Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas AZƏRTAC-a məxsusi müsahibə verib.
- Azərbaycan və Aİ arasında əlaqələri necə xarakterizə edərdiniz? Sizcə, ötən 25 il ərzində bu istiqamətdə əldə olunan ən böyük nailiyyətlər hansılardır? İkitərəfli münasibətlərin perspektivlərini necə qiymətləndirirsiniz?
- Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr mövcud tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə söykənir. Ötən illər ərzində bu münasibətlər öz dinamizmi ilə fərqlənir. Biz bu münasibətlərin davamlı olmasına çalışırıq. Nailiyyətlərdən danışarkən qeyd edə bilərəm ki, bizim bir çox sahələrdə intensiv dialoqumuz mövcuddur. Bu ilin fevralından başlayaraq, yeni və daha hərtərəfli müqavilə üzərində işləyirik. Aviasiya haqqında müqavilə ilə bağlı danışıqlara yenidən başlamışıq. Eyni zamanda, əməkdaşlığa əsaslanan gələcək maliyyə layihəsi üzrə tərəfdaşlığın prioritetlərini müəyyənləşdiririk.
Bir neçə il öncə viza rejiminin asanlaşdırılması, habelə readmissiya haqqında müqavilə imzaladıq. Bu müqavilə ilə Azərbaycan vətəndaşları Avropa İttifaqına daha sərfəli və daha asan səyahət edə bilirlər. Biz “Erasmus+” proqramı çərçivəsində də əməkdaşlıq edirik. 2015–2017-ci illər ərzində 900-dən çox azərbaycanlı tələbə Aİ ölkələrində təhsildən yararlana bilib. Azərbaycan Tvinninq layihəsinin qalibidir. Tvinninq Aİ və Azərbaycanın dövlət qulluqçularını birləşdirir, idarəçilik və əməkdaşlıq sahəsində ölkənizdə islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə, təcrübə mübadiləsinə yardımçı olur. Azərbaycan əhalisinin 67 faizi əlaqələrimizin səviyyəsindən razıdır. Əməkdaşlığımızın genişləndirilməsi bir çox sahələrdə ortaq maraqlarımızdan irəli gəlir. Bu maraqlar hər iki tərəfin töhfələri ilə ortaq dəyərlərə əsaslandıqda daha praqmatik olur.
- Bəs iqtisadi əməkdaşlığı nə dərəcədə qənaətbəxş hesab edirsiniz? İqtisadiyyatın daha hansı sahələrində əməkdaşlıq imkanları var?
- Ötən illər ərzində Azərbaycan və Aİ çox güclü iqtisadi münasibətlər qurub və etibarlı tərəfdaşdırlar. Avropa İttifaqı ölkənizin ən böyük ticarət tərəfdaşı və investorudur. Bu yaxınlarda 500 iş adamının iştirakı ilə Aİ–Azərbaycan biznes forumu keçirildi. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün çox çevik fəaliyyətə başlayıb. Biz ticarətimizin də şaxələndiriləcəyinə ümid bəsləyirik. Hazırda ticarətimizin əsasını neft və qaz təşkil edir. Lakin ərzaq, kənd təsərrüfatı, kiçik və orta müəssisələrin dəstəklənməsi sahəsində də iş aparmağa ehtiyac var. Bununla da Azərbaycan məhsullarını Avropa bazarına çıxara bilərik. Biz əmək bazarı üçün daha faydalı ola biləcək peşə təlimlərinin dəstəklənməsi üzərində intensiv işləyirik.
Azərbaycan fermerləri Avropa bazarına çıxa biləcək yaxşı məhsullar yetişdirirlər. Bunun üçün ərzaq təhlükəsizliyi laboratoriyaları və daha geniş imkan yaradılmasına ehtiyac var. Həmçinin müəyyən prosedurlardan keçmək lazımdır. Eyni zamanda, təhsil sahəsində daha sıx işləyə bilərik. Bu, işsizliyin aradan qaldırılmasına və daha bacarıqlı peşə sahiblərinin yetişməsinə yardımçı ola bilər. 1800 gənc Avropanın bir çox institutlarında təcrübə mübadiləsində iştirak edib. Biz təhlükəsizlik sahəsində də əməkdaşlığı və dialoqu artırmalıyıq.
- Azərbaycan mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarına xüsusi önəm verir və son illər bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Avropa da özünün çoxmədəniyyətli cəmiyyəti ilə səciyyələnir. Bu sahədə Azərbaycan ilə Aİ arasında qarşılıqlı əməkdaşlıq imkanlarını necə görürsünüz?
- Azərbaycanın dərin köklərə əsaslanan tolerantlıq və çoxkonfessiyalı birgəyaşayış ənənələrini yüksək qiymətləndiririk. Bu yaxınlarda Brüsseldə Azərbaycanın dini liderləri ilə görüş oldu. Bizim bu sahədə əməkdaşlığı davam etdirməyə ehtiyacımız var. Ötən ay Azərbaycanda ilk dəfə Avropa Tolerantlıq Festivalı keçirildi. Əsas mövzu tolerantlıq və multikulturalizm idi. Festivalda üç mindən çox insan iştirak etdi. Gələn il Azərbaycan öz müstəqilliyinin yüz illiyini qeyd edəcək. Bununla əlaqədar keçirəcəyimiz bir çox tədbirlərdə əsas mövzulardan biri multikulturalizm və tolerantlıq olacaq.
- Bu günlərdə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun region, ümumilikdə Avropa üçün əhəmiyyətini ilk növbədə nədə görürsünüz?
- Bakı-Tbilisi-Qars dəmiryolunun açılması Avropa, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələndirməni təmin edəcək mühüm addımdır. Aİ birmənalı olaraq bu nəqliyyat dəhlizini alqışlayır. Biz inanırıq ki, daha sıx işləməklə, daha çox investisiya ilə, logistika və ticarət imkanları ilə bu dəmiryolu Avropa ilə Asiya arasında çox vacib nəqliyyat əlaqəsini təmin edəcək. Bu, həmçinin bizim Mərkəzi Asiya strategiyamızda da dəstəklənib. Nəqliyyat əlaqəsinin genişləndirilməsi bizim hər zaman prioritetimiz olub. İnanırıq ki, bir çox sərhədləri adlayan bu mühüm əlaqə “Cənub Qaz Dəhlizi” layihəsi kimi, qədim İpək Yoluna da tam uyğundur. Rəmzi olaraq deyə bilərəm ki, çox mühüm əlaqələndirmədir. Beləliklə, Azərbaycanı Avropa İttifaqına daha sıx birləşdirəcək bu layihələr sayəsində Xəzər dənizinin enerji resursları, o cümlədən təbii qazı Avropa bazarına alternativ marşrutla çıxacaq. Bu, Avropa İttifaqının enerjinin şaxələndirilməsi strategiyasına tamamilə uyğundur.
- Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ilə bağlı mövqeyini necə şərh edərdiniz?
- Mən bu münaqişənin nə qədər ağrılı olduğunu bilirəm. Aİ ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin səylərini tam dəstəkləyir. Bu, sülh danışıqlarına əsaslanan beynəlxalq formatdır. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri tam dəstəkləyirik. Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü diqqətlə izlədik. Bu ilin sonu və gələn ilin əvvəlində həmsədrlərin və xarici işlər nazirlərinin görüşünü gözləyirik. Ümid edirik ki, nəticə əldə olunacaq.
- Söhbətimizin əvvəlində Azərbaycan ilə Aİ arasında yeni və daha hərtərəfli müqavilə üzərində iş aparıldığını qeyd etdiniz. Bu müqavilə hansı prinsiplərə əsaslanır?
- Bu, 1996-cı ildə imzalanmış tərəfdaşlıq müqaviləsini əvəzləyəcək. Danışıqlara bu ilin fevralında Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı başlanılıb. O vaxtdan bəri biz müqavilə mətninin hazırlanması üzərində intensiv işləyirik. Danışıqlar üzrə mütərəqqi inkişafı qeyd edə bilərəm. Siyasi sahədə danışıqların növbəti mərhələsi bu ayın sonunda olacaq. Qeyd etdiyim kimi, müqavilə hərtərəflidir və məzmun etibarilə çox zəngindir. Bu barədə noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində də müzakirələr aparılacaq. Biz Azərbaycanın sadiqliyini alqışlayır və sammitdə birgə bəyannamə üzərində işləyirik.
Biz 2020-ci ildə 20 prioritetimizi necə tətbiq etməyin yollarını, eləcə də nailiyyətləri araşdıracağıq. Bu, güclü iqtisadiyyat, güclü idarəçilik, güclü əlaqələndirmə və güclü cəmiyyətə əsaslanacaq. Bu, əməkdaşlığımızın artıq mövcud olan sahələridir. Biz əlaqələrimizin inkişafını ambisiyalı şəkildə dəyərləndirəcəyik. Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlanmasını səbirsizliklə gözləyirik. İlk növbədə əmin olmalıyıq ki, asanlaşdırılmış vizaların tətbiqində kifayət qədər tərəqqi əldə etmişik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.