Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində imzalanmış Birgə Bəyannamədə yer almış bəndlər Azərbaycan ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.
Şərq Tərəfdaşlığı ölkələri rəhbərlərinin, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə qəbul edilmiş sənəd birmənalı olaraq Azərbaycanın son illərdə apardığı xarici siyasətin növbəti uğuru kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, sammitdə Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə dəstəklənib və bu addım Ermənistan rəhbərliyi və ümumilikdə dünyadakı erməni lobbisinin böyük canfəşanlığına məhəl qoyulmadan atılıb. Beləliklə, Avropa İttifaqı ilə imzalanmış Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə qeyd edilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”.
Təbii ki, Avropa İttifaqında bu cür birmənalı qənaətə gəlinməsini təsadüf hesab etmək olmaz. Bunun üçün Azərbaycan tərəfinin, xüsusən Prezident İlham Əliyevin böyük siyasi səylər göstərdiyi ayrıca vurgulanmalıdır. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq və Avropa tribunalarından bəyan edib ki, Azərbaycana qarşı münasibətdə ikili standartlara son qoyulmalı, təcavüzkara qarşı lazımi mövqe nümayiş etdirilməlidir. Şərq Tərəfdaşlığı Sammitində də Prezident İlham Əliyev özünün qəti mövqeyini ifadə etdi: “XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməli və onun bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır... Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir”.
Prezident, eyni zamanda, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirdiyini və 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini söyləyib. “Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş sayır. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir”.
Bundan əlavə, Azərbaycan Prezidenti qeyd edib ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmək niyyətindədir, enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı bir sıra birgə layihələr həyata keçirərək Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bütün bunlar son nəticədə Brüsseldə imzalanmış sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin prinsipial olaraq dəstəklənməsi və bunun Birgə Bəyannamədə ayrıca bənd şəklində öz əksini tapması ilə yekunlaşdı. Şübhəsiz ki, Avropa İttifaqının bu dəfə öz mövqeyini qəti şəkildə ortaya qoyması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Üstəlik, bütün bunlar erməni lobbisinin ciddi-cəhdlərinin ziddinə baş verib. Sammitlə bağlı verilən məlumatlardan aydın olur ki, istər Ermənistan nümayəndələri, istərsə də erməni lobbisi və onlara dəstək verənlər buna mane olmağa çalışmış, lakin son nəticədə məğlubiyyətə düçar olmuşlar.
Bəyannamənin başqa bir bəndində Şərq Tərəfdaşlığı dövlətlərində münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsi ifadə olunub. Bunlar isə Helsinki Yekun Aktında, ATƏT-in 1990-cı il Paris Xartiyasında və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasında öz əksini tapmış müddəalardır. Bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birmənalı olaraq beynəlxalq hüququn normaları çərçivəsində həllini tələb edir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkətının sənədlərində də erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası tələbi yer alıb.
Bunları nəzərə alaraq bir daha xatırlatmalıyıq ki, Ermənistan dünya ictimaiyyətinin ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqeyinə hörmətlə yanaşmalı, işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Əks halda mövcud beynəlxalq sənədlərə istinad edən Azərbaycan tarixi torpaqlarının bütünlüyünü başqa yollarla həll etməli olacaq ki, bu da Ermənistan üçün böyük itkilər bahasına başa gələcək.
İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.