Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu uzun müddətə hesablanmış siyasi və iqtisadi dividendlər gətirən tarixi əhəmiyyətə malik layihədir. Çoxlarının əfsanə kimi baxdığı bu layihə artıq reallığa çevrilib. Neftdən asılılığı azaltmağı qarşıya məqsəd qoyan ölkəmiz üçün bu layihə qeyri-neft məhsullarının emalı və ixracı imkanlarını daha da artıracaq. Milli Məclisin bir qrup deputatı ilə söhbətimiz də bu barədə oldu:
Elman Nəsirov, siyasi elmlər doktoru, professor:
– İndiki çətin və mürəkkəb bir şəraitdə Azərbaycan, Türkiyə və Gürcüstan işbirliyi regionda beynəlxalq aləm üçün qovşağa çevrilməklə yanaşı, bu münasibət həm də xarici qüvvələr qarşısında dostluq və əməkdaşlığın bariz nümunəsidir. Bakı -Tbilisi - Qars dəmir yolu xəttinin reallaşdırılması, bundan öncə, 2006 - cı ildə Bakı -Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, əslində, dünyaya göstərdi ki, Azərbaycan -Türkiyə - Gürcüstan deyilən bir format formalaşıb. Bu üç dövlətin əməkdaşlığı dostluğa, qardaşlığa və müttəfiqlik münasibətlərinə söykənir. Bakı -Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması bu üç ölkənin sıx əməkdaşlığını bütün dünyaya nümayiş etdirdi. Hesab edirəm ki, yeni istifadəyə verilmiş dəmir yolu xətti hər üç ölkə üçün çox əhəmiyyətlidir. Təsəvvür edin ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.
Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü:
– Azərbaycan coğrafi baxımdan çox əlverişli bir məkanda yerləşir. Bu baxımdan yeni istifadəyə verilmiş dəmir yolu xətti Azərbaycanı təkcə tranzit yükdaşımaları kimi tanıtmayacaq. Eyni zamanda, xidmət emal və digər zəruri sahələrin yaranacağı da təbiidir. Orta Asiyadan başlamış Avropaya qədər bir çox dünya dövlətlərinə xidmət edən Bakı–Tbilisi –Qars dəmir yolu xətti Azərbaycanın dövlət təhlükəsizliyini və müstəqilliyini daha da möhkəmləndirəcək. Artıq beynəlxalq birlik regionda istifadədə olan və reallaşdırılması istiqamətində işlər aparılan beynəlxalq layihələrin müstəqil siyasət həyata keçirən Azərbaycanın təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olduğunu yaxşı anlayır. Bu isə Azərbaycanın dünyadakı nüfuzunun artması deməkdir.
Elman Məmmədov:
– Bakı – Tbilisi – Qars dəmir yolu kimi qlobal tarixi layihənin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətli infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olduğunu bir daha təsdiqlədi. Dünya ictimaiyyətinə də bəlli oldu ki, Azərbaycan, Türkiyə, Gürcüstan uğurla əməkdaşlıq edir, beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir. Bu yol ölkələri bir-birinə daha yaxın edəcək, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində mühüm rol oynayacaq. BTQ-nin ölkəmiz üçün daha bir siyasi əhəmiyyəti də var. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistan belə bir əhəmiyyətli layihədən kənarda qaldı. Bu da işğalçı ölkənin qonşu dövlətlərin ərazilərinə göz dikməsindən, hərbi təcavüzünü davam etdirməsindən və Azərbaycanın işğal altında saxladığı 20 faiz ərazilərindən öz silahlı qüvvələrini hələ də çıxarmamasından irəli gəlir. Ermənistanın növbəti dəfə mühüm beynəlxalq layihədən kənarda qalmasının əsas səbəbi bu ölkənin ziyalılarına da bəllidir. Artıq bu ölkədə də dərk edirlər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirdikcə regionda bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Bu gün regionda bütün iri layihələrin müəllifi və təşəbbüskarı olan Azərbaycanın icazəsi olmadan heç bir ölkə Ermənistanı bu irimiqyaslı layihələrə qoşa bilməz. İndi erməni xalqına da aydındır ki, Serj Sarkisyan hakimiyyəti, bu quldur rejim onlara yalnız bədbəxtlik gətirir. Azərbaycan isə dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.