– Əsəd müəllim, bu yaxınlarda Ali Məhkəmənin qanunvericilik təşəbbüsü əsasında Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edildi. Həmin dəyişikliklər barədə məlumat vermənizi xahiş edirik.
– Dəyişikliklər əsasən iki mühüm məsələnin yeni qaydada tənzimlənməsinə, eləcə də hüquq tətbiqetmə təcrübəsindən irəli gələn bəzi cari məsələlərin həllinə yönəlmişdir. Söhbət məhkəmədə nümayəndə vasitəsilə təmsil olunma məsələsinə dair yeni konsepsiyanın qəbul olunmasından və kassasiya instansiyası məhkəməsinə çıxış imkanlarının müəyyən qədər məhdudlaşdırılmasından gedir.
Artıq vətəndaşlar məhkəmədə öz iradələrindən asılı olaraq şəxsən, MPM-də dairəsi müəyyən olunmuş yaxın qohumları, eləcə də qanuni nümayəndələr vasitəsilə təmsil oluna biləcəklər. Şəxsən təmsil olunmaq istəməyən vətəndaşlar isə nümayəndə qismində peşəkar hüquqşünaslar olan vəkillərlə təmsil oluna biləcəklər.
Ali Məhkəmənin səlahiyyətlərində baş verən əsas dəyişikliklər isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə isə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti vermək mümkün olmayacaqdır. Bundan başqa, apellyasiya məhkəmələri tərəfindən baxılan işlər üzrə çıxarılmış qərardadların yalnız iki növündən - məhkəmə aidiyyəti və iş üzrə icraata xitam verilməsinə dair qərardadlardan kassasiya şikayəti vermək mümkün olacaq. Digər bütün qərardadlar üzrə mübahisə apellyasiya instansiyası məhkəməsində yekunlaşacaqdır.
– Məhkəmədə nümayəndə vasitəsilə təmsil olunma məsələsinə dair yeni konsepsiya nəyə əsaslanır?
– Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi hüquqi yardım almaq hüququnu təsbit edir. Həmin maddəyə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir.
Bu sahədəki dəyişikliklərin əsas məqsədi ilk növbədə Konstitusiyanın 61-ci maddəsində təsbit edilmiş sözügedən yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun reallaşdırılmasına yönəlmişdir. Bunun üçün həm məhkəmədə peşəkar hüquqi yardım almaq hüququnun təminatına yönəlmiş yeni mexanizmlərin yaradılması, həm də mövcud olanların təkmilləşdirilməsi hədəflənir.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatı kimi çıxış edir. Bu hüquq həmçinin Konstitusiyada təsbit olunmuş digər hüquqlarla, məsələn, qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ və s. qarşılıqlı əlaqədədir və onların səmərəli həyata keçirilməsini təmin edir.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Bu hüquq işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsini təmin edir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin real bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.
Məhkəmələrdə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin ilkin şərtlərindən biri vətəndaşlara göstərilən hüquqi xidmətlərin peşəkarlar tərəfindən aparılmalı olduğunu tələb edir. Həmin peşəkarlar isə sözsüz ki, ilk növbədə vəkillərdirlər.
– Məhkəmədə nümayəndə vasitəsilə təmsil olunma məsələsinə dair qanunvericilikdə edilmiş dəyişikliklər hansı ehtiyacdan yaranmışdır və bunu həm də ölkəmizdə vəkilliyin statusunun artırılmasına yönəlmiş addım kimi qiymətləndirmək olarmı?
– Bilirsiniz, cavab kimi, əslində, sadə, lakin eyni zamanda çox əhəmiyyətli bir sualdan başlamaq olar. Məhkəmədə vətəndaşların hüquqlarını kim müdafiə etməlidir? Bizdə elə bir vəziyyət yaranmışdı ki, bir çox hallarda nəinki hüquqşünas olmayan şəxslər, ümumiyyətlə hər hansı ali təhsilə malik olmayan, məhkəmə icraatının qaydalarından və hüquqdan tamamilə bixəbər təsadüfi insanlar getdikcə artan şəkildə vətəndaşları məhkəmələrdə təmsil etməyə başlamışdılar. Həmin şəxslər tərəfindən göstərilən nümayəndəlik xidmətləri hüquqi yardım düzgün göstərilmədiyi üçün əksər hallarda tərəflərin maraqlarına xidmət etməyən qeyri-peşəkar təmsil edilmə ilə nəticələnirdi. Hüquqi yardımın qeyri-peşəkarlığı son nəticədə işlərin həm də hərtərəfli araşdırılmasında problemlər yaradır, qanunla müəyyən edilmiş müddətlər çərçivəsində işlərə baxılmasına imkan vermirdi. Hər bir məhkəmə işinin arxasında isə hamımızın təsəvvür edə biləcəyi kimi insanların və ailələrin taleləri durur.
Məsələyə başqa tərəfdən yanaşdıqda isə insanların ədalət mühakiməsinə olan etimadı ciddi şəkildə zədələnmiş olur. Bu zaman tərəflər çox vaxt işi nəyə görə uduzduqlarına deyil, nəticəyə baxaraq belə qənaətə gəlirlər. İnsanlar sanki məhkəmələrin düzgün qərar qəbul etmədiyini, eləcə də məhkəmə tərəfindən işlərə vaxtında baxılmasında sui-istifadəyə yol verildiyini güman edirlər. Halbuki, nümayəndələr tərəfindən çox vaxt iddialar düzgün qaldırılmır, işin araşdırılması ilə bağlı lazımi sübutlar və vəsatətlər verilmir və s. Nəticədə isə, ələlxüsus da mülki işlərdə məhkəmələrin öz təşəbbüsü ilə sübut toplamaq və işin hallarını araşdırmaq vəzifəsi olmadığı üçün qaldırılmış iddia tələbi həddində və yalnız tərəflərin təqdim etdiyi sübutlara əsasən qərar qəbul edilir. Deməli, məhkəmələrdə tərəflərin qeyri-peşəkarlar tərəfindən təmsil olunması nəinki onlara aşağı keyfiyyətli hüquqi yardımın göstərilməsinə səbəb olur, həm də bütövlükdə məhkəmə sisteminin səmərəli fəaliyyətinə mənfi təsir göstərir, ədalət mühakiməsinə olan etimadı zədələyir.
Burada mən yenidən sualınızın əvvəlində dediyim fikrə qayıtmaq istəyirəm - məhkəmədə vətəndaşların hüquqlarını kim müdafiə etməlidir? Qeyd olunanlar nəzərə alındıqda məhkəmədə tələb olunan peşəkar hüquqi yardım yalnız vəkillər tərəfindən göstərilə bilər. Vəkillər tərəfindən hüquqi yardımın göstərilməsi ona görə məqsədə müvafiqdir ki, onlar ilk növbədə peşəkar hüquqşünaslardır. Vəkil statusunu yalnız ixtisaslaşmış imtahan verildikdən sonra əldə etmək mümkündür. Bu isə imkan verir ki, həmin imtahanlar vasitəsilə hətta hüquqşünaşlar arasından belə daha layiqli namizədlər seçilsinlər. Digər tərəfdən isə həmin şəxslər vəkil seçildikdən sonra daim ixtisasın artırılmasına dair təlimlərə cəlb edilməli olurlar ki, bu da onların peşəkar hazırlıq səviyyələrinin artmasına səbəb olur.
Vəkillər həmçinin qeyri-peşəkar nümayəndələrdən fərqli olaraq prosesin peşəkar iştirakçısı kimi məhkəmə icraatının daha sürətli və düzgün aparılmasında məhkəməyə yardım edə bilər, işlərin əsassız şəkildə uzun müddət ərzində baxılmasına gətirib çıxaran lüzumsuz prosessual hərəkətlər aradan qalxar. Digər tərəfdən , qanunvericilik vəkillərə öz təşəbbüsləri ilə sübutlar toplamaq imkanı verir və bu da məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması işinə ciddi töhfə verə bilər. Vəkillər həmçinin maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiqi məsələlərində də məhkəmənin diqqətini iş üzrə zəruri hallara yönəltmək baxımından daha hazırlıqlı şəxslərdirlər.
Bir sözlə, məhkəmədə hüquqi yardımın peşəkar vəkillər tərəfindən göstərilməsi həm tərəflərin özlərinin hüquqlarının daha yaxşı müdafiəsinin təşkili baxımından, həm də ümumən ədalət mühakiməsinin daha səmərəli və ağlabatan müddətlərdə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, inkişaf etmiş əksər ölkələrdə də müəyyən istisnalar çıxılmaqla məhkəmələrdə təmsilçilik bir qayda olaraq yalnız vəkillər vasitəsilə həyata keçirilir. Bu hal bir daha göstərir ki, məhkəmədə təmsilçilik sıradan bir məsələ deyildir və hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi baxımından ümumi konstitusion maraqlar naminə dövlət tərəfindən tənzimlənməli olan sahədir.
Bu baxımdan hesab edirik ki, dəyişikliklər ölkəmizdə vəkilliyin rolunun artırılmasına əlavə təkan verəcəkdir. Sözsüz ki, hazırda ölkəmizdə vəkillərin sayı yetərli hesab edilə bilməz. İlk növbədə Vəkillər Kollegiyası mümkün olan qısa müddət ərzində yeni qəbul imtahanlarının keçirilməsini təşkil etməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Fərmanında da qanunvericiliyə edilmiş dəyişikliklərin 2018-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilmişdir ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlər görsün. Bundan başqa, yəqin ki, imtahan şərtləri, sualların tərtibi və s. kimi məsələlər də yeni yaranmış vəziyyət nəzərə alınmaqla gözdən keçirilməlidir. Eyni zamanda, ümumən vəkillik təsisatının problemlərinin həlli ilə bağlı olaraq qanunvericilik sahəsində əlavə tədbirlərin görülməsinə də ehtiyac vardır.
Yeri gəlmişkən, bir məsələni xüsusi olaraq vurğulamaq istərdim ki, hazırda nümayəndə qismində fəaliyyət göstərən və müvafiq tələblərə cavab verən şəxslər Vəkillər Kollegiyasına üzv olma məsələsini zənnimcə, ciddi şəkildə nəzərdən keçirməlidir. Ümumiyyətlə, müvafiq tələblərə cavab verən şəxslər əgər peşəkar şəkildə hüquq müdafiə fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, bunun üçün doğru ünvana getməlidirlər, yəni Vəkillər Kollegiyasına üzv olmalıdırlar. Etiraf etməliyik ki, dəyişikliklər edilənədək real vəziyyət ondan ibarət idi ki, bir çox nümayəndə məhkəmə icraatında təmsilçiliklə bağlı öz fəaliyyətini heç bir maneə olmadan həyata keçirə bildiyi üçün Vəkillər Kollegiyasına üzv olmağa ehtiyac duymurdular. Ona görə də, hazırkı dəyişikliklər həm də ona istiqamətlənmişdir ki, məhkəmədə peşəkar şəkildə başqalarının hüquqlarının müdafiəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər məhz Vəkillər Kollegiyasına üzv olmaqla bu fəaliyyətlərini həyata keçirə bilsinlər.
Lakin bir məsələni təkrarən qeyd etmək istərdim ki, dəyişikliklər heç də bütün hallarda vəkillə məhkəmədə təmsil olunma məcburiyyəti gətirmir. Vətəndaşlar yenə də şəxsən, Mülki Prosessual Məcəllədə (MPM) dairəsi müəyyən olunmuş yaxın qohumları, eləcə də qanuni nümayəndələr vasitəsilə məhkəmədə təmsil oluna bilərlər. Şəxsən təmsil olunmaq istəməyən vətəndaşlar isə nümayəndə qismində peşəkar hüquqşünaslar olan vəkillərlə təmsil oluna biləcəklər.
Burada bir məsələni vurğulamaq lazımdır ki, dəyişikliklər müstəsna olaraq məhkəmə icraatında təmsilçiliklə bağlı məsələlərin tənzimlənməsinə yönəlibdir. Bu, o deməkdir ki, məhkəmə icraatından kənar nümayəndəlik fəaliyyətinin göstərilməsinə heç bir məhdudiyyət qoyulmayıb. Məsələn, şəxslər yenə də nümayəndələr vasitəsilə alqı-satqı və digər mülki-hüquqi əqdlər bağlaya bilər, eləcə də hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif dövlət orqanlarında nümayəndələri vasitəsilə təmsil oluna bilərlər və s.
– Mətbuatda çıxış edənlərdən bir çoxu bu qanunun qəbulu ilə əlaqədar işsizliyin artacağını, minlərlə insanın iş yerini itirəcəyini göstərir. Xahiş edərəm bununla əlaqədar ətraflı məlumat verəsiniz. Eləcə də nümayəndəlik institutunun məhdudlaşdırılması səbəblərindən biri kimi hüquqi savadı olmayan, qeyri-peşəkar insanların nümayəndə qismində iştirak etməklə vətəndaşların mənafeyinə zərər vurmaları barədə fikrinizi konkret faktlarla izah etməyinizi xahiş edirəm.
– Bilirsiniz, qanunda aparılan bu dəyişiklik və əlavələrin əsas məqsədlərindən biri vətəndaşları nümayəndə kimi fəaliyyət göstərən qeyri-peşəkar şəxslərin dırnaqarası xidmətindən azad etməkdən ibarətdir.
Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizələrinin savadsız tərtib olunması vətəndaşların üzün müddət mübahisənin həllinə nail ola bilməməsi, onların nəticəsiz olaraq lüzumsuz məhkəmə çəkişmələrinə cəlb olunmasına səbəb olur. Məsələn, müqavilənin etibarsızlığı ilə ləğvini fərqləndirməyi bacarmayan nümayəndə, etibarsızlıq əvəzinə müqavilənin ləğvi barədə iddia qaldırır. İş rayon, apellyasiya və kassasiya məhkəməsindən keçdikdən sonra, iddiaçı tərəf tələbin düzgün qoyulmamasını başa düşərək yenidən birinci instansiya məhkəməsində etibarsızlıqla əlaqədar iddia qaldırmağa məcbur olur. Nəticədə nümayəndənin təmsil etdiyi şəxs əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb olunur və nəhayət etibarsızlıqla əlaqədar qanunvericiliyin nəzərdə tutduğu müraciət müddətini ötürür.
Yaxud səriştəsiz nümayəndə məhkəmədə eyni iddia ərizəsində əqdin etibarsız hesab olunmaqla ləğv olunması barədə biri-digərini təkzib edən tələblər irəli sürür. Başqa bir misal: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması xahiş olunduğu halda həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər (müqavilə, akt, vərəsəlik şəhadətnaməsi və s.) mübahisələndirilmir. Nəticədə, vətəndaşın iddiası rədd olunur və o, yenidən başqa məzmunda iddia qaldırmağa məcbur olur. Yəni nümayəndənin səriştəsizliyi vətəndaşın hüquqlarının pozulmasına səbəb olur.
Artıq 18-ci ildir ki, qüvvədə olan Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
Yəni qanunvericilik bu instansiyalardakı hüquq haqqında mübahisələrin vəkilin iştirakı ilə araşdırılmasını zəruri hesab edir. Bizim məqsədimiz ondan ibarətdir ki, bu işi əvvəldən, 1-ci instansiya məhkəməsindən başlayaraq peşəkarlar aparsınlar.
Son vaxtlar mətbuatda daha çox səslənən mövzulardan biri də qanunun qəbulu ilə əlaqədar ölkədə işsizlərin sayının artacağı barədə göstərilənlərdir. Məlumat üçün bildirim ki, bu çıxışların heç bir əsası yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, respublikanın məhkəmələrində təxminən 700 nəfərə yaxın şəxs məhkəmə iclaslarında nümayəndə qismində iştirak edir və onların bir çoxunun daimi iş yeri vardır. İşləməyən nümayəndələr üçün isə həmin fəaliyyət iş yeri hesab olunmur.
Qanuna əsasən təmsil etmək – birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, birinin mənafeyini, fikrini və sair ifadə etmək hesab olunur. Məhkəmədə fiziki şəxslərin nümayəndə vasitəsi ilə onlara verilmiş etibarnamə əsasında təmsil olunması rəsmi olaraq pullu xidmət hesab olunmadığından və bu əmək müqaviləsi ilə şərtləndirilən münasibətlər dairəsinə aid olmadığından nümayəndələr üçün iş yeri hesab olunmur. Qanun layihəsinin qəbulu ilə əlaqədar işsizliyin artacağına istinad edənlər nümayəndəliyin (təmsilçiliyin) iş yeri olmamasını, nümayəndəlikdən peşə kimi istifadə edənlərin qanunsuz olaraq “vəkillik” fəaliyyəti ilə məşğul olmasını nəzərə almalıdırlar.
Qanunun qəbulunun əsas məqsədlərindən biri də nümayəndəliyi peşə etmiş şəxslərin qanunsuz fəaliyyətinə son qoymaqdan ibarətdir. Həmin şəxslərin çox hissəsi vətəndaşlardan göstərdikləri xidmətə görə “vəkil kimi” müəyyən haqq alsa da bu gəlirdən vergi ödəmir və sosial ayırmalara pul vermirlər. Bu fəaliyyətlərinə görə vəkil kimi rəsmi bir qurumun üzvü olmadıqlarından etibarnamə vermiş şəxs qarşısında heç bir məsuliyyət daşımırlar.
Təbii ki, qanunda edilən dəyişiklik və əlavələrin əsas məqsədi vətəndaşların mənafeyinin müdafiəsi, eləcə də baş verən qanunsuzluqların, “vəkil” adı altında fəaliyyət göstərən nümayəndələrin qanunsuz hərəkətlərinin qarşısını almaqdan, bununla yanaşı vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş yüksək ixtisaslı hüquqi yardımla təmin olunmasını təmin etmək üçün vəkillik institutunun inkişaf edilməsindən ibarət olmuşdur.
– Qanunla əksər qərardadlardan kassasiya şikayəti verilməsi məhdudlaşdırılmışdır. Bu məhdudlaşdırma barədə qanunvericilik təşəbbüsü ilə çıxış etməyiniz hansı zərurətdən irəli gəlmişdir. Mülki-Prosessual Məcəllənin qüvvəyə minməsindən 17 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində baş vermiş hansı məsələlər qanunda belə dəyişiklik edilməsinin vacibliyini gündəmə gətirdi?
– 2000-ci ildə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının, onun tərkib hissəsi kimi üç pilləli məhkəmə sistemi yaradılmasının əsas məqsədlərindən biri də işlərə baxılmasında yol verilən süründürməçilik hallarının aradan qaldırılmasından ibarət olmuşdur. Bu məqsədlə islahatdan sonrakı dövrlərdə də qanunvericilik təkmilləşdirilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qərardadlardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətlər qısaldılmışdır.
Mülki Prosessual Məcəllədə bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları, işdə iştirak edən şəxslərin prosessual hüquqi müdafiə vasitələrindən istifadə etmək, o cümlədən vəsatət, şikayət, qarşılıqlı iddia vermək və s. hüquqları təsbit olunmuşdur. Həmin hüquqlar hüdudsuz olmamaqla icraatın digər iştirakçılarının məhkəmə müdafiəsindən sərbəst istifadə etmək hüquqlarını (imkanlarını) məhdudlaşdırmamalı, bu hüquqların həyata keçirilməsinə süni maneələr yaratmamalı idi. Lakin qanunla yol verilən hüquqlardan sui-istifadə edilməsi, ayrı-ayrı qərardadlardan əsas oldu-olmadı bütün instansiyalar üzrə şikayət verilməsi işlərə mahiyyəti üzrə baxılmasına böyük əngəllər yaratmağa başladı. Ona görə də qanunvericilik təşəbbüsü qaydasında təklif verdik ki, icraata xitam və məhkəmə aidiyyəti ilə əlaqədar qəbul edilmiş qərardadlardan kassasiya şikayəti verilsin, qalan qərardadlara baxılması apellyasiya instansiyasında yekunlaşdırılsın.
İddianın təmini tədbir, prosessual müddətin bərpası, işlərin ərazi aidiyyəti üzrə göndərilməsi, iş üzrə icraatın dayandırılması və sair qərardadlardan verilmiş şikayətlərin apellyasiya instansiyasında yekunlaşması işlərə mahiyyəti üzrə daha tez baxılmasını təmin etməklə, mübahisələrə daha tez son qoyulmasına kömək edəcəkdir. Vətəndaşlar gözlədikləri məhkəmə qərarlarını daha tez əldə edəcəklər. Lakin, bu o demək deyil ki, apellyasiya instansiyasında yekunlaşan məhkəmə qərarları kassasiya baxışının predmeti olmayacaq. Təbii ki, vətəndaşlar yekun qərardan verdikləri şikayətə narazı qaldıqları qərardadların qüsurlu olmasına dair dəlillərini əlavə etməklə həmin qərardadların da yekun qərarla birlikdə kassasiya instansiyasında baxılmasına nail olacaqlar.
Hesab edirik ki, bir sıra qərardadlardan kassasiya şikayəti verilməsinin aradan qaldırılması vətəndaşların hüquqlarının müdafiəsinə xidmət etməklə mübahisələrə daha tez nəticə verilməsinə səbəb olacaqdır.
Qüvvədə olan Cinayət Prosessual Məcəllədə qətimkan tədbirlərindən (o cümlədən həbs qətimkan tədbiri) kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Həmin işlər apellyasiya məhkəməsində yekunlaşdırılır. Lakin bu günə kimi bu normanın tətbiqində heç bir problem yaranmamışdır. Halbuki, həyatda insanın azadlığı qədər qiymətli heç nə yoxdur.
Müsahibəni çapa hazırladı:
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.