25 illik zəfər yolu

Bu gün müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümüdür. Partiyamızın keçdiyi 25 illik şərəfli yola nəzər yetirdikdə bir daha şahidi oluruq ki, yüz minlərlə insanı ətrafında birləşdirən təşkilatımız ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. YAP tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranmışdır.

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət hər birimizin yadındadır. Hadisələrin gedişi xalqın sabaha olan ümidini, demək olar ki, heçə endirmişdi. Ermənistanın Qarabağdan başladığı işğalçılıq siyasəti, İttifaq rəhbərliyinin antiazərbaycan mövqeyi, açıq şəkildə ermənilərə himayədarlıq etməsi, həmin vaxt respublikamıza rəhbərlik edənlərin öz millətinə, xalqına qarşı xəyanətkar münasibəti vəziyyəti daha da ağırlaşdırırdı.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycanda baş verən hadisələr ölkəni vətəndaş qarşıdurması həddinə çatdırmışdı. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində ölkə ağır iqtisadi və siyasi böhrandan nəinki xilas ola bilmədi, əksinə, vəziyyət daha da ağırlaşaraq təhlükəli böhran həddinə çatdı. Bir-birini tez-tez əvəz edən hakimiyyət nümayəndələrinin anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına almışdı. Belə ağır və dözülməz vəziyyətdə xaqın ümid yeri yalnız ulu öndər Heydər Əliyev idi. Xalq bu fenomen şəxsiyyətin qətiyyətinə, iradəsinə, dövlət idarəçiliyindəki zəngin təcrübəsinə yaxşı bələd idi. Ona görə də ölkəni düçar olduğu bəladan yalnız müdrik şəxsiyyət Heydər Əliyevin xilas edəcəyinə ümid yaranmışdı. Məhz buna görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdi və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşdilər.

O dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı bütün vasitələrlə Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə mane olurdu. Lakin ulu öndər Heydər Əliyevə olan inam və etimad xalqın seçilmiş nümayəndələrinin Naxçıvana getmək istəyinin qarşısını ala bilmədi və partiyanın təsis konfransı baş tutdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının respublikamızın bütün regionlarından seçilmiş nümayəndələrinin təmsil olunduğu təsis konfransı keçirildi.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra qısa müddət ərzində Azərbaycanın bütün rayonlarında ilk təşkilatları yaradıldı. Həmin vaxtdan başlayaraq, partiyamız özünün strateji xəttini müəyyənləşdirərək dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, respublikamızın müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələri istiqamətində böyük rol oynamışdır.

İndi Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı, anarxiya və xaosun, özbaşınalığın tüğyan etdiyi, hakimiyyətsizliyin baş alıb getdiyi bir dövrdə yaranan partiya artıq beynəlxalq aləmdə də nüfuz sahibinə çevrilib.

YAP yarandığı gündən ümumxalq partiyasına çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində bir-birindən vacib uğurlara imza atıb. Partiyamız bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində durmuş, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi istənilən tarixi situasiyada taktiki tədbirlər həyata keçirməyi bacarmışdır. Bu gün YAP-ın sıralarında yüz minlərlə Azərbaycan vətəndaşının birləşməsi partiyamıza, onun təsisçisi və yaradıcısı ulu öndər Heydər Əliyevə, YAP-ın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan inam və etimadın bariz nümunəsidir.

2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III Qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin təşkilata sədr seçilməsi xalqın gələcəyə olan inamını daha da artırdı. Ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın böyük üstünlüklə qələbə qazanması partiyanın yüz minlərlə üzvünün və sayı milyonu keçən təəssübkeşinin, dövlətimizin başçısını yekdilliklə dəstəkləməsinin və onun ətrafında sıx birləşməsinin nəticəsidir. Bu inam həm də Yeni Azərbaycan Partiyasının növbəti böyük nailiyyətlər əldə etməsinə zəmin yaratdı. 2003-cü, 2008-ci və 2013-cü illərdə prezident seçkilərində rəqiblərinə böyük üstünlüklə qalib gələn cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti, bu partiyaya olan inam və etimadın nəticəsidir.

Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu, çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirməklə, ölkəmizin dünya birliyində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Məlahət İBRAHİMQIZI,
 Milli Məclisin deputatı,
YAP Nəsimi rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında