Rusiyada erməniləri yaxşı tanıyırlar

Sorğular göstərir ki, ruslar erməniləri özlərinə dost hesab etmirlər

Keçmiş SSRİ-yə daxil olan bəzi respublikaların Kütləvi İnformasiya Vasitələri hələ XX əsrin 70-80-ci illərindən başlayaraq, beynəlxalq dəyərlərə məhəl qoymadan, açıq şəkildə bir millətin digər millətlərdən fərqliliyini – qədimlik və istedad baxımından üstünlüyünu və müstəsnalığını təbliğ edir, özünə “yerli xalq” imici qazandırmağa, başqa xalqların bura “gəlmə” olduğu ideyasını yaymağa, hətta millətlərin bərabərliyi prinsipinə etinasızlıq göstərərək, bu müddəaların milli qanunvericilikdə təsbit olunmasına, öz xalqlarının məkrli marağı naminə “əzabkeş xalq”, “tarixi ədalətin bərpası”, “milli haqq” və s. kimi konsepsiyaları mütləqləşdirməyə çalışırdılar. Bu da öz növbəsində millətçiliyi, xalqlar və dövlətlər arasında milli ədavəti daha da dərinləşdirirdi.

Oxucular burada söhbətin, ilk növbədə, kimdən getdiyinin dərhal fərqinə vardılar. Bəli, burada ermənilər xüsusi canfəşanlıq göstərirdilər.

Bu problem jurnalistika araşdırıcılarını da narahat etməyə başlamışdı. Çünki bu sahədə mətbuatın ikili rol oynamasını və KİV-in bu cür fəaliyyətinin hansı nəticələrə gətirib çıxaracağını onlar daha yaxşı anlayırdılar. Elmi tədbirlərdə artıq bu problem ilə bağlı polemikalar da özünə yer alırdı. Bəzi tədqiqatçılar problemi kompleks şəkildə araşdırmağa cəhd göstərirdilər.

Postsovet məkanında bu tendensiyalar ilk dəfə Cənubi Qafqaz respublikalarının və mərkəzi mətbuatın nümunələri, bir qədər sonra isə Pribaltika ölkələri mətbuatının materialları əsasında araşdırılmışdır.

Bir sıra mütəxəssislərin fərqli sistemlərdə apardıqları araşdırmalar sayəsində gəldikləri nəticələri və verdikləri proqnozları həyat artıq dəfələrlə təsdiq etmişdir.

Hələ 1991-ci ildə (SSRİ-nin dağıldığı il – İ.M.)  aparılmış irihəcmli bir sosioloji tədqiqata müraciət etmək istərdik. Tədqiqat 20 ildən artıq əvvəl aparılsa da, onun aşkara çıxardığı hallar hazırda yaşadığımız günlərin gerçəkliklərini, demək olar ki, təfərrüatı ilə özündə əks etdirir. Bu da millətlərarası və dövlətlərarası münaqişələrin yaranmasının və bəzən də onların həlli üçün zorakılıqdan istifadənin səbəbinin məhz KİV-lə milli məsələyə aid stereotip və təhriklərin, başqa xalqlara nifrətin insanların beyninə yeridilməsi ilə bağlıdır. Sosioloji sorğu Rusiyanın Stavropol, Şimali Osetiya, Kemerov, Orenburq və Pskov vilayətlərində, Moskva şəhərində keçirilmiş və təxminən 4 min nəfəri əhatə etmişdir.

Sorğunun subyektləri arasında bizim üçün daha çox maraq kəsb edən Stavropol vilayətidir. Əgər nəzərə alsaq ki, bu vilayətdə yerli etnos sayılan ruslardan sonra sayına görə azsaylı xalq kimi ermənilər hesab olunur. Sorğunun nəticələrinin regionda baş verən proseslərin qiymətləndirilməsində oynayacağı rolu müəyyən etmək o qədər də çətin deyil. 2010-cu ilə olan məlumata görə, Stavropolun əhalisi 2 milyon 790 min 789 nəfər olub və onların 161 min 324 nəfərini, təxminən 6 faizini ermənilər təşkil edir. Azərbaycanlı əhali 17 min 800 nəfərdən ibarətdir ki, bu da 0,65 faizə bərabərdir.

Sorğu vərəqəsinə daxil edilmiş iki suala verilən cavab bizim diqqətimizi daha çox cəlb edir. “Elə millətlər varmı ki, siz onlara qarşı ədavət hissi keçirirsiniz?” – sualına stavropolluların 33 faizi müsbət cavab vermişdir. Rəyi soruşulan paytaxt sakinlərinin də 20 faizi sualı bu cür cavablandırmışdır. Respondentlər başqa millətlərə kinli münasibət bəsləmələrinin birinci səbəbi kimi onlarla məişət səviyyəsində münasibət saxlamalarını, istehsalatda birgə çalışdıqlarını və bu əsasda da onlara yaxşı bələd olduqlarını, ikinci səbəb kimi isə millətlərarası münaqişələrin günahkarları haqqında yaranmış təsəvvürləri göstərmişlər.

“Gündəlik həyatınızda başqa millətlərdən olan insanlara xoşagəlməz münasibətlə, onlar haqqında tənqidi fikirlərlə rastlaşmısınızmı?” – sualına da stavropollular eyni fəallıqla cavab vermişlər: paytaxt sakinlərinin 35 faizi bu cür hallarla rastlaşdıqlarını bildirmişdir. Nəzərə alaq ki, əhalinin siyahıyaalınmasına görə 2010-cu ildə Moskva şəhərinin əhalisi 11.503.501 nəfər olmuşdur. Ermənilər etnosların sayına görə burada da ilk yerlərdən birindədirlər (rus, ukraynalı və tatarlardan sonra – İ.M.). Paytaxt sakinlərinin 0,93 faizini (106 466 nəfər) təşkil edirlər. Ümumiyyətlə, demoqrafiyaya aid statistik məlumatlar göstərir ki, Rusiyanın əksər regionlarında ermənilər sayına görə etnoslar arasında ilk yerlərdən birini bölüşürlər. Şübhə etmirik ki, yerli əhalinin “rəğbətinin qazanılmasında” (sosioloji sorğuların nəticələrinə görə - İ.M.) onların rolu az deyildir.

2010-cu il may ayının 1-2-də Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi Rusiyanın 42 vilayət, mahal və respublikalarının 140 yaşayış məntəqəsində keçirdiyi sorğuda analoji suallarla 1600 nəfərə müraciət etmişdir. Ötən müddət ərzində başqa xalqlara neqativ münasibət bəsləyənlərin sayı 2 faiz artaraq, 35 faizə bərabər olmuşdur. Onların da 29 faizi  Qafqaz xalqlarının nümayəndələrindən, 6 faizi Orta asiyalılardan, 3 faizi isə çinlilərdən və yəhudilərdən xoşu gəlmədiklərini bildirmişlər. Rəyi soruşulanların 50 faizi başqa millətlərə nifrətlərinin səbəbini izah edə bilməmiş, qalanları isə bunu terrorizmdən qorxu hissi ilə əlaqələndirmişlər.

Rusiyada millətlərarası münasibətlərin pisləşməsini moskvalılar (63 faiz) və peterburqlular (54 faiz) da təsdiq etmişlər. Lakin nə moskvalılar (68 faiz), nə də peterburqlular (72 faiz) ölkədəki problemlərin qeyri-rus millətlərinin nümayəndələri ilə əlaqələndirilməsi fikri ilə razı deyil.

Sosioloji sorğular dövlətlərarası münasibətlərin qiymətləndirilməsində də maraqlı məqamları üzə çıxarır. “Avrasiya Monitor” Beynəlxalq Tədqiqat Agentliyinin 2008-ci ilin aprel-may aylarında MDB-yə daxil olan 13 dövlətdə keçirdiyi sorğu (16143 nəfəri əhatə etmişdir) postsovet məkanında dost və düşmən ölkələri, eyni zamanda, onların hansı ölkələrlə birləşməyə meyilli olduqlarını müəyyən etmişdir. Azərbaycanlı respondentlərin 39 faizi MDB və Baltikyanı ölkələrinin heç birini dost ölkə kimi qəbul etmir, 21 faiz Gürcüstanı, 20 fazi isə Ukraynanı dost ölkə kimi qeyd etmişdir. Əhalinin 31 faizi Türkiyə ilə, 24 faizi isə Avropa İttifaqı ilə birləşmək arzularını ifadə etmişdir.

Ermənistan əhalisinin böyük əksəriyyəti (82 faiz) Rusiyanı, 16 faizi Gürcüstanı, 1 faizi isə Azərbaycanı dost ölkə hesab edir. Burada əhalinin 67 faizi Rusiya ilə ittifaqa meyilli olmuşdur, 23 fazi isə kiminləsə birləşməyə ehtiyac olmadığını bildirmişdir. Gürcüstan sakinlərinin 41 faizi Azərbaycanı dost ölkə kimi tanıyır. Azərbaycan Ukraynanın, Baltikyanı və Orta Asiya ölkələrinin də dostları sırasındadır.

Maraqlısı budur ki, sorğunun nəticələrinə görə, MDB ölkələrinin heç biri Ermənistanı özünə dost ölkə hesab etmir. Ermənistan, hətta əhalisinin böyük əksəriyyəti özünə dost ölkə hesab etdiyi Rusiyadan da bu dəstəyi ala bilməmişdir. Rusiyalı respondentlər bu situasiyaya analoji olaraq MDB ölkələrinin rəhbərləri arasında Ermənistan prezidenti Serj Sarkisyana etibar etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu reytinq cədvəlində ön sıradadır. Rusiyalılar, həmçinin stabil və iqtisadi nailiyyətlər qazanan ölkə kimi də Azərbaycanı Ermənistandan öndə görürlər (21-22 noyabr 2009-cu il).

Yuxarıdakı situasiyalar millətlərarası və dövlətlərarası münasibətlər sahəsində o dövrdə Rusiyanın siyasi rəhbərliyinin və ictimaiyyətinin mövqeləri arasında kəskin təzadların olduğunu ortaya qoyur. Belə nəticəyə gəlmək olur ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələri özlərinin sələfləri olan SSRİ kütləvi informasiya vasitələrinin millətlərarası münasibətlər problematikasının işıqlandırılması sahəsindəki “təcrübə” və “ənənə”lərini davam etdirməkdədirlər. Arzu olunanların gerçəklik kimi qələmə verilməsi nəinki ölkə daxilində millətlərarası, eyni zamanda, dövlətlərarası münasibətlərə də olduqca neqativ təsir göstərir.

Lakin son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təmkinli və balanslaşdırılmış siyasəti nəticəsində Rusiya KİV-ində Azərbaycan və Rusiya münasibətlərinin işıqlandırılmasında həqiqət axtarışına başlanılmışdır. Onun Rusiyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələr vəziyyəti xeyli dəyişmişdir.  Bu gün Rusiya efirində Kurginyan, Baqdasarov, Simonyan və s. kimi millətçi “bayquşları”  jurnalist etikasının prinsiplərinə, peşə və vəzifə borcuna hörmət və peşəkarlıqla yanaşan jurnalistlər əvəz edirlər.

İlham MAZANLI,
Bakı Dövlət Universiteti
beynəlxalq jurnalistika
kafedrasının dosenti,
tarix elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında