Ümummilli mənafeyə əsaslanan xarici siyasət uğurlu nəticəsini verməkdədir

Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan Birgə Bəyannamədə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafı xüsusi vurğulanıb. Eyni zamanda, “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasının çox mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Ölkəmizin bu sahədə təşəbbüslərinin dəstəkləndiyi bildirilib. Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışında da bu məqama toxunub: “Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır.Genişmiqyaslı enerji layihəsi olan “Cənub” qaz dəhlizi uğurla inkişaf edir.Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunun Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək.”

Yeri gəlmişkən, cənab İlham Əliyev sözügedən sammitdəki çıxışında bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq aləmdə mühüm önəm daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir”.

Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən Zirvə görüşündə Azərbaycan üçün ən önəmli məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət olub. Sammitdə qəbul olunan Birgə Bəyannamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi öz əksini tapıb. Bu isə onu göstərir ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin daha da möhkəmləndirməsi istiqamətində apardığı siyasət, xüsusilə ölkəmizə səfər edən Aİ nümayəndələri ilə açıq söhbətləri, bir çox hallarda onlarla bağlı tənqidi yanaşmaları öz bəhrəsini verib. Bu baxımdan ölkə başçısının 52-ci Münxen Təhlükəsizlik Konfransındakı, BMT Baş Assambleyasının 72-ci sessiyasındakı tarixi çıxışları, Avropa İttifaqının rəsmiləri ilə görüşləri və Aİ-yə üzv olan dövlətlərlə imzalanan strateji tərəfdaşlıq sazişlərinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Sammitdə Şərq Tərəfdaşlığına üzv dövlətlərdə münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsinə də toxunulub. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll edilməsi xüsusi diqqətə çatdırılıb.

Xatırladım ki, həmin qətnamələrdə erməni silahlı qüvvələrinin heç bir şərt irəli sürmədən işğal olunan əraziləri tamamilə tərk etmələri vurğulanıb. Onu da deyim ki, ATƏT, AŞPA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və NATO tərəfindən bu məsələ ilə bağlı müvafiq sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Brüsseldə imzalanan sənəddə  bu məsələnin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənddə də öz əksini tapması Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin daha bir diplomatik uğurudur.

Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, cənab İlham Əliyevin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsi istiqamətində apardığı müstəqil, xalqın siyasi iradəsinə, ümummilli mənafeyə söykənən siyasəti öz bəhrəsini verməkdədir.

Ağalar VƏLİYEV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında