“Brüsseldə Azərbaycan diplomatiyasının qazandığı ciddi uğura çox sevinirəm”

Bu günlərdə Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində imzalanan Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyüyün  birmənalı şəkildə dəstəklənməsi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan vətəndaşları haqlı olaraq hesab edirlər ki, belə bir mötəbər qurumun qitənin hər yerində olduğu kimi, Cənubi Qafqazda da separatizmə qətiyyətlə “yox” deməsi ölkəmizin işğal altında olan torpaqlarının tezliklə azad olunması üçün əlverişli şərait yarada bilər.

Bu barədə “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi İdarə Heyətinin sədr müavini Vaqif Rüstəmov bunları dedi: 

- Mən mətbuatda bu mühüm sənədin məğzi ilə diqqətlə tanış oldum. Orada məxsusi qeyd edilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Bu, o deməkdir, erməni separatçılarının Azərbaycan torpaqlarında qondarma dövlət yaratmaq xülyaları puça çıxır.

Bu vacib sənəddə qitənin bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasından narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək nümayiş etdirilir. Bu, heç də təsadüfi deyil. Axı, bu gün Avropanın bir sıra ölkələrində baş qaldıran separatizm meyilləri Avropa dövlətləri üçün ciddi təhdiddir. 

Bu sənədi birmənalı olaraq dövlətimizin və diplomatiyamızın uğuru hesab edirəm. Görünən budur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan müdrik xarici siyasət kursu real nəticələr verir. Avropa İttifaqı kimi nüfuzlu bir təşkilat, eləcə də digər sanballı beynəlxalq təşkilatlar müstəqil Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul edirlər. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan dövləti son illər iqtisadi cəhətdən güclənib, ölkəmizin müdafiə qüdrəti artıb. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq tam müstəqil siyasət yürüdür. Bütün bunlar Azərbaycanın dünya birliyində nüfuzunu artırıb.

Sirr deyil ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsi, ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən birbaşa asılıdır. Ümid edirəm ki, sözügedən bəyannamə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcək.

Ermənistan nümayəndə heyəti Brüsseldə bu dəfə də Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb, lakin ermənilərin niyyətləri tam iflasa uğrayıb. Ermənilər öz böhtan və iftiraları, saxta yalanları ilə bundan sonra dünyanı aldada bilməyəcəklər. Onlar işğalçıdırlar və işğal etdikləri ərazilərdə etnik soyqırımı həyata keçiriblər. Bu, reallıqdır, necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz.

Avropada ciddi siyasətçilərin artıq çoxu başa düşür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə məhz işğalçı tərəf olan Ermənistan mane olur. Lakin işğalçıların səyləri əbəsdir, qoy düşmən unutmasın ki, Azərbaycan dövləti öz torpaqlarını düşməndən azad etmək iqtidarındadır.  Sadəcə, Azərbaycan xalqı münaqişəni sivil, dinc yolla həll etmək istəyir. Düşmən əks təqdirdə qoy özündən küssün!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında