Bahar Muradova: YAP müasir və güclü Azərbaycan quruculuğu işində hər zaman aparıcı siyasi qüvvə olub və olacaq

Bu günlərdə ölkəmizdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının yaranma tarixi, ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rol ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

-Bahar xanım, ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən amillər barədə danışmağınızı xahiş edirik.

-Dövlətçilik tariximizdə, ölkəmizin ictimai-siyasi həyatında çox mühüm rol oynayan, Azərbaycanın ən mütəşəkkil, qüdrətli siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür. Bu günlər həm Yeni Azərbaycan Partiyasının strukturları, həm də ayrı-ayrı müəssisə, təşkilat, idarə kollektivləri tərəfindən respublikamızın hər yerində bu münasibətlə çoxsaylı tədbirlər keçirilir. Bu, təbiidir. Çünki qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası xalqımızın, dövlətimizin həyatındakı iştirakına, roluna, verdiyi töhfələrə görə daim diqqət mərkəzində olan bir siyasi təşkilatdır və onun 25 illik yubileyi Azərbaycanı sevən hər kəsin bayram etdiyi bir gündür. Yubiley həm də bir hesabatdır. Bu günlər biz 25 il bundan əvvələ nəzər salırıq. İlk olaraq həmin dövr, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblər yada düşür. Azərbaycan müstəqilliyinin bərpasını yenicə elan etmişdi. Amma bundan sonrakı məntiqi addımları atmaq üçün müəyyən mənada məhdudiyyətlər yaranmışdı. Azərbaycana xaricdən müdaxilələr, yenicə elan olunmuş müstəqilliyimizə maneçilik törətmək, ölkəmizi tutduğu yoldan döndərmək, beynəlxalq maraqlı dairələrin iqtisadi, siyasi və hərbi maraqlarını burada reallaşdırmaq istəyən qrupların istəklərinə tabe etmək istiqamətlərində cəhdlər var idi. Separatizm baş alıb gedirdi və bu da bir çox hallarda xaricdən körüklənirdi. Görün, Azərbaycanda nə çox həyati təhlükələr vəd edən proseslər gedirdi - Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü, insanların öz ev-eşiklərindən qovulmaları, üstəlik də tarixi Azərbaycan torpaqlarından, Qərbi Azərbaycandan (bugünkü Ermənistan ərazisindən) qaçqın düşmələri, bütün bunlarla yanaşı, ölkəni o zaman idarə etmək səlahiyyətini dövlət çevrilişi vasitəsilə mənimsəmiş siyasi qrupların bu idarəetmənin qarşısında acizliyi və ölkəni getdikcə daha artıq xaosa, anarxiyaya, ziddiyyətə sürükləyən hərəkətlərə rəvac vermələri və s. Bundan başqa, Azərbaycanda o zaman iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi. İttifaqdan ayrılmış bir ölkənin imkanlarının çox məhdud olması, əhalinin sosial vəziyyətinin getdikcə acınacaqlı hala düşməsi, üstəlik çörəklə sınağa çəkilmək təhlükəsinin yaranması – baxın, nə qədər ağır, çətin bir dövr xatırlamalı oluruq. Həmin dövrü Azərbaycan xalqı, əlbəttə, çətinliklərlə, məşəqqətlərlə qarşılasa da, ondan şərəflə çıxmağı bacardı. Ona görə ki, atılması zəruri olan addım düzgün müəyyənləşdirildi. Hər bir xalqın taleyində belə dövrlər olur. Xoş olan odur ki, xalq belə hallardan çıxmağı bacarır və bunun üçün düzgün yol müəyyənləşdirilir. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev çətin vəziyyətlə üzləşmiş xalqımız üçün ümid çırağı idi. Azərbaycanın sayılan, seçilən, vəziyyətin bu cür davam etməsinin çox təhlükəli olduğunu anlayan ziyalılarının Heydər Əliyevə belə bir müraciəti oldu: “Xalq Sizin sözünüzü gözləyir”. Bu müraciət yeni bir siyasi partiyanın yaradılması ideyasının onun tərəfindən dəstəklənməsi xahişini özündə əks etdirirdi. Əlbəttə, bunu vacib edən səbəblər də müraciətdə göstərilirdi. Heydər Əliyev o zaman ittifaq hakimiyyətindən kənarlaşdırılandan sonra dərhal Moskvada və Azərbaycanda təqiblərə məruz qaldığı üçün Naxçıvanda məskunlaşmışdı və orada yaşayan əhalinin təkidli tələbi ilə Naxçıvanda Ali Məclisin sədri seçilmişdi. Mərkəzi hakimiyyətin bu çətin durumdan çıxış yolları axtarması, amma tapa bilməməsi, tapdığı yolların da əksinə, onu daha dərin uçuruma sürükləməsinə baxmayaraq, Naxçıvanda normal idarəetmə həyata keçirilirdi və Heydər Əliyevin əhalinin, regionun potensialı, resursları səfərbər olunaraq həm Naxçıvana gözlənilən erməni təcavüzünün qarşısını almağa, əhalinin təhlükəsizliyini təmin etməyə, onun maddi təminatını ödəməyə və qonşu ölkələrlə normal, sivil münasibətlər, qarşılıqlı yardıma əsaslanan münasibətlər qurmağa yönələn fəaliyyəti ortada idi. Bu çətinliklər həm bütövlükdə Azərbaycan üçün, həm də onun bir parçası üçün mövcud idi. Amma düzgün, dürüst idarəetmə nəticəsində bu çətinliklərin öhdəsindən gəlmək mümkün olurdu. Xalq da bunu görürdü. Görürdü ki, bir qrup şəxs hər şeydən üstün tutduğu maraq mübarizəsini mənimsədiyi hakimiyyət daxilində aparır. Xalq, ölkə, onun təhlükəsizliyi və maraqları isə tamamilə kənarda qalıb. Ona görə də təbii olaraq diqqət Naxçıvana yönəlməli idi və yönəldi də. Azərbaycanda diqqətin ictimai-siyasi proseslərin ağırlıq mərkəzinə - Naxçıvana yönəldiyini mövcud hakimiyyət də hiss edirdi. Belə bir şəraitdə bu prosesləri idarə etmək, xalqın gücünü bir mərkəzdə səfərbər etmək və onu da Azərbaycanın problemlərinin həllinə yönəltmək istiqamətində addımın atılması üçün siyasi təşkilatın yaranmasına zərurət meydana çıxırdı. Ona görə də Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Partiyanın təsis konfransını Prezident İlham Əliyevin də bir neçə gün öncə vurğuladığı kimi, çox təəssüf ki, Bakı şəhərində, Azərbaycanın paytaxtında keçirmək mümkün olmadı. Təsis konfransı Naxçıvanda Heydər Əliyevin yaşadığı və işlədiyi məkanda keçirilməli oldu. Respublikadan 500-dən artıq təəssübkeş Naxçıvana toplaşdı və 1992-ci ilin noyabr ayında burada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Qəbul edilən qərarlar, partiyanın Heydər Əliyevin qələmindən çıxmış nizamnaməsi, proqramı, bu proqramda və nizamnamədə müəyyən edilmiş vəzifələr sonradan Azərbaycanın bir dövlət kimi qarşısında dayanan vəzifələr olacaqdı və Azərbaycan dövləti, Azərbaycan xalqı məhz bu proqram sənədində nəzərdə tutulan vəzifələri ardıcıl olaraq Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirəcəkdi. Hələlik bu proseslər Naxçıvanda gedirdi. Amma çox qısa zamanda respublikanın hər yerində insanlar böyük ruh yüksəkliyi ilə bu partiyanın yaradılmasına dəstək verdilər, təşəbbüs qrupları yaradıldı, yerli təşkilatların təsis konfransları keçirildi, rəhbər orqanlara nümayəndələr seçildi, insanların itmiş inamı özlərinə qayıtmağa başladı. Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ilk töhfə Yeni Azərbaycan Partiyasının yaradılması və onun da fəaliyyəti nəticəsində insanların inamının qaytarılması oldu. İnsanlar öz gələcəklərinə inanmağa başladılar, öz güclərinə və bu gücün reallaşdırılması üçün onu səfərbər edə biləcək bir siyasi təşkilata və onun irəli sürdüyü ideyalara, konkret olaraq azərbaycançılıq ideologiyasına inandılar, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdilər. Ona görə də hesab edirəm ki, Heydər Əliyevin məhz o zaman qısa müddətdə Naxçıvanda dövlətçilik naminə atdığı addımlar sonradan təhlükə qarşısında qalan müstəqilliyin xilas olunmasının, onun dönməzliyinin, əbədiliyinin təmin edilməsinin ilkin addımı, bünövrəsi oldu. Sonralar hadisələrin inkişafı o istiqamətdə cərəyan etdi ki, ölkədə idarəetmə iflic oldu, hakimiyyət öz vəzifələrinin öhdəsindən gələ, xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə, onun təhlükəsizliyini təmin edə bilmədi və proseslər vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Təbiidir ki, belə olduqda Azərbaycan xalqı öz sözünü dedi. Xalqımız əgər əvvəl Heydər Əliyevdən bir siyasi partiyanın yaradılmasına razılıq verməsi və onun rəhbərliyinə gəlməsi xahişini etmişdisə, sonradan onu Azərbaycanda hakimiyyətə dəvət etmək qərarı verdi. Hesab edirəm ki, 1992-ci ilin noyabrından 1993-cü ilin mayınadək keçilən yol Azərbaycanın dövlətçilik həyatında çox əhəmiyyətli bir yoldur. Həmin aylar xalqımızın sonradan uzun illərə hesablanmış vəzifələrin müəyyən olunması üçün Heydər Əliyevə göstərdiyi dəstək, onun Azərbaycan rəhbərliyinə gətirilməsinin vacib dönəmi kimi yadda qalıb. Bundan sonra əlbəttə ki, Azərbaycanın həyatında çox böyük bir dönüş baş verdi.

-Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolu barədə nə deyə bilərsiniz?

-Əlbəttə, yuxarıda qeyd etdiklərim Yeni Azərbaycan Partiyasının ölkəmizdə ictimai-siyasi proseslərin mərkəzi fiquruna çevrilməsi ilə yeni Azərbaycan quruculuğu naminə fəaliyyətə başlaması dövrünü əhatə edirdi. 1993-cü ilin iyun ayında Heydər Əliyev parlamentdə yüksək vəzifəyə seçildikdən sonra baş verən hadisələr daha ciddi addımların atılması zərurətini qarşıya çıxardı. Heydər Əliyev parlament sədri seçilərkən mövcud hakimiyyətə düşdüyü vəziyyətdən çıxmaq üçün dəstək xarakterli tədbirləri həyata keçirmək barədə düşünürdü. Düşünürdü ki, hakimiyyət onun məsləhətlərini, tövsiyələrini rəhbər tutaraq buraxdığı səhvləri aradan qaldırmağa və sonradan cinayət hesab edilə biləcək hərəkətlərin qarşısını almağa, öz vəzifələrini yerinə yetirməyə çalışacaq. Amma hadisələr tamamilə başqa cür cərəyan etdi. Heydər Əliyev Bakıya gələndən bir neçə gün sonra hakimiyyətdə olan AXC-Müsavat cütlüyü öz vəzifələrini dondurdular, bir-birinin ardınca istefaya getdilər, ölkə prezidenti isə Bakı şəhərini tərk edərək Naxçıvanın ucqar Kələki kəndinə getdi. Azərbaycanda paradoksal bir vəziyyət yaranmışdı. Prezident öz səlahiyyətlərindən imtina etmədi, amma onu Kələkidən həyata keçirmək iddiasını ortaya qoydu. Amma bunun da qeyri-mümkün olduğu açıq-aydın idi. Belə vəziyyətdə insanların bir çoxu çaşqınlıq içərisində idi. Bu halda xalqın məsləhəti, parlamentin iştirakı ilə qəbul edilən qərarlar avqust ayında prezidentə etimad haqqında referendum keçirilməsi zərurətini ortaya qoydu. Xalq birmənalı şəkildə prezidentə etimadsızlıq nümayiş etdirdi və ondan sonra seçkilərin elan olunması, ölkədə oktyabr ayında prezident seçkilərinin keçirilməsi barədə qərar verildi. Bu müddətdə xalqla onun lideri arasında olan monolit birlik, vahid mövqe, bütün çətinliklərə sinə gərmək, öz problemlərini bir kənara qoyaraq dövlətin, xalqın, müstəqilliyin problemlərinin həlli istiqamətində göstərilən səylər - bütün bu proseslərdə Yeni Azərbaycan Partiyasının aparıcı rolu çox böyük əhəmiyyətə malik idi. Bundan sonra siyasi proseslər Yeni Azərbaycan Partiyasının artan rolunu, bu proseslərə verdiyi töhfələrin və onun müsbət nəticələrinin ölçüyəgəlməz dərəcədə olduğunu göstərdi. Amma Azərbaycan üçün çox gərgin bir dövr yenə də davam edirdi. 1993-cü ilin payız aylarında baş verən proseslər həm ölkə daxilində, həm də xaricdə Azərbaycanla bağlı məkrli planların heç də aradan qalxmadığını göstərdi. Bir-birinin ardınca baş verən dövlət çevrilişləri, Azərbaycandakı ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaş qarşıdurması yaratmaq istiqamətində baş verən sui-qəsdlər, Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirakı zamanı ölkənin yüksəkvəzifəli şəxslərinin qətlə yetirilməsi xalqı və dövləti çaşqın vəziyyətə salmaq və öz planlarını reallaşdırmaq məqsədi güdürdü. Amma yenə də həmin o birlik, Azərbaycan xalqının Heydər Əliyevin ətrafında möhkəm birləşməsi və yalnız ona olan inamı bizi bu çətin durumlardan xilas etdi. Bununla bərabər, Azərbaycanın həyata keçirmək istədiyi enerji layihələrinə mane olmaq və bunun vasitəsilə ölkəni yenə də vətəndaş qarşıdurmasına sürükləmək planlarının da qarşısı alındı. Bu, birmənalı idi və tarix də sonradan sübut edəcəkdi və göstərdi də ki, məhz bu qətllər, bu dövlət çevrilişinə cəhdlər Azərbaycanın enerji layihələrinin imzalanmasının qarşısını almaq məqsədini güdürdü. Çünki hər kəs bilirdi ki, Azərbaycanın yeganə ümid mənbəyi enerji resursları idi və bizi düşdüyümüz iqtisadi, sosial çətinlikdən yalnız bu layihələrin reallaşması xilas edə bilərdi. Yenə də Heydər Əliyevin müdrikliyi, xalqla birlikdə atdığı addımlar bunun qarşısını ala bildi, üstəlik hərbi sahədə də bir sıra nailiyyətlər qazanıldı. Ordu quruculuğu işində addımlar atıldı, müdafiə qabiliyyətinin gücləndirilməsi, atəşkəsin əldə olunması üçün işlər görülməyə başlandı. Heydər Əliyevin noyabr ayının 2-də xalqa müraciəti oldu ki, hər kəs Vətən uğrunda silaha sarılmalıdır. Baxmayaraq ki, silahımız az idi, vacib mütəşəkkil ordumuz yox idi, müxtəlif insanların maraqlarına qulluq edən ayrı-ayrı dəstələr var idi, ilk olaraq könüllü dəstələrin vahid mərkəzdə birləşdirilməsi, vahid komandanlığa tabe edilməsi, buna müqavimət göstərənlərin silahsızlaşdırılması üçün işlər görülürdü. Azərbaycanda hakimiyyət dəyişikliyinin yalnız seçkilər yolu ilə mümkünlüyü hər kəsə qəbul etdirildi. Həmin dövrdə Ermənistanın ardıcıl təcavüzkar hərəkətləri, xarici dairələrin məkrli planları, daxildə buna cavab verən qrupların mövcudluğu, ölkənin zəifliyi - bütün bunların müqabilində, üstəlik belə çevriliş cəhdlərinin baş verməsi çox çətin bir vəziyyət yaradırdı. Bilirsiniz ki, ən çətin anlarda Heydər Əliyev üzünü xalqa tuturdu, xalqa müraciət edirdi. Bu müraciətə ilk cavab verən də hər zaman Yeni Azərbaycan Partiyasının nümayəndələri oldu. Qiyam gecəsi Prezident Administrasiyasının binası önünə ilk gələnlər də Yeni Azərbaycan Partiyasının nümayəndələri idilər. Mən yaxşı xatırlayıram, o zaman Partiyamızın üzvləri Bakının rayonlarındakı qərargahlarda toplaşır, partiya sədrinin tapşırıqlarını yerinə yetirirdilər. Onlar yuxu bilmədən, yorğunluq bilmədən bu prosesin içərisində idilər. Bu hadisələri dövlətimizin başçısı İlham Əliyevin də vurğuladığı kimi bir-iki saata danışmaq mümkün deyil.

Yeni Azərbaycan Partiyası tərəfindən keçilmiş yol Azərbaycanın quruculuğu yoludur. Bu, çox çətin, gərgin, eyni zamanda, şərəfli bir yoldur. Bu yol Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması yolu idi. Bu yolu Yeni Azərbaycan Partiyası böyük şərəflə keçdi. Həmin çətin, ağır zamanlar arxada qaldı, iqtisadi tənəzzül aradan qaldırıldı. Biz böyük iqtisadi dirçəliş yoluna qədəm qoyduq, layihələrimiz artıq səmərə verməyə başladı. Prezident İlham Əliyev YAP-ın 25 illik yubiley tədbirindəki nitqində Heydər Əliyevin 2003-cü ilə qədər olan prezidentliyi dövrünü Azərbaycanda inkişaf, sabitlik və dirçəliş dövrü kimi xarakterizə etdi və bundan sonra daha sürətli və dinamik inkişafın bünövrəsinin qoyulduğunu bildirdi. Əlbəttə ki, həm Heydər Əliyevin zamanında, həm də 2003-cü ildən sonra keçən 14 il ərzində Prezident İlham Əliyevin fəaliyyəti dövründə onun ən yaxın silahdaşı, ən yaxın köməkçisi, onun istinadı, dayağı, arxası həm də sədrlik etdiyi Yeni Azərbaycan Partiyası olub. Biz gücümüzü liderimizə vermişik, liderimizin gücü Yeni Azərbaycan Partiyasının gücü olub və bu qarşılıqlı dəstək nəticəsində biz xalqın mütləq əksəriyyətinin etimadını və inamını qazanmışıq. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında 25 ildir ki, mövcuddur. Biz bu günə qədərki bütün seçkiləri çox böyük səs çoxluğu ilə qazanmışıq. Bu, təyinat deyil, bu, xalq tərəfindən etimaddır. Xalq bu etimadını bizə liderimizin timsalında, onun fəaliyyətinin nəticələrinə görə verib, özü də sevə-sevə verib. Yeni Azərbaycan Partiyası hər zaman bəyan edir ki, o, söz və vəd partiyası deyil, o, iş və əməl partiyasıdır. Biz seçkidən-seçkiyə güclü liderimizlə və nailiyyətlərimizlə gəlmişik. Xalqımız da Yeni Azərbaycan Partiyasının - Heydər Əliyev ideyaları, azərbaycançılıq ideologiyası ilə yaranmış bu siyasi təşkilatın Azərbaycanın ictimai-siyasi həyatının vacib bir hissəsi olduğunu qəbul edib, onun namizədlərinə inanıb, onun nümayəndələrinə daha çox səs verib və hər zaman da səmərəsini öz həyatında hiss edir. Bu gün Azərbaycan Prezidentinin də vurğuladığı kimi, partiyamız ən güclü, ən qüdrətli dövrünü yaşayır. Bu gün biz öz sözümüzün, öz resurslarımızın sahibiyik. Öz siyasi iradəmizi həm ölkə daxilində, həm ölkə xaricində həyata keçiririk. Heç kəsdən asılı olmayan, heç kəsin marağına xidmət etməyən, yalnız Azərbaycan dövlətinin və xalqının maraqları naminə bu maraqları uzlaşdırmağı bacaran bir siyasətə malikik. Bizim Prezidentimiz dünya miqyasında Azərbaycanı çox böyük ləyaqətlə və cəsarətlə təmsil edir. Onun qətiyyəti sayəsində bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Biz regionun ən güclü ölkəsiyik, lider ölkəsiyik. Bizim ordumuz regionun ən güclü ordusudur. Bunu ötən ilin aprelində təmas xəttində əldə etdiyimiz nailiyyətlər də göstərdi. Əgər 1994-cü ildə atəşkəsin əldə olunması üçün Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı düşməni bizim gücümüzlə hesablaşmağa vadar etdisə, bu gün Ermənistanı bu güclə hesablaşmağa aprel hadisələri vadar etdi. Yəni, əgər bu illər ərzində ermənilər özlərini qalib ölkə olduqlarına inandırmışdılarsa aprel hadisələri belə fikirləri dəyişdi. Azərbaycan xalqı 25 ildən sonra növbəti dəfə öz gücünə, öz ordusuna inamını möhkəmləndirdi və düşmən növbəti dəfə qorxuya düşdü. Bütün bu nailiyyətlərin əldə olunması Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolu ilə mümkün olub və biz bir an da olsa, bizi bu yoldan döndərmək istiqamətindəki hərəkətlərin qarşısında boyun əyməmişik. Heç zaman öz gücümüzə şübhəmiz olmayıb. Biz hər zaman böyük güc olduğumuza inanmışıq və xalq da bunu qəbul edib. Bu, bu gün də belədir, sabah da belə olacaq. Nə qədər Azərbaycan var, Yeni Azərbaycan Partiyası da müasir və güclü Azərbaycan quruculuğu işində aparıcı siyasi qüvvə olacaq. Mən YAP üzvlərini, partiyamızın Azərbaycanı irəliyə aparan bir siyasi qüvvə olduğunu qəbul edən Azərbaycan vətəndaşlarını, partiyanın üzvü olmayan Heydər Əliyevçiləri, Prezidentimizə dəstək verən bütün vətəndaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Hesab edirəm, bu, möhtəşəm bir bayramdır. Çünki bu, bizi yeni-yeni qələbələrə, yeni-yeni uğurlara aparan bir partiyanın bayramıdır. Mən ulu öndərimiz Heydər Əliyevin xatirəsini çox böyük minnətdarlıq və ehtiramla yad edirəm, Prezidentimiz, partiyamızın sədri İlham Əliyevə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında