Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti başa çatsa da, işğalçı Ermənistan bu tədbirdə qəbul olunmuş yekun sənəddən – Birgə Bəyannamədən aldığı tutarlı zərbənin ağrı – acısından hələ uzun müddət ayrıla bilməyəcək. Çünki Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu mövqe, həmçinin Brüssel səfərinin nəticələri Avropa İttifaqı Sammitinin Birgə Bəyannaməsində öz əksini tapdı.
Milli Məclisin deputatı Elman Məmmədov bizimlə söhbətində bu məsələyə münasibət bildirərkən dedi:
-Ermənilər hələ uzun müddət bu sammitdə aldıqları zərbədən özlərinə gələ bilməyəcəklər. Söz yox ki, dünyada mövcud olan ikili standartlar həmişə işğalçı Ermənistanı bütün cəzalardan kənarlaşdırıb. Ancaq bu dəfə ikili standartlar da onların köməyinə gələ bilmədi. Bu, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasi kursun məntiqi nəticəsidir. Məlum olduğu kimi, Brüsseldə, Avropa İttifaqı Sammitində qəbul olunmuş Birgə Bəyannamənin bəndlərinin birində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması öz əksini tapıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Bu dəfə nüfuzlu beynəlxalq təşkilatdan aldığı zərbədən sanki nokauta düşən Ermənistan tərəfi artıq dərk etməyə başlayacaq ki, dünyanın heç bir ölkəsi işğalçı ilə əməkdaşlıq etmək istəmir.
Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsinin xüsusi qeyd edildiyini, amma millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də danışılmadığını nəzərə alaraq, əminlik hissi ilə demək olar ki, erməni diplomatiyası növbəti dəfə də məğlubiyyətdən yaxasını qurtara bilmədi. Ötən ilin Aprel döyüşlərinin acınacaqlı məğlubiyyətindən sonra hələ də özünə gələ bilməyən Ermənistan və onun qatil prezidenti Serj Sarkisyan bu dəfə nüfuzlu beynəlxalq təşkilatın zərbəsinə tuş gəldi. Erməni ekspertləri və politoloqları da yaxşı dərk edirlər ki, tərəfdaş dövlətlərin ərazisi dedikdə, yalnız və yalnız hazırda işğal altında olan və nəzarət edilməyən ərazilər də nəzərdə tutulur. Bu ərazinin bütövlüyü qəbul edilmiş sənəddə Avropa İttifaqı tərəfindən qeyd-şərtsiz dəstəklənib.
Birgə Bəyannamədə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də öz əksini tapıb. Beləliklə, Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə Azərbaycanın həyata keçirdiyi layihələrin beynəlxalq qurumlar və ölkələr tərəfindən dəstəkləndiyini növbəti dəfə sübut edir. Xatırladım ki, Avropa Komissiyası da erməniləri məyus edən xəbərdarlıq yayıb. Bu qurumun Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunan ərazilərində kommersiya fəaliyyətinin yaradacağı cinayət məsuliyyəti haqqında xəbərdarlığında bildirilir ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu da çox mühüm məsələrdən biridir. Çünki müəyyən vaxtlarda bəzi dövlətlərin nümayəndələri, deputatları, QHT rəhbərləri kimlərinsə dəvəti və təhriki ilə Azərbaycanın işğal olunmuş ərazilərinə, yəni Dağlıq Qarabağa səfər edirdi. Brüssel Sammitində qəbul olunmuş Birgə Bəyannamə həmin səfərlərə etirazımızı bildirmək üçün daha bir hüquqi sənəddir.
Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.