Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni dəstəkləyir

Dekabrın 1-də Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin 7-ci nazirlər konfransında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.

Günay Əfəndiyeva çıxışında terrorizmi günahsız insanlara, müdafiəsiz uşaqlara qarşı yönəlmiş hədəfli və sistemli güc olan vasitə adlandırıb. “Bu səbəbdən Əfqanıstanda mövcud olan vəziyyət bütün qonşu bölgələr və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur. Bu, yoxsulluğa, narkotik ticarətə, miqrasiyaya, mülki itkilər arasında gənclərin və qadınların sayının artmasına, mədəni landşaftın dağıdılmasına təsir göstərir. Bu istiqamətdə səylərimizi birgə səfərbər etmək ehtiyacı yaranır”, - deyə o diqqətə çatdırıb.

Fondun prezidenti çıxışında qeyri-sabit bölgələrdəki terror hücumlarının qaçqın axınlarının artmasına səbəb olduğunu və bunun beynəlxalq ictimaiyyətdə yardım məsələlərini prioritet halına gətirdiyini qeyd edib. O, həmçinin “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin təşəbbüsçülərindən biri olan Türkiyənin regiondakı qaçqınlara humanitar yardım və ev sahibliyi göstərməyə davam etdiyini xüsusi vurğulayıb.

Günay Əfəndiyeva dünyada baş verən son hücumların təhsil müəssisələrinin, mədəniyyət sahələrinin, o cümlədən muzeylərin, tarixi, mədəni və dini əhəmiyyətli abidələrin kütləvi məhvinə səbəb olduğunu deyib və sülh tərəfdaşlarının bu sahədə  birliyinin vacibliyini qeyd edib. G.Əfəndiyeva Bamiyan, Palmira, Hatra, Mosul, Nineviya, Aleppo, Timbuktu, Tripoli və digər şəhərlərdə mədəni irsə qarşı törədilənlərdən bəhs edərək, Dağlıq Qarabağ regionunda yerli və dünya əhəmiyyətli memarlıq və arxeoloji sahələrin, qəbiristanlıqların, məscidlərin, məbədlərin, əlyazmaların, müsəlman abidələri ilə yanaşı, alban abidələrinin də işğalçılar tərəfindən saxtakarlıq yolu ilə mənimsənildiyini, məhv edildiyini diqqətə çatdırıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduqları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açan fondun prezidenti müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla layihələr üzrə işlərin aparıldığını və təhlükəsizliyin əldə olunması istiqamətində mədəniyyətin böyük potensialı olduğunu qeyd edib. O, fondun mədəniyyətlərarası dialoqun, mədəni müxtəlifliyi və ənənələrə hörmətin qorunmasının sülh üçün zəruri olduğunu və bu məsələyə 10 ilə yaxındır ki, uğurla həyata keçirilən “Bakı Prosesi”nin gözü ilə baxıldığını qeyd edib.

Sonda G.Əfəndiyeva “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin fond tərəfindən dəstəkləndiyini və bu istiqamətdə fondun əməkdaşlığa hazır olduğunu bildirib.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında