Rəy sorğusunun nəticələri geniş ictimaiyyətin Prezident İlham Əliyevə böyük inamının göstəricisidir

Bu günlərdə “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi keçirdiyi rəy sorğusunun nəticələrini elan edib. 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilmiş sorğuda iştirak edənlər 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durum, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibəti ilə bağlı sualları cavablandırıblar. Sorğuya yaşı 18 və daha yuxarı olan əhali qrupu cəlb edilib və 4560 respondentin rəyi öyrənilib.

Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92,8 faizi vəziyyəti sabit, 3,9 faizi qeyri-sabit qiymətləndirib, 3,3 faizi isə cavabdan imtina edib. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə -- düzgün, yaxud yanlış inkişaf etdiyini qiymətləndirən respondentlərin 83,7 faizi inkişaf istiqamətini düzgün, 4,8 faizi yanlış kimi qiymətləndirib. Rəyi soruşulanların 11,5 faizi cavab verməkdə çətinlik çəkib.

Növbəti mərhələdə rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini, 4,5 faizi dəstəkləmədiyini bildirib. Rəyi soruşulanların 4,1 faizi cavab verməkdə çətinlik çəkib. Dövlət başçısının həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə əksəriyyət (84,7 faiz) bu siyasəti dəstəklədiyini, 5,5 faizi isə dəstəkləmədiyini deyib. Cavab verməkdə çətinlik çəkənlər 9,8 faiz olub.

Təbii ki, rəy sorğusunun nəticələri Azərbaycandakı mövcud reallığa uyğundur desək, səhv etmərik. Çünki Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son illəri birmənalı olaraq inkişaf, yüksəliş dövrü kimi xarakterizə etmək olar. Bunu bütün Azərbaycan vətəndaşları görür və lazımınca qiymətləndirirlər. Rəy sorğusunun nəticələrində İlham Əliyevin 91,4 faiz dəstək qazanmasının səbəbi də budur.

Bu gün hamı yaxşı xatırlayır ki, cənab İlham Əliyev ilk dəfə prezident seçiləndə bəyan etmişdi ki, bütün Azərbaycan vətəndaşlarının prezidenti olacaq, siyasi görüşündən, iqtidar-müxalifət mövqeyindən asılı olmayaraq Azərbaycan vətəndaşları mənə arxayın ola, inana və məndən lazım olan köməyi gözləyə bilər. Prezidentin dediklərinin təsdiqini biz sonralar dəfələrlə gördük. Bunu real həyatda onun şəhidlərə olan münasibətində gördük. Xüsusilə, Mübariz İbrahimovun məsələsini qeyd etmək istərdim. Mən bura Azərbaycan alimlərinə, gənclərə, idmançılara münasibəti də əlavə edirəm. Doğrudan da, cənab Prezident Azərbaycan vətəndaşlarının, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların lideridir. Bu, artıq öz təsdiqini tapmış bir məsələdir.

İlham Əliyev birinci dəfə prezident seçilərkən bəyan etmişdi ki, ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirəcək, müstəqil, suveren və azad Azərbaycan bundan sonra daha da güclənəcək və çiçəklənəcək. Azərbaycan xalqı daha sivil, daha yaxşı yaşayacaq. Cənab Prezident bunların hər birinə nail oldu. O, Azərbaycanı tarixində ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü etdi. Azərbaycan hazırda dünyanın kosmos dövlətlərindən biridir. Cənab Prezident dünya tarixində ilk dəfə baş tutan Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə nail oldu. Bu müddətdə Azərbaycan musiqisi, muğam sənəti, rəssamlıq, incəsənət inkişaf etdi. Azərbaycan musiqisi “Eurovision” musiqi yarışmasında qalib oldu. Cənab Prezidentin siyasətinin nəticəsində dünyanın tanınmış alimləri, Nobel mükafatçıları dəfələrlə ölkəmizə gəldilər.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə sosial-iqtisadi istiqamətdə Azərbaycan da irəli getdi, ölkədə ciddi inkişaf baş verdi. Dünyanın hər yerində siyasi, iqtisadi, maliyyə böhranı yaşanır. Eləcə də, siyasi və hərbi böhranlar müşahidə olunur. Ancaq bunlarla müqayisədə ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan inkişaf edir, çiçəklənir, iqtisadi böhran müşahidə edilmir. Bu mənada cənab Prezidentin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. Bu xidmətlər uzun illər Azərbaycana və xalqımıza lazımdır. Bizim qarşımızda cənab Prezidentin təşəbbüsü ilə hazırlanan “Azərbaycan-2020” inkişaf konsepsiyası var. Bu layihə ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcək. Hamımız cənab
Prezidentin rəhbərliyi altında bu günlərin şahidi olacağıq.

Son olaraq qeyd etməliyəm ki, rəy sorğusunun nəticələri ürəyimizdən xəbər verir və 2018-ci ilin prezident seçkilərində cənab İlham Əliyevi, onun inkişafa, Azərbaycanın xoşbəxt sabahına hesablanmış daxili və
xarici siyasətinə səs verəcəyik.

Musa QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında