Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək

Bu il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib, bununla əlaqədar Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib. Vergilər Nazirliyinin Əlaqələndirmə və İdarəetmə Departamentinin baş direktorunun müavini Ömər Cəfərov adıçəkilən qanunun qüvvəyə minməsindən ötən müddət ərzində onun tətbiqi və əldə edilən nəticələri barədə danışaraq bildirdi ki, hazırda nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Əksər ölkələrdə nağd ödənişlərin məhdudlaşdırılmasına dair qanunlar qəbul edilib. Almaniya, İtaliya, Fransa, İspaniya, Çexiya, Slovakiya, Belçika, İsveçrə və digər Avropa dövlətlərinin qanunvericiliyində nağd ödənişlərin məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə sərt tədbirlər nəzərdə tutulub. Bu baxımdan, Azərbaycanda da məhdudlaşdırmaların tətbiqi dünya praktikasına tamamilə uyğundur və “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsi bundan irəli gəlir.

Qanunun qəbul olunması və tətbiqində əsas məqsəd Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatlar və hesablaşmalarda şəffaflığı təmin etmək, vergiyə cəlb olunan dövriyyənin vergi hesabatlarında dəqiq əks etdirilməsinə nail olmaq, vergidən yayınma hallarının qarşısını almaqdır. Qanunun icrasının təmin olunması ödənişlərə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ömər Cəfərov “Nağdsız hesablaşmalar haqqında” Qanunun vergi məqsədləri üçün əhəmiyyəti nədədir?-sualına cavabında dedi ki, qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV məqsədləri üçün qeydiyyata alınıb və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 mindən artıq olan vergiödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergiödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Sənədə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergiödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan ödəyicilər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergiödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə aparılan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

2017-ci ilin ötən 9 ayı ərzində apardığımız qiymətləndirmələr onu göstərir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi, eyni zamanda, Vergi Məcəlləsində edilmiş müvafiq əlavə və dəyişikliklər nağdsız iqtisadiyyata keçidə öz mühüm töhfəsini verir. Qanunun icrası ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunmasına, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına, nəticədə ölkənin beynəlxalq reytinqinin daha da yüksəldilməsinə şərait yaradıb.

Vergilər Nazirliyinin Əlaqələndirmə və İdarəetmə Departamentinin baş direktorunun müavini söhbət zamanı, həmçinin vurğuladı ki, Azərbaycan Prezidentinin 2017-ci il 17 may tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən Vergi Məcəlləsində də müvafiq dəyişikliklər edilib, bəzi anlayışlara aydınlıq gətirilib. Həmin qanunun tələblərinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi ilə bağlı Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi yeni redaksiyada verilib və maliyyə sanksiyaları tətbiq edilən subyektlərin dairəsi konkretləşdirilib. Qanunun 3.4-cü maddəsinə əsasən, vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının, faizlərin, sığorta ödənişlərinin, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqlarının (o cümlədən: işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım və müavinətlərin (o cümlədən birdəfəlik müavinətlər), kompensasiya və təzminatların, stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsinin, faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılmasının, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsi), təhsil haqlarının ödənilməsinin, turizm agentlərinə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub.

Göründüyü kimi, qanunun əhatə dairəsi kifayət qədər genişləndirilib. Bu səbəbdən, vergiödəyicilərinin qanunvericiliyin tələblərinə düzgün əməl etməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən sığorta, lizinq, təhsil müəssisələri və turagentlərin siyahısı müəyyən edilərək onlara izahlı bildirişlər göndərilib, görüşlər keçirilərək qanunun tələbləri həmin vergiödəyicilərinə izah edilib.

Təbii ki, Vergilər Nazirliyi təkcə maarifləndirmə və məlumatlandırma işi ilə kifayətlənmir, eyni zamanda həmin vergiödəyicilərində ödənişləri nağdsız qaydada qəbul etmək üçün müvafiq infrastrukturun yaradılması işində zəruri dəstək göstərir, olmadığı təqdirdə bank hesablarının açılması, POS-terminalların və digər ödəniş vasitələrinin quraşdırılması üçün onlara lazımi köməklik göstərir.

Ömər Cəfərov sonda dedi ki, Vergilər Nazirliyi tərəfindən aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, bəzi sahibkarlar qanunun tələblərinə riayət etmək istəmir. Bu sahədə qanun pozuntularına daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət obyektlərində rast gəlinir, bəzi sahibkarlar nağdsız hesablaşmalara keçmək istəmirlər. Vergilər Nazirliyinin məqsədi vergiödəyicilərinə cərimə tətbiq etmək deyil, hər bir ödəyicinin qanuna riayət etməsində, vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsində mövcud qanunvericiliyə uyğun olaraq, bütün tədbirləri həyata keçirməkdir. Amma qanun hamıya aiddir və onun tələblərinə riayət etməyən hər kəs cəzasını almalıdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında