Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyündən 10 il keçir. Tarixi baxımdan uzun zaman olmasa da, bu 10 il ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
AzərTAc-ın Azərbaycanın Avropa Şurasına üzvlüyünün əhəmiyyəti barədə və digər suallarını Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva cavablandırmışdır.
-Qənirə xanım, Azərbaycanın Avropa Şurasına üzvlüyünü necə qiymətləndirirsiniz və biz nələri əldə etmişik?
- Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvüdür. Əgər biz arxaya dönüb baxsaq, bu 10 il ərzində nə qədər böyük nailiyyətlər əldə etdiyimizi görərik. Ümummilli liderimizin Avropa Şurasındakı çıxışını yaxşı xatırlayıram. Ulu öndər vurğulamışdır ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması Avropa tərəfindən Azərbaycanın müstəqilliyinin, suverenliyinin tanınması ilə yanaşı, Azərbaycanın Avropanın bir hissəsi kimi qəbul olunması, eyni zamanda, ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcıdır.
Bu əməkdaşlıqdan hər iki tərəf - həm Azərbaycan, həm də Avropa Şurası qazanmışdır. Demokratik təsisatların inkişafı, söz, mətbuat azadlığı, insan hüquqlarının təminatı, qanunun aliliyinin daha yaxşı qorunması baxımından çoxlu sayda konvensiyalara qoşulmağımız, qanunvericiliyimizdə edilən dəyişikliklər, modern qanunların qəbulu, yeni institutların yaradılması məhz bu qəbildəndir. Ölkəmizdə ombudsman institutu, ictimai televiziya yaradılmış, Azərbaycan vətəndaşları Avropa məhkəməsinə müraciət hüququ əldə etmişlər.
Bir faktı da qeyd edim ki, Avropa Şurasına daxil olan zaman bizə münasibət birmənalı deyildi. Erməni lobbisi əleyhimizə çox geniş fəaliyyət göstərirdi. Amma bu gün Azərbaycanın təşkilatdakı nüfuzu çox yüksəkdir.
Azərbaycan ilə Avropa Şurası arasında yüksək səviyyədə əməkdaşlığın bünövrəsi Prezident İlham Əliyevin nümayəndə heyətinə rəhbərliyi ilə qoyulmuşdur. İlk nümayəndə heyətinin rəhbəri kimi İlham Əliyevin Ermənistanın işğalçılıq mövqeyinin daim gündəmdə saxlanması nəticəsində Azərbaycan bu istiqamətdə çox böyük uğur əldə etmişdir.
-Konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uğurumuz nədən ibarət idi?
- İlk ən böyük uğurumuz AŞPA-da 1416 saylı qətnamənin qəbulu olmuşdur. Düzdür, bu qətnamənin icrası ləngiyir, onun həyata keçirilməsində heç bir irəliləyiş yoxdur. Amma biz bu sənədin qəbuluna nail olmuşuq. Avropanın bütün ölkələrini əhatə edən bir qurumun Ermənistanı işğalçı kimi tanıması çox böyük uğur idi. O sənəddə birmənalı olaraq Ermənistandan hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına dönməsinə imkan yaratması tələb olunur.
-AŞPA-da bu qətnamənin həyata keçirilməsinə nəzarət etmək üçün alt komitə də yaradılmışdı. Bu komitənin aqibəti necə oldu?
- Bilirsiniz ki, ermənilər bu alt komitənin yaranmasını istəmirdilər. Komitənin birinci sədri lord Rassel Constonun vəfatından sonra qurumun fəaliyyəti dayanmışdır. Ermənistan nümayəndə heyəti bu komitənin fəaliyyətinin bərpasına mane olurdu. Lakin onların bütün cəhdlərinə baxmayaraq, komitənin fəaliyyəti yenidən bərpa olundu. Azərbaycan nümayəndə heyətinin çox ciddi səyi nəticəsində AŞPA-nın Bürosu komitənin yenidən fəaliyyətinə başlaması barədə qərar qəbul etmişdir. Komitənin yeni sədri də seçilmişdir. Bu da bizim üçün yeni imkanlar yaradır. Biz təbii ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işimizi komitənin fəaliyyətə başlaması ilə bitmiş hesab etmirik. 1416 saylı qətnamədən sonra Ermənistanın işğal etdiyi torpaqlarımızda tarixi mədəni abidələrimizi, qəbiristanlıqları dağıtması, yanğınlar törətməsi, Xocalı soyqırımı və digər məsələlərlə bağlı çoxlu sənədlər hazırlayaraq Assambleyada yaymışıq.
Onu da deyim ki, alt komitənin sədri Parlament Assambleyasına hesabat verəcəkdir. Çünki komitənin əsas vəzifəsi 1416 saylı qətnamənin icrasına nəzarət etməkdir. Onu da qeyd edim ki, bu qətnamənin qəbulu, komitənin yaranması Ermənistanın çox böyük uğursuzluğudur. İnamla deyə bilərəm ki, Ermənistanın məğlubiyyəti bundan sonra da davam edəcəkdir.
- AŞPA-nın qış sessiyasında bu qurumda islahatlar mövzusu da müzakirə olunmuşdur. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, qış sessiyasında Avropa Şurasında islahatlar mövzusu geniş müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyəti bu islahatlarla bağlı təkliflər də vermişdir. Biz təklif etmişik ki, AŞPA-nın qəbul etdiyi qərar və qətnamələrin üzv ölkələrdə necə yerinə yetirilməsinə ciddi nəzarət olunsun. AŞPA-nın qərar və qətnamələrini yerinə yetirməyən ölkələrə qarşı təsir mexanizmi olmalıdır. Biz təsir mexanizmlərini təkmilləşdirməliyik. Bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.
- Bəzən ikili standartlardan danışırlar. Azərbaycan nümayəndə heyəti ikili standartlarla qarşılaşırmı?
- Bəli, bəzən belə hallar olur. Azərbaycanda hansısa kiçik bir hadisəni böyüdüb təqdim edənlər, başqa ölkələrdəki faciələri görmək istəmirlər. Azərbaycanda konkret cinayətə görə həbs olunmuş şəxsləri "siyasi məhbus" kimi qələmə verməyə çalışanlar Ermənistanda türmələrə atılan deputatlar, jurnalistlər, fərqli düşüncəli insanlar barədə danışmaq istəmirlər. Təbii ki, bu bizi narahat edir və Azərbaycan nümayəndə heyəti buna həmişə öz etirazını bildirir. Amma bu bizim Avropa Şurası ilə əməkdaşlığımıza maneə ola bilməz. Biz Avropa Şurası ilə əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, ölkəmizin gələcəyini gördüyümüz Avropaya inteqrasiyanı, demokratik təsisatların, söz, mətbuat azadlığının, qanunun aliliyinin inkişafı istiqamətində fəaliyyətimizi daha da sürətləndirəcəyik. Dövlətimizin başçısı İlham Əliyevin də mövqeyi belədir və bu bizi daha da ruhlandırır.
- Qarşıda Xocalı soyqırımının növbəti ildönümü gəlir, bununla bağlı hansı addımlar atılmışdır və ya atılacaqdır?
- Qış sessiyası çərçivəsində Xocalı soyqırımının ildönümü ilə bağlı AŞPA-nın yazılı bəyannaməsi də qəbul olunmuşdur. Bəyannamədə Xocalı soyqırımı ifadəsi yazılmışdır. Biz təkcə Xocalı soyqırımı ilə bağlı deyil, digər faciələrimizin də Avropada tanınması, hüquqi, siyasi qiymətinin alması istiqamətində işlər görürük və bundan sonra da görəcəyik.
-Siz dediniz ki, artıq AŞPA-da Azərbaycana münasibət dəyişib. Bunu ölkəmizin nüfuzunun daha da artması kimi qiymətləndirmək olarmı?
- Bizim üçün ən vacib məsələlərdən biri də Azərbaycanın nüfuzunun artmasıdır. Beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasında Azərbaycanın nüfuzu əsaslı dərəcədə artmışdır. Xüsusilə, bəzi mövzular vardır ki, Azərbaycan haqqında çox yüksək fikirlər söylənilir. Məsələn, mədəniyyətlər və sivilizasiyalararası dialoq mövzusunda Azərbaycan Şərq ilə Qərbin arasında çox önəmli bir modern körpüdür. Müxtəlif dinlərin, millətlərin nümayəndələrinin Azərbaycanda bərabər yaşamaları, eyni hüquqa malik olmaları yüksək qiymətləndirilir. Eyni zamanda, Avropada həm Azərbaycan Prezidentinin, həm də Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətlər və sivilizasiyalararası dialoqa önəm vermələrinə, həyata keçirdikləri çoxsaylı tədbirlərə çox uğurlu bir model kimi baxırlar. Bu da bizi çox sevindirir və bizim üçün yeni imkanlar yaradır. Mən inanıram ki, Azərbaycanla Avropa Şurası əməkdaşlığının 20-ci ilində daha fərqli şeylərdən danışacağıq. Çünki o vaxt bu 10 ildə qazandığımızdan daha çox nəticələr əldə edəcəyik.
{nl}
Xətai ƏZİZOV, AzərTAc-ın xüsusi müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.