İstintaq Komitəsi Oleq Kuznetsova qarşı cinayət işi başlamaqdan ikinci dəfə də imtina edib.
Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi başlamaqdan ikinci dəfə də imtina edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni vəkil Ruben Kirakosyanın Oleq Kuznetsovun APA İnformasiya Agentliyində dərc olunan müsahibələri ilə bağlı Rusiya İstintaq Komitəsinə etdiyi şikayətlə bağlı qərar çıxarılıb.
Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyovun icraatında olan şikayətlə bağlı qərara əsasən, Oleq Kuznetsovun APA agentliyində dərc olunan müsahibələrində cinayət tərkibi aşkar olunmayıb. Həmin müsahibə və şərhlər psixoloji-linqivistik məhkəmə ekspertizasından keçirilib. Bu ekspertizanın nəticəsinə əsasən, Oleq Kuznetsova qarşı cinayət işi başlamaqdan imtina olunub.
O. Kuznetsov APA-ya açıqlamasında Ruben Kirakosyanın onu cinayət məsuliyyətinə cəlb etmək tələbi ilə bağlı növbəti şikayəti əsasında aparılan yoxlamanın nəticələri və materiallarla tanış olduğunu bildirib: “Materialın həcmi 300 səhifədən çoxdur. Aparılan yoxlamaların nəticəsi isə 40 səhifəyə yaxındır. Burada əsasən mənim APA agentliyində yayımlanan müsahibə və şərhlərim yer alıb. Mənə Ruben Kirakosyanın fəaliyyətinin motivləri tam aydın deyil. Ali hüquq təhsili olan və vəkillik edən R. Kirakosyan əvvəldən anlaya bilməyib ki, onun bütün fəaliyyəti uğursuzluğa məhkumdur. Rusiyada ekstremizmə qarşı çox sərt qanunvericilik var. Lakin bu, Rusiya hüquq normalarına uyğun olmasa belə, o demək deyil ki, kimsə ermənilərin maraqlarını müdafiə edəcək və onların tələblərini yerinə yetirəcək. Deyəsən, ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib. Ümid edirəm ki, Kirakosyan nümunəsi Rusiya qanunları və ya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə öz etnik eqoizmi xeyrinə manipulyasiya etməyin mümkünlüyünü hesab edənlərə dərs olacaq”.
Rusiyalı tarixçi Kirakosyanın öz-özlüyündə təhlükəsiz olduğunu söyləyib: “Mənim üçün o təhlükəli deyil. Lakin mənim üçün təhlükəli olan hərbi prokurorluğun keçmiş müstəntiqi, hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Karen Nersenyandır. Nersenyan hazırda Kirakosyanın hüquqlarını müdafiə edir. O, bu gün başqa şəxslər vasitəsi ilə bütün Rusiya ərazisində mənim əleyhimə kompromatlar yığır, mənim şəxsi işimə çıxış axtarır ki, bu da Rusiya qanunvericiliyinə ziddir, cinayət məsuliyyəti daşıyır. Hazırda vəkil kimi və keçmiş müstəntiq kimi bunları Nersenyan bilməmiş olmaz. Lakin o, bütün bunları etməyə davam edir. Keçmiş həmkarlarım müntəzəm olaraq bu barədə mənə xəbər verirlər”.
O. Kuznetsov Nersenyanı dayanmağa çağırıb: “Hələlik onu dayanmağa çağırıram. Ona görə ki, bu cür fəaliyyət onun üçün müttəhimlər skamyasında əyləşməklə qurtara bilər, baxmayaraq ki, özüm onu əli qandalda görməyi arzulayıram”.
Ona qarşı iki dəfə cinayət işi açılmasından imtina olunduğunu bildirən rusiyalı alim “Erməni terrorunun vəkilləri” adlı sənədli film çəkməyə hazırlaşdığını da söyləyib.
Bu sənədli filmin əsasında Rusiya İstintaq Komitəsinin O.Kuznetsova qarşı edilən şikayətlərlə bağlı yoxlama materialları dayanır. Kuznetsov filmin hazırlanması üçün maddi vəsaitin tələb olunduğunu qeyd edib.
Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə birlikdə bu il iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər.
A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib. Bu ilin avqust ayında O. Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib. Bu il oktyabrın 4-də Rusiya İstintaq Komitəsi bu şikayət əsasında Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.
Ermənilər bu fəaliyyətlərinin nəticə verməyəcəyini anlayıb, sentyabrın 12-də Rusiya İstintaq Komitəsinə Oleq Kuznetsovun APA agentliyində dərc olunan müsahibə və şərhlərində ermənilərə qarşı milli-etnik zəmində nifrətə təhrik əlamətlərinin olub-olmadığının araşdırılması ilə bağlı şikayət ərizəsi yazıblar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.