cabir XƏLİFƏZADƏ,
“Azərbaycan Milli Kulinariyasının Araşdırılması,
Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında