Yeni Azərbaycan Partiyası 25 il əvvəl zamanın tələbi, xalqın istəyi ilə yaranıb. Bu təşkilatın qısa zaman kəsiyində ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətin nəticəsidir. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin prioriteti hesab edən YAP bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatıdır. Partiyanın beynəlxalq əlaqələrinin getdikcə genişlənməsi siyasi fəaliyyətinə verilən yüksək dəyərin nəticəsidir. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın gələcəyinə olan inam və etimadın bariz nümunəsidir.
Bu gün respublikamızın ictimai-siyasi həyatında aparıcı rol oynayan, digər siyasi təşkilatlarla müqayisədə ətrafına yüz minlərlə insanı toplayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillərdən biri 1990-1992-ci illərdə ölkədə baş verən hadisələrin reallıqları idi. Məlum olduğu kimi, o illərdə müstəqilliyini yeni qazanmış respublikamıza rəhbərlik edənlərin səriştəsizliyi, xalqın taleyüklü məsələlərindən çox öz şəxsi mənafelərini düşünənlərin idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir vəziyyətdə xalq respublikanı parçalanmaqdan xilas etmək üçün ulu öndər Heydər Əliyevə müraciət etdi.
İnsanların ümid yeri olan dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illərdə yorulmaz və çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycanın tarixini yaratdı. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən –Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb. Bu müddətdə YAP Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərmiş, xalqımızı, millətimizi, ölkəmizi bugünkü inkişaf səviyyəsinə gətirib çatdırmışdır.
Hazırda Azərbaycan regionda bütün sahələr üzrə inkişaf etmiş lider ölkəyə çevrilib və dünyada söz sahibi olan dövlətlərdəndir. Ölkəmizin siyasi səhnəsində 25 ildir ki, uğurlu fəaliyyət göstərən partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Son illər sosial-iqtisadi, xarici siyasət, mədəni sahələrdə qazanılan uğurlar, Azərbaycanı dünyanın mötəbər təşkilatlarının öz tədbirlərini keçirdiyi məkana çevirib.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın tarixində ən önəmli hadisələrdəndir. Bu illər ərzində müstəqil dövlətimiz düzgün müəyyənləşdirilmiş strategiya sayəsində inkişaf, yüksəliş yolunda inamla irəliləyərək, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların prioritetini ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasətin, eyni zamanda, milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi təşkil edir.
Prezident İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların, dünya birliyinə sürətli inteqrasiyasının siyasi istinadgahı Yeni Azərbaycan Partiyası olduğunu bəyan etmişdir. Dövlətimizin başçısı bugünlərdə keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqində də bu məsələni diqqətə çatdırmışdır: “Son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə – həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir”.
Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 14 ilin statistikasına və siyasi xronikasına diqqət yetirməklə bunun bir daha şahidi oluruq. Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündədir. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Bu həqiqətin əsasını Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşib.
Sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Bu gün partiyamızın qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.