Azər CƏFƏROV: Azərbaycanın məhkəmə sistemindəki nailiyyətlər Avropa dövlətlərinə parlaq nümunədir

Xəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb. Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü, II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov bununla əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Azər müəllim, ilk növbədə, Sizi və bütün kollektivinizi qarşıdan gələn peşə bayramınız münasibətilə təbrik edirik. Birinci sualımız ölkəmizin məhkəmə sahəsindəki nailiyyətlərinin mükafata layiq görüldüyü Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi ilə bağlıdır. Bu müsabiqənin mahiyyəti barədə nə deyə bilərsiniz?

– Çox sağ olun. Qarşıdan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü gəlir. Bir əsrə bərabər zəngin tarixi olan Azərbaycan ədliyyəsi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır, mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və yeniləşir. Belə bir əlamətdar gündə ədliyyə və məhkəmə sisteminin nailiyyətlərindən söhbət açmaq olduqca xoşdur.

Qeyd etməliyəm ki, Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatı ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə prosedurları və məhkəmələrin işinin təşkili sahəsində innovativ və səmərəli təcrübələrin aşkarlanması və yayılması məqsədilə keçirilən müsabiqədir. Əvvəllər bu müsabiqə hər il keçirilirdi və mülki, cinayət mühakiməsi sistemlərinə həsr olunurdu. 2012-ci ildən etibarən isə iki ildən bir keçirilən müsabiqə ədliyyənin bütün sahələrini əhatə edir. Burada Avropa Şurasının üzv dövlətləri, eləcə də beynəlxalq təşkilatlar müxtəlif layihələrlə, nəticələrlə iştirak edir və həmin təcrübələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə siyasətçilərin, habelə geniş hüquq ictimaiyyətinin diqqətinə çatdırılır.

Müsabiqədə təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə müəyyən olunur. Bu zaman beş əsas meyar üzrə qiymətləndirmə aparılır: səmərəlilik, yenilik, davamlılıq, gələcək inkişaf imkanı və digər üzv-dövlətlərdə tətbiqinin mümkünlüyü.

Ölkəmiz də bu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edərək mükafata layiq görülüb.

– Necə oldu ki, müsabiqəyə məhz belə bir layihə ilə qatılmaq qənaətinə gəldiniz?

– Müsabiqəyə hazırlaşarkən əvvəlcə müxtəlif layihələr nəzərdən keçirilib. Lakin biz daha çox məhkəmə fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətli ola biləcək, eyni zamanda, Avropa Şurasının qiymətləndirmə meyarlarına uyğun layihə ilə iştirak etmək qənaətində idik. Nəhayət, biz “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihənin üzərində dayanmağı lazım bildik. Məlumdur ki, Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə təsbit edilmiş “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə əsaslı işlər görülür və artıq onun bir sıra komponentləri məhkəmələrdə tətbiq olunur. Eyni zamanda, vətəndaşlara hüquqi xidmətlərin yaxşılaşdırılması məqsədilə 2011-ci ildən istifadəyə verilmiş məhkəmə sisteminin vahid internet portalı xeyli zənginləşdirilib, burada “elektron şəxsi kabinet”, eləcə də məhkəmələrdə elektron idarəetmənin aparılmasına xidmət edən “Nəzarət pəncərəsi” modulu yaradılıb. Bu sistem məhkəmə sədrinə işlərin təşkili və icrası vəziyyətinə elektron qaydada nəzarət etməyə imkan verir. Hakimlər isə bu modul vasitəsilə icraatında olan işlər, o cümlədən proseslərin təyin olunması müddəti, işə dair zəruri sənədlər və habelə prosessual pozuntulara yol verilməməsi barədə qabaqcadan məlumatlandırılırlar.

Bu sahədə islahatlara və tətbiq olunan yeniliklərə beynəlxalq marağın artmasını nəzərə alaraq, eyni zamanda, informasiya texnologiyalarının geniş vüsət aldığı müasir dövrdə elektron məhkəmə sisteminin mötəbərliyini, səmərəliliyini, məhkəmələrin idarə olunmasında mühüm rolunu təlqin və təşviq etmək üçün müsabiqəyə məhz bəhs etdiyimiz layihəni təqdim etdik.

Bildirmək istərdim ki, “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab” layihəsinin əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir. Elmi cəhətdən əsaslandırılmış bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ elektron analitik hesabatların hazırlanmasını, məhkəmə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsini və onun məhsuldarlığının müəyyən olunmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

Ümumiyyətlə, məhkəmə fəaliyyətinin idarə olunması zamanı hakimlərin iş yükünün qiymətləndirilməsi, bu zaman icraatda olan işlərə baxılmasının operativliyi və keyfiyyəti, bu sahədə çatışmazlıqları aşkara çıxarmaqla zəruri tədbirlərin görülməsi, hakimlərin işinin səmərəliliyinin artırılması və bu kimi digər məsələlər hər zaman bütün dövlətləri düşündürüb və bununla bağlı məhkəmə fəaliyyətinin qiymətləndirilməsinə dair metodologiyalar işlənib hazırlanıb. Yəqin siz də razılaşarsınız ki, qiymətləndirilə bilməyən fəaliyyətin idarə edilməsi olduqca çətindir.

Yeri gəlmişkən deyim ki, qiymətləndirmə metodologiyası ilə bağlı dünyada müxtəlif yanaşmalar mövcuddur. Məsələn, məhkəmə fəaliyyətinin elektron qaydada qiymətləndirilməsi sahəsində öz modelini yaratmış 3 əsas beynəlxalq təşkilat var: Avropa, Asiya, Avstraliya və ABŞ təşkilatlarının beynəlxalq konsorsiumu (IFCE), Amerika Birləşmiş Ştatları Məhkəmələrinin Milli Mərkəzi (NCSC) və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). Bu qurumlar qiymətləndirmə metodikasını müxtəlif indikatorlar üzrə aparır.

Ona görə də layihə təqdim edilməzdən əvvəl bu sahədə ixtisaslaşan beynəlxalq qurumların təcrübəsi nəzərdən keçirilib, Kanada, Avstriya, Bosniya və Herseqovina və Avstraliyadan olan mütəxəssislərlə məsləhətləşmələr aparılıb və mütərəqqi tədqiqatlar öyrənildikdən sonra ölkəmiz məhkəmə fəaliyyətinin qiymətləndirilməsi sahəsində öz modelini yaradıb. Belə ki, Dünya Bankı ilə birgə həyata keçirdiyimiz “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Azərbaycanın hüquq sistemi və ənənələri nəzərə alınmaqla 3 mühüm meyara (vaxt, keyfiyyət, məhsuldarlıq) əsaslanaraq 12 göstəricidən ibarət qiymətləndirmə metodikası işlənib hazırlanıb.

Artıq pilot qaydada məhkəmələrdə tətbiq olunan “Məhkəmənin Nəbzi” elektron idarəetmə sistemi Məhkəmə-Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, yuxarı instansiya məhkəmələrinə, məhkəmə sədrlərinə və hakimlərə imkan verir ki, onlar məhkəmənin, yəni, hakimin fəaliyyəti üzrə qiymətləndirmə göstəriciləri, o cümlədən müxtəlif kateqoriyalara aid işlər üzrə məhkəmə ümumiləşdirmələrinə dair statistika ilə ani surətdə tanış olsunlar. Bununla da uzun müddət və bir neçə işçi qüvvəsi tələb edən statistika işinin aparılması xeyli asanlaşmış olur. Bu sistem, həmçinin hər hansı problemin yaranmasından öncə qabaqlayıcı tədbirlər görməyə imkan verir: məhkəmə büdcələrinin, hakim və məhkəmə işçisi ştatlarının məhkəmələrarası səmərəli bölüşdürülməsi, hakimlərin məhsuldarlığının müəyyən olunması, onların vəzifədə irəli çəkilməsi və s.

Bu sistemin tətbiqinin şəffaflığa, korrupsiyanın qarşısının alınmasına, ən əsası, məhkəmələrin səmərəli idarə olunmasına və fəaliyyətinin düzgün qiymətləndirilməsinə xidmət etməsi heç bir şübhə doğurmur.

Bu səbəbdən də seçimimiz uğurlu alındı və Avropa Şurasına təqdim etdiyimiz layihə müsabiqənin münsiflər heyəti tərəfindən mükafata layiq görüldü.

– Yəqin ki, qaliblər münsiflər heyəti tərəfindən təqdim olunan layihələrin qiymətləndirilərək seçilməsi nəticəsində müəyyənləşdirilir...

– Elədir. Müsabiqə Avropa Şurasının Katibliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti tərəfindən aparılır və onun tərkibi Avropa Şurasının nümayəndələrindən, nüfuzlu alimlərdən, hakimlərdən və digər hüquqşünaslardan formalaşdırılır. Bu tərkib hər müsabiqə üzrə fərqli olur və tərkib tam müstəqil fəaliyyət göstərir. 2017-ci ildə keçirilən müsabiqədə Münsiflər Heyəti İtaliya, Hollandiya, Yunanıstan, Xorvatiya, Norveç və İsveçrənin sayılıb-seçilən məhkəmə sədrləri və Ədliyyə nazirliklərinin rəhbər işçilərindən ibarət olub. Norveçdən olan üzv, həm də Avropa Şurası Avropa Hakimlərinin Məşvərətçi Şurasının prezidenti, İtaliyadan olan üzv isə Münsiflər Heyətinin sədri, CEPEJ-in Məhkəmə vaxtının idarəolunması üzrə “SATURN” Mərkəzinin prezidentidir.

Bu rəqabətə heç də həmişə bütün üzv dövlətlər qoşula bilmirlər. Builki müsabiqəyə Avropa Şurasının 18 üzv dövlətindən, əsasən, Qərbi Avropa ölkələrindən və iki beynəlxalq təşkilatdan 37 layihə təqdim olunub.

Münsiflər Heyəti tərəfindən həmin layihələr, əvvəldə qeyd olunduğu kimi, beş əsas meyar üzrə qiymətləndirilərək onların arasından gizli səsvermə yolu ilə ilkin olaraq 10 layihə seçilir. Daha sonra növbəti mərhələdə mükafatlandırmaq üçün həmin layihələrdən 4-ü ən mütərəqqi və qabaqcıl layihə kimi seçilir və qalib gələn hər 4 dövlətin nümayəndəsi mükafatlandırma mərasiminə dəvət olunur.

Cari il sentyabrın 22-də Avropa Şurası Münsiflər Heyətinin Parisdə keçirilmiş iclasının Qərarına əsasən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab” adlı layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək qalib gəlmiş 4 layihə sırasına daxil edilib. Qalib gələn digər üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim olunmuşdu.

Məlumat üçün deyim ki, hər il oktyabrın 25-i Avropa məkanında Avropa Ədliyyə Günü kimi qeyd edilir və “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatlandırma mərasimi də ənənəvi olaraq məhz həmin ərəfədə keçirilir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində tarixi “Parlament Evi”ndə təşkil edilmiş builki mükafatlandırma mərasimində Avropa Şurasının rəsmiləri, Avropanın tanınmış hüquqşünas alimləri, Şotlandiyanın yüksək səviyyəli hakimləri, ədliyyə qurumlarının rəhbərləri və lordlar iştirak edib, ölkəmiz də nümayəndə heyətimizlə təmsil olunub.

Mərasimdən əvvəl təşkil olunmuş “dəyirmi masa”da dünyada ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatların prioritetləri barədə ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

Ölkəmizin layihəsinin təqdimatı zamanı son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və digər yeniliklər barədə məlumat verilib, Azərbaycanın təqdim etdiyi layihənin əhəmiyyətindən danışılıb.

Tədbirdə məhkəmə sisteminin elektron idarə edilməsi sahəsində Azərbaycanın təcrübəsi Avropada təqdirəlayiq olduğu vurğulanıb və müvafiq mükafat təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunub.

– Azər müəllim, sosial şəbəkələrin birində belə şayiəyə rast gəlinib ki, guya Azərbaycan heç bir mükafat almayıb. Buna münasibətiniz necədir?

– Əvvəldə söylədiklərimdən əmin olursunuz ki, bu, ictimaiyyəti çaşdırmaq üçün təhrif edilmiş fikirdən başqa bir şey deyildir. Ona görə də bu barədə çox danışmağa ehtiyac görmürəm. Ancaq düşünürəm ki, özünü azərbaycanlı hesab edən hər bir kəs bu uğura sevinməli və fəxr etməlidir. Bununla bağlı Avropa Şurasının internet saytından müfəssəl məlumat əldə etmək olar, orada hətta mükafatlandırma mərasimindən fotolar da yerləşdirilib. İngilisdilli oxucularımız, internet istifadəçilərimiz bu xəbəri çox asanlıqla tapıb oxuya bilərlər.

Həqiqət isə budur ki, iştirakçısı olduğum həmin mükafatlandırma mərasimində gördüyünüz bu “Ədliyyənin Kristal Tərəzisi” mükafatı (müsahibimiz həmin mükafatı əyani şəkildə bizə nümayiş etdirir – red.) müsabiqənin Münsiflər Heyətinin rəhbəri tərəfindən Azərbaycanın və digər qalib ölkələrin nümayəndələrinin hər birinə ayrıca təqdim edilib.

– Əslində bu yüksək mükafat ölkəmizdə məhkəmə sistemində aparılan uğurlu islahatların beynəlxalq aləmdə etirafıdır...

– Əlbəttə. Heç də təsadüfi deyil ki, belə layihələr qiymətləndirilərkən həm də ölkədə gedən inkişaf prosesi, aparılan mütərəqqi islahatlar izlənilir, nəzərdən keçirilir. Əldə olunan bu nailiyyət də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlara verilən yüksək qiymətdir. Bu mükafat, həmçinin Azərbaycanın məhkəmə-hüquq sahəsində Avropa Şurasının üzv dövlətləri arasında ön sıralarda yer almasını təzahür etdirməklə əlaqələrimizin müsbət məcrada inkişafına verilən böyük töhfədir. Bununla Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik olan ölkə kimi düşüb.

Mükafatlandırma mərasimi zamanı Münsiflər Heyətinin rəhbəri ilə görüşümüzdə də ölkəmizə olan marağı açıq-aydın hiss etdik. Azərbaycanın sosial-iqtisadi tərəqqisi, mütərəqqi yeniliklər, müsbət nəticələr, o cümlədən milli brendimiz olan “ASAN xidmət”in vətəndaş məmnunluğu doğuran fəaliyyəti, respublikamızın mötəbər forumlara ev sahibliyi etməsi xoş təəssüratla qarşılanır.

Sözsüz ki, Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar fonunda məhkəmə-hüquq sisteminin də təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində islahatlar aparılmaya bilməzdi.

Qeyd etməliyəm ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf etdirilən köklü məhkəmə-hüquq islahatları aparılarkən Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə hakimiyyətinin müstəqilliyinin, şəffaflığının və əlçatanlığının təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib. İlk növbədə, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb. Təsadüfi deyil ki, artıq 12 ildir məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası səmərəli fəaliyyət göstərir və bu gün Şura daha geniş səlahiyyətlərə malikdir. Elə həmin müddətdən ölkəmizdə hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydaları tətbiq olunur və bu prosedurlara uyğun seçimi aparan Hakimlərin Seçki Komitəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, Avropa Şurasının sənədləri, həmçinin BMT-nin Banqalor prinsipləri nəzərə alınaraq işlənib təsdiq olunmuş Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə hakimlərimiz tərəfindən riayət edilməsinə xüsusi diqqət yetirilir. Hakimlik fəaliyyətinin etik prinsip və standartlarının toplusu olan bu Kodeks spesifik əxlaq və ədəb tələblərini, peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışı nizamlayır, peşə fəaliyyətinə münasibəti müəyyən edir.

Bununla yanaşı, Azərbaycanda yaradılmış və bir müddət əvvəl Hakimlərin İttifaqı kimi birləşmiş hakim assosiasiyaları fəaliyyət göstərir. Bu assosiasiyalar məhkəmə sahəsində qanunvericilik islahatları prosesində fəal iştirak edir, təkliflərlə çıxış edir, həm hakimlər, həm də məhkəmə aparatı işçiləri üçün treninqlər keçirir, ictimai tədbirlər təşkil edirlər. Ümumi Məhkəmə Hakimləri Assosiasiyası həm də Beynəlxalq Hakimlər Assosiasiyasının tamhüquqlu üzvüdür.

Ümumiyyətlə, hakimlərin nəzəri bilik və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilərək onların davamlı tədrisi yeni müasir metodika əsasında aparılır, öz həmkarları üçün treninq apara biləcək hakimlər formalaşır, həmçinin xarici dillərə, beynəlxalq təcrübəyə yiyələn hakimlərimizin sayı artır. Bu gün artıq onlar konvensiyaları, Avropa Məhkəməsinin presedentlərini öyrənib uğurla tətbiq edirlər. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Hazırda Yasamal Rayon Məhkəməsinin hakimi həm də Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidentidir. Bundan əlavə, dövlətimizin başçısının təşəbbüsü ilə bir nəfər hakimimiz Strasburq Məhkəməsinə ezam olunub. Bu təşəbbüs Avropa Məhkəməsinin sədri tərəfindən yüksək qiymətləndirilib, belə bir təcrübənin davam etdirilməsi barədə razılığa gəlinib.

Bir cəhəti də qeyd edim ki, bu gün məhkəmələrin siması da dəyişir, infrastruktur onların yüksək statuslarına uyğun müasirləşdirilir. Artıq paytaxtda və müxtəlif bölgələrdə ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müasir məhkəmə binaları və konseptual baxımdan yeni olan, dünyada nadir rast gəlinən məhkəmə kompleksləri tikilərək istifadəyə verilib. Bu binaların böyük əksəriyyəti on ildən artıqdır səmərəli əməkdaşlıq etdiyimiz Dünya Bankı ilə birgə ədliyyə sisteminin müasirləşdirilməsinə dair layihələr çərçivəsində ərsəyə gəlib. Təsadüfi deyil ki, Dünya Bankı bu layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.

Bu sahədə nailiyyətlərimiz artıq digər dövlətlərin də diqqətini cəlb edir və onlar mötəbər beynəlxalq qurumların tövsiyəsi ilə ölkəmizin müsbət təcrübəsindən bəhrələnirlər. Təkcə bu yaxınlarda Avropa Şurasının müraciəti əsasında nümayəndə heyətimiz Moldovaya səfər edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəmizi oradakı həmkarlarımıza aşılayıblar. Eyni zamanda, Dünya Bankının tövsiyəsi ilə Rusiya Federasiyası Moskva Şəhər Məhkəməsinin sədri xanım Olqa Yeqorovanın başçılıq etdiyi rəhbər vəzifəli şəxslərdən ibarət geniş nümayəndə heyəti ölkəmizə səfər edərək məhkəmə sistemindəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənib.

Göründüyü kimi, aparılan islahatlar az deyil və bu proses bu gün də davam edir. Azərbaycan Prezidentinin cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı da bu sahədə islahatların yeni məcrada həyata keçirilməsinə rəvac verib və bu mühüm sənədin icrası üzrə əhatəli tədbirlər həyata keçirilməkdədir.

– Azər müəllim, dövlətimizin başçısının qeyd olunan Sərəncamının icrası ilə bağlı görülən işlər barədə də bir qədər ətraflı məlumat verməyinizi istərdik.

– Ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sadiq qalan möhtərəm Prezidentimiz tərəfindən hər il əfv sərəncamları imzalanır və deyə bilərik ki, artıq bu, bir ənənəyə çevrilib. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya qərarı cinayət törətmiş minlərlə insanın azadlığa qovuşmasına xidmət edib.

Dövlətimizin başçısının imzaladığı 2017-ci il 10 fevral tarixli Sərəncamı humanist siyasətin növbəti təzahürü olmaqla məhkəmə-hüquq islahatlarının yeni mərhələdə davamıdır.

Cəza siyasətini həyata keçirən dövlət orqanları üçün “yol xəritəsi” rolunu oynayan proqram xarakterli Sərəncamda üç əsas istiqamət müəyyən edilib: cinayət və cinayət prosessual qanunvericiliyinin təkmilləşdirilməsi, cəmiyyətdən təcrid etmədən məhkumların islahını təmin edən institusional islahatların həyata keçirilməsi, penitensiar sahənin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi.

Qeyd edilməlidir ki, Sərəncamın qəbulundan dərhal sonra Ədliyyə Nazirliyi tərəfindən Ali Məhkəmə və Baş Prokurorluq ilə birgə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik və məhkəmə-istintaq təcrübəsi əhatəli təhlil edilərək Cinayət və Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələri hazırlanıb və dövlətimizin başçısına təqdim olunub. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə artıq 300-ə yaxın dəyişiklik edilib. Əminliklə deyə bilərik ki, Cinayət Məcəlləsinin qüvvəyə mindiyi 2000-ci ildən bu günədək ona bu qədər əhatəli və konseptual dəyişiklik edilməyib.

Xatırlatmaq istərdim ki, ötən ilin mayında da cinayət qanunvericiliyinə xeyli dəyişikliklər olunub və bu zaman cinayət tərkiblərinin bir çoxu dekriminallaşdırılıb. Daha əvvəl isə Cinayət Məcəlləsindən döymə norması çıxarılıb.

Hazırkı dəyişikliklərə gəldikdə isə, Məcəllədə 15 cinayət tərkibi dekriminallaşdırılıb, 3 maddə üzrə məsuliyyətin yaranmasına səbəb olan məbləğin artırılması ilə bu əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçib. Beləliklə, dekriminallaşma yalnız maddələrin ləğv edilməsi ilə deyil, həmçinin cinayət tərkibinin yaranması üçün tələb olunan ziyanın məbləğinin artırılması ilə həyata keçirilib.

Bundan başqa, zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azadetmə institutu təkmilləşdirilib, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilib.

Qanuna əsasən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müəyyən edilib və 158 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunub, 36 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilib.

Narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə qarşı münasibət də humanistləşdirilərək, əməlində başqa cinayət tərkibi olmayan belə şəxslərin bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda cinayət məsuliyyətindən azad olunması müəyyənləşdirilib.

Eyni zamanda, ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericilik təkmilləşdirilib, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınmasına yönələn tədbirlər çərçivəsində 2017-ci il 20 oktyabr tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən yeni norma əlavə olunub. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb olunacağı işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiqlənib.

Bundan başqa, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər hazırlanıb, bir çox düzəlişlərlə yanaşı, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin geniş tətbiqinə imkan verən elektron nəzarət vasitələri ilə bağlı müddəalar nəzərdə tutulub.

Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə münasibət xeyli dəyişib, ötən müddət ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb və bu gün də azalmaqda davam edir. Həmçinin həbsdən azad edilmiş insanların sayı xeyli artıb.

Qeyd olunan bütün bu innovativ dəyişikliklər artıq cəmiyyətimizdə alqışla qarşılanıb və ümid edirik ki, gələcəkdə bu dəyişikliklərin tətbiqində müsbət nəticələr əldə olunacaq.

Sərəncamın əsas yeniliklərindən biri də ölkəmiz üçün yeni olan Probasiya xidmətinin yaradılması, cəzaların icrası və qətimkan tədbirlərinin görülməsi zamanı elektron nəzarət vasitələrinin tətbiq olunmasıdır. Bununla bağlı beynəlxalq təcrübə öyrənilərək, “elektron qolbağ”ın nümunələri pilot qaydada sınaqdan keçirilib və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır.

Möhtərəm Prezidentimizin cari il noyabrın 7-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişikliklərlə nazirliyin aparatında ayrıca baş idarə səlahiyyətli Probasiya xidmətinin yaradılması bu qurumun fəaliyyətinin səmərəli və mütəşəkkil qaydada təmin olunmasına imkan verəcək.

Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi, xidmətin peşəkar kadr korpusunun formalaşdırılması diqqətdə saxlanılıb, cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması, istehsal sahələrinin artırılması ilə bağlı əməli tədbirlər görülüb.

Yekunda vurğulamaq istərdim ki, artıq Sərəncamın icrası üzrə görülən işlər müsbət nəticələrini verir. Əminik ki, bu mühüm sənədlə qarşımızda duran hər bir konkret vəzifə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qısa müddətdə öz həllini tapacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında