Professor Əmrulla Güney: BTQ həm də təhsilin və mədəniyyətin inkişafına kömək edəcək

Nəhayət, 9 ildən sonra gerçəyə çevrilən,  Cənubi Qafqaz və Yaxın Şərqin ən böyük nəqliyyat dəhlizlərindən biri hesab edilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı  neçə gündür ki, Azərbaycan, Gürcüstan və Türkiyənin, eləcə də digər dövlətlərin ictmai-siyasi xadimləri və  tanınmış alimləri tərəfindən müzakirə olunur və yüksək qiymətləndirilir.

 Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı dəmir yolu olan BTQ-nin uzun müddətə hesablanmış siyasi və iqtisadi dividendlər gətirəcəyi indidən proqnozlaşdırılır. Bu barədə Türkiyənin tanınmış alimi, coğrafiya üzrə elmlər doktoru, Diyarbəkir Dəclə Universitetinin professoru, məşhur təhsil eksperti Əmrulla Güney redaksiyamıza təəssüratlarını bölüşüb:

– Türk milləti olaraq BTQ-nin açılmasından çox məmnunuq. Bu, yalnız dəmir yolu deyildir. Bu nəqliyyat xətti böyük bir dəhlizdir, Xəzərdən, Qara dənizə, Bakıdan, İstanbula gedən könül bağlarının simgəsidir.   Çox insanın əfsanə kimi baxdığı bu layihə artıq gerçəklikdir.  BTQ böyük iqtisadi layihədir. Bu qatarlarla böyük yüklər daşınacaq, hər üç ölkənin əhalsinin rifahının yüksəlməsinə kömək edəcək işlər görüləcək. Böyük maliyyə gəlirlərinin olacağı gözlənilir. Lakin, eyni zamanda, bu, böyük siyasi təşəbbüs və hər üç ölkənin birgə addımlar atması üçün ideal imkanlar yaradan hadisədir. BTQ Türkiyə ilə qardaş Azərbaycanın, dost Gürcüstanın yaxınlıq bağlarını bir az da möhkəmləndirəcək. Bakıdan Qarsa gələn dəmir yolu həm də təhsil, mədəniyyət daşıyacaqdır. Bunu əminliklə söyləmək istəyirəm. Bu, təkcə iqtisadi-siyasi deyil, həm də böyük mədəni körpülərin qurulması üçün təməl rolunu oynayacaqdır. Xalqlarımız gerçəkləşən bu layihənin təqdim etdiyi rahat və təhlükəsiz  nəqliyyat sayəsində ölkələrimizi daha asan tanıyacaqdır.  Bölgənin universitetlərində hər xalqın, hər millətin tələbələrinin təhsil ala bilmələri bir az rahatlaşacaq. Ərzurumun, Qarsın  gəncləri Tbilisidə, Bakıda məslək qazana biləcəklər. O cümlədən, Bakının, Gəncənin övladları da bu şəhərlərdə, həmçinin Ankarada, İstanbulda elm və təhsil karyeraları qura biləcəklər.

Böyük hədəfləri qazanmaq üçün bu layihəni genişləndirmək də olar. Məsələn, təklif edirəm ki, Bakı-Tbilisi-Rize-Trabzon dəmir yolu xəttini indidən planlaşdırmaq olar. Beləcə dəmir İpək Yolu Qara dəniz sahilinə çatacaq və Trabzon limanı üzərindən, gəmilər vasitəsi ilə yük və sərnişinlər Rumıniyanın Köstəncə dəniz limanına qədər rahat şəkildə gedib çıxa bilərlər. 

Ümumilikdə götürdükdə isə, BTQ Azərbaycan və Türkiyə qardaşlığında yeni səhifə, yeni imkanlar açacaq. Mən bir ziyalı olaraq fürsətdən istifadə edib bütün qardaş Azərbaycan xalqını, gürcü xalqını və eyni zamanda, Türkiyə xalqını təbrik edirəm.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında