Azərbaycanın xarici siyasətinin növbəti uğuru

Xəbər verildiyi kimi,  bugünlərdə Azərbaycan  Prezidenti İlham Əliyev Belçika Krallığında səfərdə olarkən, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Dövlətimizin başçısı  sammitin plenar sessiyasında çıxış etmiş və ölkəmizin inkişafı, iqtisadi qüdrətini daha artırması, iri infrastruktur layihələrinin reallaşdırılması və bu layihələrin əhəmiyyəti, Avropa İttifaqı ilə əməkdaşlığın zəruriliyindən söhbət açmışdır.

Avropa İttifaqı ilə tərəfdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı bu ilin fevralında yeni sazişlə bağlı fəal danışıqlara başlanılması ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacağı barədə məlumat verərək diqqətə çatdırmışdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Qeyd olunmuşdur ki, ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Bununla yanaşı,  üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrin fəal şəkildə inkişaf etdirilməsi barədə də sammit iştirakçılarına məlumat verilmişdir. Tədbir iştirakçılarına bəlli olmuşdur ki,  Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə  Avropa İttifaqına üzv ölkələrin üçdə birinin Azərbaycanı strateji tərəfdaş hesab etməsi deməkdir. Təbii ki,  cəmi 26 illik müstəqillik tarixi olan bir ölkə üçün bu,  çox böyük diplomatik uğurdur.

Dövlətimizin başçısı bir daha  bildirmişdir ki, Azərbaycan siyasi və iqtisadi islahatlar strategiyasını davam etdirir:  “Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik”.

Şərq Tərəfdaşlığı Sammitində ən yaddaqalan və xalqımız üçün çox önəmli olan hadisələrdən biri Birgə Bəyannamənin qəbul edilməsidir. Ermənistan tərəfinin bu sənədə onun işğalçı maraqlarına uyğun maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb.  Avropa İttifaqının bu cür mötəbər tədbirində Azərbaycanın maraqlarına cavab verən belə bir mühüm sənədin qəbul olunması olduqca vacib hadisədir.  Fikrimcə, bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bunu bəyannamənin maddələri də təsdiqləyir. Bu tarixi sənəddə diqqət çəkən əsas məqamlardan biri  üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsidir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və praqmatik  siyasətin  davamı Şərq Tərəfdaşlığı Sammitində özünü bir daha açıq  şəkildə göstərdi. Bunu, həm də son illər həyata keçirilən transmilli layihələrin nəticəsi kimi də qəbul etməliyik.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyətli rol oynayan dövlətə çevrilməsi artıq beynəlxalq aləmdə də etiraf olunur. Bununla yanaşı, ölkəmizin  bir sıra mühüm nəqliyyat-kommunikasiya layihələrində təşəbbüskar olması, tranzit ölkə kimi çıxış etməsi Avropanın respublikamıza münasibətini  getdikcə dəyişib.

Birgə Bəyannamənin qəbul edilməsinə təkan verən amillərdən biri  son dövrlər Avropada geniş vüsət alan separatizm dalğasıdır. Bu fakt Avropa İttifaqını dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələsini ön plana çəkməyə vadar edir. Son illər  Avropanın  özünün separatizmdən, parçalanmadan  necə əziyyət çəkdiyinin şahidiyik. Son illər Avropa miqrant axınında böğulur. Məhz bu baxımdan da bir sıra məsələlərə daha ədalətli və konkret münasibət göstərilir. Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilməsi də bu ədalətin təntənəsidir.  Qeyd etdiyimiz kimi, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Birgə Bəyannamənin  bəndlərinin birində  Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının da öz əksini tapması xarici siyasətimizin uğuru kimi dəyərləndirilməlidir. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Göründüyü kimi, Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə  yüksəlir, mövqeyi möhkəmlənir.  Beynəlxalq birlik işğalçı dövlətlə əməkdaşlıq etmək fikrində deyil. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycanın  Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsinin xüsusi yer alması ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.

Yusif  BABANLI,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında