Fuad İSGƏNDƏROV: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Azərbaycan üçün çoxlu sayda müsbət ismarıclar var

Ötən həftə Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti və onun yekunları ilə bağlı Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə akkreditə olunmuş səfirləri ilə müsahibələr təşkil edən Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalının növbəti müsahibi səfir Fuad İsgəndərov olub.

AZƏRTAC səfir Fuad İsgəndərovun
“EurActiv” xəbər portalına müsahibəsini təqdim edir.

– Avropa İttifaqının Brüsseldə keçirilmiş V Şərq Tərəfdaşlığı Zirvə toplantısını necə dəyərləndirərdiniz?

– Mən artıq beş ildir ki, bu şəhərdəyəm və üç Şərq Tərəfdaşlığı Sammitində iştirak etmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, indiyədək iştirak etdiyim ən yaxşı Sammit oldu. Çox konstruktiv, gələcəkyönümlü, real siyasətə əsaslanan, ölkələri və insanları birləşdirən və onları yaxınlaşdıran toplantı oldu.

– Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Azərbaycan üçün ən vacib ismarıc nədir? 

– Sənəddə Azərbaycan üçün çoxsaylı müsbət ismarıclar yer alıb. Gəlin, ən açığından başlayaq. Bu, Avropa İttifaqının üzv ölkələri tərəfindən bütün tərəfdaş dövlətlərin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsidir. Münaqişələrin həlli məsələlərində bölücü və ayrı-seçkilik səciyyəsi daşıyan heç bir yanaşma olmadı. Yəni, hər hansı münaqişənin həllinə ayrıca vurğu edilmədi. Burada olduqca aydın mövqe və ümumi yanaşma ortaya qoyuldu: münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyi əsasında həllini tapmalıdır. Bu mövqe dörd Şərq Tərəfdaşlığı ölkəsi üçün böyük əhəmiyyət kəsb edib. Təəssüf ki, altı tərəfdaş ölkədən dördü bu münaqişələrə cəlb olunub və həmin bu münaqişələrin səbəbləri hamıya aydındır. Lakin biz Birgə Bəyannamədə bu münaqişələrin təfərrüatlarına varsaydıq, bu, uğursuz olacaqdı. Belə ki, Avropa İttifaqı qarşıdurmaların yaşandığı “döyüş meydanı”na çevriləcəkdi. Lakin Avropa İttifaqı üzv ölkələri və Şərq tərəfdaşları bu məsələdə vahid mövqedən çıxış etdilər. Bizim məsələyə ümumi yanaşmamız oldu və bu, bizə imkan verdi ki, Şərq Tərəfdaşlığı platformasını ölkələrin inkişafına, müstəqillik və suverenliliyi məsələlərinə həsr edək. Bu, artıq kifayət edir.  

– Azərbaycana görə ərazi bütövlüyü Dağlıq Qarabağ, Ukraynaya görə Krım və Donbas, Moldovaya görə Dnestryanı bölgə, Gürcüstana görə Abxaziya və Cənubi Osetiya ilə əlaqəlidir. Sizcə, Zirvə toplantısının bu xüsusda verdiyi ismarıc aydın idimi?

– Əlbəttə... Bilirsiniz, bu münaqişələri fərqli adlandıra bilərsiniz. Hər münaqişə ayrı-ayrı ölkələrin ərazisində baş verir. Lakin nəzərə almaq lazımdır ki, bu münaqişələr yoluxucu mahiyyət daşıyır. Əgər bu gün münaqişələr yalnız qonşuluqda baş verirsə, ertəsi günü onlar Avropanın daxilinə sıza bilər. Biz regionda, hətta Avropa İttifaqının daxilində baş verən prosesləri görürük və inanın ki, bütün bunlar Avropanın təhlükəsizliyini, onun daxili və xarici siyasətini ciddi təhdid edir. Sevindirici haldır ki, bu məqam Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasında, həmçinin Sammitin Birgə Bəyannaməsində əksini tapıb. Bu istinad Birgə Bəyannamənin özülünü təşkil edir. Başqa sözlə, Avropa İttifaqının bu məsələdə mövqeyi Qlobal Strategiyaya əsaslanır. Bu, o deməkdir ki, biz birliyimizi süni şəkildə yaradılmış və digər oyunçular tərəfindən idarə olunan münaqişələrin təsirlərindən qorumalıyıq.

– Birgə Bəyannamədə başqa hansı məsələləri işıqlandıra bilərsiniz?

– Birgə Bəyannamə və nümayəndə heyətlərinin başçılarının çıxışları daha geniş məzmun daşıyırdı. Çıxışlarda çox məqamlar, ilk növbədə, bağlantıların yaradılması məsələsi əksini tapıb. Ölkələr və insanlar arasında əlaqələr, nəql marşrutları...Cənub Qaz Dəhlizi sənəddə xüsusi işıqlandırılıb. Azərbaycan-Avropa İttifaqı yeni ikitərəfli Sazişi üzrə danışıqlara xüsusi istinad verilib. Həmçinin Vahid Aviasiya Məkanı Sazişi üzrə davam edən danışıqlara toxunulub. Sənəddə, həmçinin bildirilir ki, Azərbaycan Avropa İttifaqı ilə vizaların ləğvi ilə bağlı danışıqların başlanılmasına hazır olmalıdır. Bu, yeni yanaşmadır.

Birgə Bəyannamənin “2020 məqsədləri” adlanan əlavəsi də var. Burada əks olunan məqamlar tamamilə praqmatik - gələcəkyönümlü və strateji mahiyyət daşıyır. Zirvə toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini tərəfindən Avropa və Asiya nəqliyyat marşrutlarını birləşdirəcək Trans-Avropa Nəqliyyat şəbəkələrinin Azərbaycana doğru uzadılması haqqında vacib sənəd imzalandı. Bu, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Azərbaycan üçün yeni əhəmiyyətli perspektivlər yaradır. Qonşuların iştirakı ilə bu cür nəqliyyat layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilir. Məhz buna görə bu sənəd bizim üçün olduqca əhəmiyyətlidir. Əgər siz məndən bütün bunları ümumiləşdirməyimi istəsəniz, deyə bilərəm ki, Birgə Bəyannamə gələcəkyönümlü, real və praqmatik siyasətə əsaslanan və tərəfdaş ölkələrin ehtiyaclarını əks etdirən sənəd olmuşdur. 

– Avropa İttifaqı ilə ikitərəfli münasibətlərin gündəliyində duran növbəti addımlar nədir?

– İlk növbədə, Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsi üzrə danışıqların davam etdirilməsini deyə bilərəm. Cümə günü Zirvə toplantısı bitdikdən sonra biz dərhal bazar ertəsi günü siyasi-təhlükəsizlik fəsli üzrə danışıqların növbəti raundunu keçirdik. Bu danışıqlar davam edəcək. Ümid edirəm ki, biz bu prosesi həyata keçirdiyimiz birgə iri iqtisadi layihələrlə sinxron şəkildə aparacağıq. Hər iki prosesin paralel şəkildə getməsi bizə əvvəllər müşahidə etmədiyimiz mühüm nəticələrin əldə olunması üçün müstəsna imkanlar yaradacaq. Siyasi sahənin bütün seqmentlərində, o cümlədən insan hüquqları, demokratiya, mədəniyyət, təhsil, multikulturalizm sahəsində dialoq güclü iqtisadi-kommersiya əməkdaşlığı üzərində qurulmalıdır. Cənub Qaz Dəhlizi nəqliyyat bağlantılarının yaradılması bizim çatmaq istədiyimiz hədəflərdir. Belə olan halda Azərbaycan-Avropa İttifaqı münasibətləri Avropa Qonşuluq Siyasətində “başağrısı” elementi kimi deyil, yeni nailiyyət kimi qiymətləndiriləcək. Bu şəraitdə Avropa İttifaqı qonşularının qonşularını əməkdaşlığa cəlb edə biləcək. Əmin ola bilərsiniz ki, Azərbaycan ciddi əhəmiyyət daşıyan qonşuluğa malik ölkə kimi məhz bundan sonra Avropa İttifaqının ən yaxşı və tərəfdaşlığı müəyyən edilə bilən subyektə çevriləcək. 

Qeyd edək ki, müsahibənin videosu ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.euractiv.com/section/azerbaijan/video/ambassador-for-azerbaijan-this-was-the-best-eastern-partnership-summit/

Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında