Azərbaycanın qüdrətli dövlətə çevrilməsi YAP üzvlərində qürur hissi yaradır

Bu günlər xalqımız möhtəşəm bir hadisəni – inkişafımızda, təhlükəsizliyin, sabitliyin qorunmasında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının 25 illiyini qeyd edir. Ötən   müddətdə yüz minlərlə insanı öz ətrafında birləşdirən bu nəhəng siyasi birlik ölkəmizin daxili və xarici siyasətində aparıcı mövqeyə sahib olub.   

Bu gün YAP-ın yaranma zərurətini incələmək, həmin vaxt baş verən hadisələrdə bu siyasi birliyin göstərdiyi prinsipial mövqeni öyrənmək və dəyərləndirmək cəmiyyətimiz üçün çox vacibdir. Ümumiyyətlə, YAP hər  bir azərbaycanlının yaddaşında ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və uzun illərin idarəetmə təcrübəsini növbəti dəfə ölkəmizdəki problemlərin həllində istifadə etməsi ilə qalmışdır. Həmin çətin, keşməkeşli illər hər bir azərbaycanlının yaxşı yadındadır. Məhz ulu öndər Heydər Əliyevin prinsipiallığı, qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycanda siyasi vəziyyətin sabitləşməsi baş verir və ölkəmizin inkişafı öz məcrasına düşür.  İnkaredilməz fakt budur ki, əgər 1993-cü ildə ümummilli liderimiz   xalqın təkidi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz dövlət müstəqilliyini itirə bilərdi. 1993-cü ildən sonrakı dövrdə isə vəziyyət getdikcə sabitləşməyə başladı. Keçilən yol bir daha ulu öndər Heydər Əliyevin məlum fikrini bir daha təsdiqlədi: “Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Mən həm Milli Məclisin deputatı, həm də bir vətəndaş olaraq bildirmək istəyirəm ki, həmin illərdə tibb sahəsində Türkiyədə təhsil alan gənc bir insan olaraq, hadisələri diqqətlə izləyir və bütün azərbaycanlı tələbələr kimi narahatlığımı gizlədə bilmirdim. Azərbaycanda səhiyyə sistemi çox ağır vəziyyətdə idi. Müharibə şəraiti, ictimai xaos, siyasi münasibətlərdəki   qarışıqlıq  dövləti iflic vəziyyətə salmışdı. Xəstəxanalarda çarpayı çatışmazlığı, tibb məntəqələrinin qızdırılmaması, elektrik enerjisi ilə təmin olunmaması şəraitində yaşayırdıq.  

Biz bunlara görə, təbii ki, narahatlıq keçirirdik. Lakin  Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsindən sonra  reallaşdırılan islahatlar bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də müsbət nəticələrlə özünü göstərməyə başladı. Yeni səhiyyə ocaqları istifadəyə verildi, köhnə xəstəxanalar dünya standartlarına uyğun təmir olundu, bu sahədə maddi-texniki baza möhkəmləndirildi. Səhiyyə islahatları təkcə Bakıda deyil, bütün bölgələrdə həyata keçirildi. 
Bunun nəticəsidir ki, ötən illər ərzində 600-dən çox xəstəxana  əsaslı təmir olunub, onlarca yeni tibb müəssisəsi  tikilib. Sözügedən sektorda  bir vaxtlar xəyal olan ən mürəkkəb tibbi əməliyyatlar, məsələn,  açıq ürək əməliyyatları reallaşdırılıb. Bütün bunlar isə  Azərbaycanda  tibb elminin inkişafını göstərir. Bu isə heç şübhəsiz ki, məhz Yeni Azərbaycan Partiyasının ötən illər ərzində iqtidarda olduğu bir dövrə təsadüf edir və dövlət başçımız İlham Əliyev tərəfindən bu inkişaf xətti qətiyyətlə davam etdirilir. Əlbəttə, bu baxımdan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi islahatlar, əldə olunan uğurlar hər birimizin yaxşı xatirindədir və prosesin davam etməsi bizi məmnun edir və sabahımıza daha da ümidləndirir. 

Azərbaycanın getdikcə güclənməsi  hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır. Bu gün möhkəm təməllər üzərində irəliləyən partiyamız  Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə, yeniləşmə siyasətinə güclü təsir göstərir.

Yeni Azərbaycan Partiyası hər bir azərbaycanlının rifahının daha yüksəlməsi üçün çalışır və bunun üçün partiyanın tərkibində kifayət qədər proqressiv, dərin düşünən, intellektual kontingent cəmləşib.  Mən Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edirəm. Bu fraksiyaya daxiləm və bununla fəxr edirəm. Düşünürəm ki, Azərbaycan YAP-ın   öndərliyi ilə çox böyük uğurlar qazanacaq. Biz gələcəyimizə çox inamla baxırıq. Çünki Azərabaycandan Tanrı heç nəyi əsirgəməyib. Bu xalqın şərəfli keçmişi olduğu kimi, bu günü də tarixə qızıl hərflərlə yazılır. Bu dəyərlərin sahibi olduğu ölkəmizdə ümummilli lider Heydər Əliyev siyasi dühasına böyük ehtiyac var idi və Tanrı zamanında bu şəxsiyyəti xalqımıza bəxş etdi. Heydər Əliyev bütün varlığı ilə xalqına sadiqliyini göstərdi.

Dahi öndərin  hakimiyyətə yenidən qayıtdığı dövrdə Azərbaycanı Türkiyədən başqa heç bir dövlət yaxşı tanımırdı. İndi isə ölkəmizlə dünyanın, demək olar ki, bütün dövlətləri mühüm siyasi və iqtisadi əlaqələr qurub. Azərbaycan bu gün dünyanın ən böyük humanitar, iqtisadi və idman tədbirlərinə ev sahibliyi edir. Respublikamız hazırda  dünyada Cənubi Qafqazın, postsovet məkanın ən nüfuzlu ölkələlərindən, siyasi-iqtisadi, humanitar mərkəzlərindən biri kimi tanınır. Hər bir vətəndaş öz dəyərlərinə daha çox sadiq olarsa, Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik ənənələrinə daha çox sahib çıxarsa, Azərbaycan dövlətinin sabahı daha firavan, daha qürurverici olar. Buna isə hamımız qəlbən inanırıq.

Rəşad MAHMUDOV,
Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında