Xilaskarlıq missiyası

Müsahibimiz Milli Məclisin deputatı və Respublika Ağsaqqallar Şurasının sədri
Fəttah Heydərovdur.

– Böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Ulu öndərin bizə miras qoyduğu yola nəzər saldıqca, əmin olursan ki, ötən əsrin 70-ci illərindən bəri respublikamızın hərtərəfli inkişafı prosesinə güclü təkan verərək onu yüksəliş yoluna çıxaran bu dahi şəxsiyyət həm də müasir Azərbaycan dövlətinin ayaqda durmasında müstəsna rola malikdir. İstəyərdik ki, bu barədə fikirlərinizi öyrənək.

 – Əlbəttə, Azərbaycanın inkişaf strategiyasi ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaqdan xilas etdi. Xalqımızın başının üstünü almış qara buludlar geri çəkildi. Bir həqiqəti etiraf edək ki, Heydər Əliyev Azərbaycanda olsaydı, xalqımızın başına bu fəlakətlər gəlməzdi, torpaqlarımız işğal edilməzdi. Heydər Əliyev özünü o zaman bizə yetirdi ki, bir millət kimi fəlakətə gedirdik. Şükürlər olsun ki, xilaskarımız vaxtında özünü yetirdi. Doğrudur, onun gəlişi heç də asan olmadı.

– Fəttah müəllim ötən əsrin 60-cı illərində Azərbaycan digər respublikalarla müqayisədə iqtisadi baxımdan geriləyir, üstəlik, dövlət idarəçiliyi aparatında rüşvətxorluq, korrupsiya, mənimsəmə halları baş alıb gedirdi. Məhz 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi xalqımızın böyük tarixi uğuru idi. Siz həm də uzun müddət onun rəhbərliyi altında müxtəlif vəzifələrdə çalışmısınız. O günləri necə xatırlayırsınız?

– Bəli, biz bu gün qürurla, həm də fərəhlə Heydər Əliyevə dünyanın ən böyük azərbaycanlısı deməkdə haqlıyıq. Həqiqətən də Heydər Əliyev nadir şəxsiyyət idi. Haqq-ədalət tərəfdarı olan bu dahinin həm idarəçilikdə, həm də insanlara münasibətində çox qeyri- adi xüsusiyyətləri vardı. O, bir işıq kimi doğulmuşdu. Onu ilk gördüyüm gündən indiyə qədər bu işıq gözlərimdən çəkilmir. Allah ondan heç nəyi əsirgəməmişdi. Boylu buxunlu, yaraşıqlı, dəmir məntiqli, uzaqgörən, Vətəninə, xalqına bağlı, qətiyyətli, sərt, eləcə də mərhəmətli, bir sözlə, bənzəri olmayan şəxsiyyət. Onun bütün varlığında insanlığın ən ali xüsusiyyətləri bərqərar idi. O, səmimiyyəti, düzgünlüyü, doğruluğu sevərdi və qiymətləndirməyi bacarardı. Müqəddəs amal və ideya uğrunda insanları ətrafına yığmağa və arxasınca aparmağa qadir idi. O, insani xüsusiyyətlərə, zəkaya, ağıla çox diqqət yetirirdi. Heydər Əliyevdə insanı tanımaq qabiliyyəti də çox yüksək idi. Öz ideallarına inandıra bilirdi. Bu səbəbdən də onunla iki-üç dəqiqə söhbətdən sonra böyüklüyünə, müdrikliyinə heyran qalırdın. Yaxşı yadımdadır, 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin hakimiyyətinin ilk günlərində gənc, milli ruhlu, enerjili, qətiyyətli bir şəxsin respublika rəhbərliyinə irəli çəkilməsi insanlarda daxilən razılıq və xoş hisslər doğursa da, iqtisadi böhran, tənəzzül içində yaşayan, keçmiş SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyətin tezliklə dəyişəcəyinə sübhə ilə yanaşanlar da vardı. Lakin Heydər Əliyev çevik təşkilatçı, zamanın nəbzini tutan rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman çox şeyə nail olmaq mümkündür. Heydər Əliyev respublikanın qarşısındakı vəzifələri düzgün müəyyənləşdirən uzaqgörənliklə təsdiq etdi ki, müstəqilliyinin təməli iqtisadi azadlıqdan asılıdır. Respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını alan ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevrildi.

– Bu da faktdır ki, ulu öndər Heydər Əliyevin həmin illərdə etimad göstərdiyi kadrlardan yalnız bir istəyi, bir tələbi var idi – vəzifələrini ləyaqətlə yerinə yetirsinlər.

– Tamamilə haqlısınız 1978-ci ildə mən Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunda rəhbər vəzifədə çalışırdım. Heydər Əliyevin söylədiyi sözləri bu günə qədər unutmamışam: “Gedin düz işləyin, vicdanla çalışın. İşçilərə də bunu çatdırın. Harada olursansa– ol, səmərəli işləmək lazımdır. Xalqa ləyaqətlə xidmət etmək gərəkdir”. İnsanlarda mənəvi təmizliyi hər şeydən üstün tuturdu. İşçilərdən kabinetlərdə qapanıb qalmamağı, vaxtlarının çoxunu camaat arasında keçirməyi tələb edirdi. O, sadə insanlarla ünsiyyəti xoşlayır, bundan zövq alır, öz kadrlarından da insanlara həsas münasibət göstərməyi tələb edirdi. Ulu öndərin verdiyi hər bir tapşırığı ciddi nəzarətdə saxlaması, tələbkarlığı hələ o illərdə məmurları daim səylə işləməyə sövq edir, onların məsuliyyətini artırırdı. Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını yaratmış ulu öndər 1982-ci ildən sonra fəaliyyətini SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə davam etdirməli olsa da, bütün varlığı ilə bağlı olduğu doğma Vətənini unutmadı. Moskvada çalışdığı 1982-1987-ci illərdə də o, respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoydu. Təbii ki, o vaxt mərkəz müttəfiq respubilkalara ögey münasibət bəsləyirdi. Amma Heydər Əliyevin sayəsində Azərbaycan öz inkişaf xəttində uğurla irəliləyirdi.

– Yeri gəlmişkən, Kreml 1990-cı ilin yanvarında Azərbaycanı sarsıtmaq üçün xalqımızın başına fəlakət gətirdi. Bakıda faciələr törədildi.Əli yalın insanların üzərinə zəhmli Sovet ordusu yeridildi. Dinc sakinlər vəhşicəsinə qətlə yetirildi. Heydər Əliyev imperiyanın bu qanlı əməlinə etiraz bildirmək üçün ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O zaman ümummilli liderimiz həyatını, əslində, təhlükəyə atmışdı. Heydər Əliyev nümayəndəlikdə Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirdi. O, mətbuat konfransında SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyini bu faciənin əsas günahkarları kimi cəsarətlə ittiham etdi, respubilkamızın mövcud ictimai-siyasi vəziyyətinin və idarəçiliyinin antidemokratik, hüquqi dövlət prinsiplərinə zidd olduğunu bildirdi.

– Heydər Əliyev təqib və təzyiqlərə sinə gərərək, qorxmadan və çəkinmədən Azərbaycanın əleyhinə işləyən bütün qüvvələrə kəskin etiraz etdi . Həmin dövrdə Moskvadan Bakıya göndərdiyi teleqramda 20 Yanvar faciəsini "SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası" kimi səciyələndirdi. SSRİ səviyyəsində məhz Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Faciədə əli olanların, əsas günahkarların adını çəkdi. Bu təzyiqlərin davam etdiyi dövrdə ancaq Heydər Əliyev kimi dəyanətli bir şəxsiyyətin belə cəsarətli olmağa hünəri çatardı. Heydər Əliyevin həmin dövrdə SSRİ və respublika rəhbərliyi haqqında dünya ictimaiyyətinə və Azərbaycan xalqına ünvanlanmış müraciətindən və səsləndirdiyi fikirlərdən o dərəcədə təşvişə düşdülər ki, dərhal ona qarşı mərkəzi və yerli mətbuatda qərəzli kampaniya başlandı, əleyhinə sifarişli yazılar, qərəzli məqalələr dərc olundu. Lakin bu böyük Vətən oğlunu heç nə qorxutmadı, bütün maneələri dəf edərək, Azərbaycana döndü. 1990-cı ildə keçirilən seçkilər zamanı Heydər Əliyev Azərbaycan Ali Sovetinə, həmçinin muxtar respublikanın Ali Məclisinə deputat seçildi. Ulu öndərin səyi nəticəsində hələ 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin yekdil qərarına əsasən müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ilk dəfə muxtar respublikanın rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası İttifaqın qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edən yeganə diyar oldu. Naxçıvan Muxtar Respublikası referendumda “Yeni İttifaq müqaviləsi”nə cəsarət və qətiyyətlə “Yox!” – dedi və sovet qoşunlarının Naxçıvandan çıxarılmasını tələb etdi.

– Zaman bir daha təsdiqlədi ki, ulu öndər həm Ali Sovetin sədri, həm də Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə həmişə öz xalqına arxalanaraq, eləcə də özünün uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik təcrübəsini həyata keçirə bildi. Onun böyük fədakarlıqla Azərbayacnın müstəqilliyi uğrunda apardığı mübarizə bu gün dünyada tanınan demokratik respubilkamızın yeni zirvələrə qanadlanmasına şərait yaratdı.

– Sizə deyim ki, Heydər Əliyevdə qibtə doğuracaq cəhətlər çox idi. O, fəlakətin içində belə özünü itirməzdi. Onun qorxmazlığı məni həmişə heyrətdə gətirirdi. Düşmən üstünə yeriməyi bacarırdı. 1992-ci ildə ulu öndərlə birlikdə Sədərək rayonuna getmişdik. Bütün camaat Heydər Əliyevin ətrafına yığışdı. Hər kəslə ayrı-ayrılıqda görüşdü, onların qayğıları ilə maraqlandı. Sədərək sakinləri Heydər Əliyevin onlarla görüşə gəlməsinə çox sevinirdilər. Söhbət uzun çəkdi, nəhayət, geriyə qayıtmaq vaxtı gəlib çatanda Heydər Əliyev dedi: “Mənə təmas xəttini göstərin.” Sonrada maşına əyləşib təklif etdi ki, kim istəyirsə mənimlə təmas nöqtəsinə gedə bilər. Bir neçə nəfər, mən də onların içində Heydər Əliyevlə birlikdə əsgərlərimizin yanına getdik. Heydər Əliyev vəziyyətlə əlaqədar hər bir əsgərə müəyyən suallar verirdi. Məqsədi qarşı tərəfin törətdiyi münaqişələri dəqiq təhlil etmək idi. Birdən mənim nəzərimi yaxınlıqdakı böyük qəbiristanlıq çəkdi. Ürəyim yerindən oynadı. Məzar daşlarının arxasından bizə tuşlanan avtomatları gördüm. Ermənilər bizi hədəfə almışdılar. Yavaşca Heydər Əliyevə pıçıldadım ki, qarşı tərəfdə erməni əsgərləri var. Hər an atəş aça bilərlər. Heydər Əliyev sakit, halını pozmadan “nə olsun, qoy bizi vursunlar. İndi öz torpağımızda onlardan qorxacağıq.” Mən bir daha onun şücaətinə, hünərinə, torpaq və Vətənsevərliyinə heyrət etdim.

– Heydər Əliyev üzərinə götürdüyü missiyanı həm layiqincə yerinə yetirdi, həm də özündən sonra bu xalqa, millətə ləyaqətli davamçısını bəxş etdi. Beləliklə də, ulu öndərin saldığı böyük yolda mətin addımlarla xalqını xoş günlərə aparan, gənc enerjili, prinsipial və zəkalı dövlət başçısı İlham Əliyev millət tərəfindən rəğbətlə qarşılandı.

– Ümummilli lider Heydər Əliyevin siyasi varisi İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinə “Əsl siyasət real iş görməkdən ibarətdir” devizi ilə qatılmışdı. Beləliklə cənab Prezident konkret platformasını gerçəkləşdirmək üçün xalqa müraciət edərək bilidirdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. Təbii ki, Heydər Əliyevin idarəçilik sistemində formalaşan, onun məktəbindən öyrənən İlham Əliyev rəhbərlik missiyasını məharətlə yerinə yetirməkdədir. O, bu gün dövlətinin tərəqqisinə çalışan lider kimi tanınır. Ulu öndər Heydər Əliyevin xalqa müraciətində “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm”– deyərək cəmiyyətə özünün inandığı siyasi varisini təqdim etməklə xalqımızın xoş sabahlarını düşünürdü. Həqiqətən də İlham Əliyev öz fəaliyyəti ilə ulu öndərin yanılmadığını sübut etdi. Apardığı uğurlu və məqsədyönlü siyasət təsdiqlədi ki, hakimiyyətə novator və çevik idarəetmə qabiliyyətinə, eləcə də yüksək şəxsi keyfiyyətlərə malik olan, çox prinsipial bir şəxsiyyət gəlib.

– Bir neçə kəlmə də o illərin maraqlı və yaddaqalan görüşlərini yada salaq.

– Heydər Əliyevlə bağlı xatirələrim hərdən kino lenti kimi gözlərim önündə canlanır. 1990-cı ilin 30 mart-16 aprel tarixlərində Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybəkin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri kimi qardaş ölkədə səfərdə oldum. 9 vilayətdə görüşlər keçirdik, iki nazir istisna olmaqla, bütün hökumət üzvlərinin qəbulunda olduq. Səfərin nəticəsi kimi imzaladığımız müqavilə isə yalnız Türkiyə ilə muxtar respublika arasında deyil, həm də bütünlüklə Azərbaycanla bağlı və mədəniyyətdən təhsilə, elmdən səhiyyəyə qədər bir çox sahəni əks etdirirdi. Bu müqavilənin məntiqi davamı kimi 1991-ci ilin may ayında mədəniyyət işçilərimizlə birlikdə Türkiyənin Ağ dəniz sahilində yerləşən vilayətlərində olduq. Səfərdən öncə Heydər Əliyevlə görüşdüm (hələ muxtar respublika Ali Məclisinin sədri deyildi) və ona bu barədə məlumat verdim. Söhbət əsnasında Heydər Əliyev dedi: “Fəttah, Türkiyədəki siyasi prosesləri diqqətlə izləyirəm. Süleyman Dəmirəli yaxşı tanıyıram, özü də 60-70-ci illərdən. Bakıda səfərdə də olub. Yaxşı da münasibət qurmuşduq. Dəyərli adamdır”. Bu vaxt Türkiyədə parlament seçkiləri kampaniyasının qızğın vaxtı idi. Eşitdik ki, Doğru Yol Partiyasının sədri Süleyman Dəmirəl şəhərdə təbliğat mitinqi keçirir, mən də ora getdim. Mitinqdən sonra Süleyman Dəmirəllə görüşdüm. Ayaqüstü söhbət əsnasında, “Süleyman bəy, Heydər Əliyevin Sizə salamları var” – dedim. Üzünə sevinc gəldi: “Heydər bəy Naxçıvandadır? O, çox böyük kişidir, dəyərli insandır, qiymətli insandır. Ondan müğayat olun, onun qayğısına qalın, qədrini bilin. Böyük salamlarımı çatdırın, inşallah, onunla görüşmək istərdim”.

Bir müddət keçdi, parlament seçkilərində Süleyman Dəmirəlin partiyası qalib gəldi və o, Türkiyənin Baş naziri seçildi. İl yarım sonra isə Türkiyənin Prezidenti oldu. O dövrdə Naxçıvana hərtərəfli dəstəyini göstərdi və Heydər Əliyevi şəxsi dəvəti ilə Türkiyəyə çağırdı, böyük qəbul təşkil etdi. Bu görüşün nəticəsi kimi, ümumiyyətlə Azərbaycan-Türkiyə münasibətlərinin sağlam təməli qoyuldu, “Bir millət-iki dövlət” məramının gerçəkləşməsi üçün zəmin yaradıldı. Bu səmimi bünövrə üzərində bu gün də Azərbaycan-Türkiyə münasibətləri inkişaf edir, daim möhkəmlənir.

– Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, Vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan bir liderə – Heydər Əliyevə etibar etdi.

– Məhz bu şəxsiyyət zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi. Heydər Əliyev bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – torpaq islahatı, xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi.

İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq idi. Əsas məqsədi qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək idi. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlərdə – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Ümummilli lider Heydər Əliyev çıxışlarında bildirirdi ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini aktual problemlərdən birinə çevirib. Heydər Əliyevin Vətənə, xalqa, milli irs və ənənələrə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrildi, bütövlükdə xalqın milli özünəməxsusluğunu qorudu. Bu dahi insan Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəmədi.

– Xüsusən də ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən xalqın mənəvi dəyərlərini qorudu, Azərbaycan dilinin tətbiqi ilə bağlı qərarlar qəbul etdi, onun işlədilməsi ilə əlaqədar öz qəti sözünü dedi. Azərbaycanın unudulmuş tarixi qəhrəmanlarını, represiyaya məruz qalmış adamlarını arxivlərdən üzə çıxardı.

– Heydər Əliyev bütün fəaliyyəti boyu ədəbiyyat, mədəniyyət xadimlərinə, yazıçı və şairlərə etiramla yanaşardı. Onları bütün bəlalardan– Mərkəzin təziqlərindən, qoruyardı. Müstəqilliyimizin bərpasından sonra yaradıcı insanların şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Onları ruhlandırmaq üçün fəxri adlara, mükafatlara layiq görər, orden və medallarla təltif edərdi. Hətta sağlamlıqlarının qayğısına qalardı. Yadımdadır, bir dəfə Xalq şairi Məmməd Arazla bağlı mən ona məruzə etdim. Səhhətindəki problemlərdən danışdıq. Dərhal müalicəsi ilə bağlı göstərişlər verdi. Ümumiyyətlə, Heydər Əliyev insanlara mərhəmətlə yanaşmağı, onların həyat şəraitinin yaxşılaşdırılması üçün xeyirxahlıq etməyi sevirdi.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, Heydər Əliyev üçün insan amili hər şeydən üstün idi. O, azərbaycanlılarla yanaşı, ölkəmizdə yaşayan digər xalqların da nümayəndələrinin hüquqlarının qorunmasına xüsusi diqqət yetirirdi. Onların mədəniyyətlərinin, adət-ənənələrinin mühafizəsi üçün şərait yaradılmasına tapşırıq verirdi. Qoy bayramlarını keçirsinlər, öz tarixlərini unutmasınlar. Heydər Əliyevin tələblərindən biri də o idi ki, milli azlıqların kompakt şəkildə yaşadıqları kənd və qəsəbələrdə sosial problemlər dərhal aradan qaldırılsın, zəruri infrastrukturlar yaradılsın. Təsadüfi deyil ki, məhz ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan xalqlar da milli-mənəvi intibah mərhələsini keçirdilər. İlk olaraq hər birinin folklor ansamblları yaradıldı, ardınca tarixi qəhrəmanları və şəxsiyyətləri barədə kitablar nəşr olundu, onların xatirələri əbədiləşdirilərək adlarına küçələr verildi, büstləri qoyuldu. Mədəniyyət abidələri təmir və bərpa edildi, mənəvi dəyərlərinin təbliği üçün dövlət dəstəyi formalaşdırıldı. Müxtəlif mədəni festivallar keçirildi. Bir sözlə, Heydər Əliyevin sayəsində çoxmillətliliyin, əslində, etnik zənginlik olduğu bir həqiqət kimi ortaya çıxdı.

Heydər Əliyevin müdrikliyini və misilsizliyini sübut edən faktlardan biri də budur ki, o, xalqımızın bütün müsbət xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Bu dəyərlərin küll halında təbliğini təmin edib. Bu xüsusda multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın mühüm tərkib hissələri kimi nəzərdən keçirirdi.

– Bu gün Heydər Əliyev idealları çiçək açır. Ölkəmiz istər iqtisadi, siyasi, istərsə də demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində mühüm uğurlar qazanıb. Azərbaycan xarici siyasətdə də mühüm diplomatik uğurlara imza atmaqdadır.

– Son vaxtlar Azərbaycan Şərq və Qərb sivilizasiyası arasında körpü rolunu oynayır. Respublikamızda yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların, millətlərin, dini xüsusiyyətlərinə etiramla yanaşılır. Beynəlxalq Bakı Forumu Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş mükəmməl təcrübəni əks etdirməklə yanaşı, həm də ölkəmizi Qərblə Şərqin uğurlu harmoniyası kimi təsbit edir. Başqa sözlə desək, Azərbaycan müstəqillik illərindəki yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı ilə ona “geridə qalmış Şərq ölkəsi” yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini hər zaman puça çıxarıb, sivil Avropa dəyərlərinə sadiqliyini sübuta yetirib.

Respublikamızın Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən olması onun yeni iqtisadi və siyasi gücə çevrilməsini təmin etdi. Bu yaxınlarada Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

– Nə xoşbəxt millətik ki, bizim Heydər Əliyev kimi bənzərsiz ömür yoluna malik olan bir liderimiz olub və hazırda bu missiyanı ləyaqətlə davam etdirən milli ruhlu, müasir düşüncəli, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə malik bir dövlət başçımız var.

– Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli məqamlarında bir xilaskar kimi xalqımızın, Vətənimizin dadına çatdı. Bu gəliş olmasaydı, kim bilir taleyimiz necə olardı. Heydər Əliyev bütün varlığı ilə bağlı olduğu millətini– bütün azərbaycanlıları hifz etdi. Müasir Azərbaycanın həm siyasi tarixinin, həm də milli-mənəvi həyatının, mədəni aləminin bir çox səhifələri məhz ulu öndər Heydər Əliyevin çoxcəhətli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur.

Heydər Əliyev böyük inam və qətiyyətlə deyirdi ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Biz bu gün bu Günəşin nurunda məhz xoş sabahlara gedirik. Azərbaycanın zəngin və qüdrətli obrazını əks etdirən portretinə bundan sonra da yeni-yeni cizgilər vurulacaq və xalqımızın azad, xoşbəxt, firavan gələcəyini təmin edəcəkdir.

Bəli, Heydər Əliyevin arzuları həyata keçdikcə, ideyaları gercəkləşdikcə biz – onun sıravi əsgərləri özümüzü daha da xoşbəxt hiss edirik. Nəsillər bir-birini əvəz edəcək, fəsillər dəyişəcək, qocalanlar, ucalanlar olacaq, dəyişməyən bircə məqam ellərin Heydər Əliyevə olan sonsuz məhəbbəti və ehtiramıdır... Böyük Səməd Vurğun demişkən “ Ölüm sevinməsin qoy...” Çünki ulu öndər Heydər Əliyev heç zaman unudulmayacaq. Nə qədər ki, bu el-oba, bu Vətən və millətimiz var, Heydər Əliyev həmişə bizimlədir!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında