Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığında səfərdə olarkən, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Ölkə rəhbəri sammitin plenar sessiyasında çıxış edib və Azərbaycanın iri infrastruktur layihələrinin reallaşdırılması və bu layihələrin əhəmiyyətindən, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın zəruriliyindən söhbət açıb. Bu barədə “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov qəzetimizə fikirlərini bildirdi:
– Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə hər zaman böyük diqqət yetirib. Beynəlxalq təşkilatların fəal üzvü olan, onların işlərində müntəzəm və yaxından iştirak edən Azərbaycan öz problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm platforma əldə edir. Əlbəttə ki, xarici siyasətimizdə dövlətimiz bu istiqaməti həmişə nəzərə alıb. Azərbaycan çoxtərəfli Avratlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək, Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizliyə və sabitliyə töhfə verir. Belə ki, Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edir.
1996-cı ildə Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb. Bu, özlüyündə Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və şübhəsiz ki, bu böyük uğuru ölkəmizə etimad göstərərək təqdim ediblər. Bu günlərdə Brüsseldə mühüm əhəmiyyətli sammitin baş tutması Avropa İttifaqı ilə Azərbaycanın əsas ticarət tərəfdaşı olmasını göstərdi.
Qeyd etmək lazımdır ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür və Azərbaycan da daxil olmaqla Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Prezident İlham Əliyev də sammitdəki çıxışında bu məqama xüsusi toxunaraq bildirdi ki, ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan əməkdaşlıq təşkil edir. Bundan əlavə, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqəsi saxlayır. Bu isə Avropa İttifaqına üzv ölkələrin üçdə birinin Azərbaycanı strateji tərəfdaş hesab etməsi deməkdir.
Şərq Tərəfdaşlığı Sammitində ən yaddaqalan və xalqımız üçün çox önəmli olan hadisələrdən biri Birgə Bəyannamənin qəbul edilməsi oldu. Ermənistan tərəfinin bu sənədlə bağlı işğalçı maraqlarına uyğun maddələrin əlavə edilməsi cəhdləri puç oldu. Avropa İttifaqının ən mötəbər tədbirində Azərbaycanın maraqlarına cavab verən belə bir mühüm sənədin qəbul olunmasını çox vacib hadisə hesab etmək olar və əslində, bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bunu bəyannamənin maddələri də təsdiqləyir. Bu tarixi sənədin ölkəmiz üçün ən vacib prinsipi üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi oldu.
Bu, bir daha onu göstərdi ki, Azərbaycan və Avropanın mütərəqqi qüvvələri ilə münasibətləri korlamağa çalışan ermənipərəst qüvvələr istəklərinə çatmadı. Avropa İttifaqı anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu mənada, ölkəmiz Avropa institutlarına inteqrasiya edir, Avropa təhlükəsizlik sisteminə öz töhfəsini verir. Regionun ən aparıcı və qüdrətli dövləti kimi belə bir strateji seçim Cənubi Qafqazla Avropa arasında əlaqələrin güclənməsində, inteqrasiyanın əsaslarının ümumi dəyərlər ətrafında möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.