Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi heç kimin xeyrinə deyil, həll yolu tapılmalıdır

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Bakıda keçirdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında müzakirə etdikləri məsələlər barədə məlumat veriblər.

Elmar Məmmədyarov görüşdə Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rolunun müzakirə edildiyini söyləyib. “Mən cənab naziri Azərbaycanın mövqeyi və Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə keçirdiyimiz son müzakirənin nəticələri barədə məlumatlandırdım. Bu görüşdə konkret məsələlər müzakirə edilib və münaqişənin həlli üçün bir sıra variantlar əldə olunub”, - deyə nazir qeyd edib.

Elmar Məmmədyarov deyib: “Ümumilikdə görüşün nəticələrini müsbət qiymətləndirirəm. Həllini tələb edən bəzi məsələlər var, biz də xoş niyyətlə bu məsələləri müzakirə etdik və ortaq nöqtələr tapmaqla bağlı razılığa gəldik. Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var, ticarət dövriyyəsinin həcmi ilbəil artır. Biz artıq Azərbaycan ilə Rusiya arasında çoxmilyardlı ticarət dövriyyəsindən danışa bilərik. Hesab edirik ki, bu məbləği daha da artırmaq olar”.

Nazir qeyd edib ki, görüşlərdə, həmçinin parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. O qeyd edib ki, bir çox platformalarda Azərbaycan ilə Rusiyanın mövqeləri üst-üstə düşür. Ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq genişlənir. Biz, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 25 ili ərzində çox böyük uğurlar əldə olunub. Sözsüz ki, bu uğurların təməlində Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri dayanır. Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələri, o cümlədən ticarət, hərbi, parlamentlərarası, təhsil sahələrini əhatə edir.

Sergey Lavrov deyib ki, azərbaycanlı həmkarı ilə görüşlərdə, həmçinin ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr də müzakirə olunub. Biz beynəlxalq platformalar, o cümlədən BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, MDB çərçivəsində sıx əməkdaşlıq edirik. Biz, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinə də toxunduq. Bu münaqişə heç kimin xeyrinə deyil, həll yolu tapılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək.

Mətbuat konfransı çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş xatirə zərfinin təntənəli şəkildə möhürlənməsi və mübadiləsi mərasimi olub.

Zərfləri Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri möhürləyiblər.

Sonra xarici işlər naziri Sergey Lavrov Moskva vilayətinin Lyubereçkom rayonu ərazisində Pexorka çayında batmaqda olan iki azyaşlı uşağı xilas edərkən faciəvi şəkildə həlak olmuş Salam Nağıyevin təltif edildiyi “Suda batanları xilas etdiyinə görə” medalını Rusiya Fövqəladə Hallar Nazirliyi adından onun atası Həmdulla Nağıyevə təqdim edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında