Türkiyə və Azərbaycanı Türküstanla qovuşduran polad magistral

Yeni İpək Yolunun polad yollar üzərində bərpasında önəmli dəhliz olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi və istifadəyə verilməsi davamlı olaraq qardaş Türkiyənin elmi və strateji araşdırma mərkəzlərinin də diqqətindədir. Bu yaxınlarda Nevşəhrdəki Bektaş Vəli Universitetində tarixi və yeni İpək Yoluna həsr olunmuş beynəlxalq konfransda bir sıra maraqlı məruzələr dinlənilmiş və müzakirə olunmuşdur.

Həmin elmi məclisdə Bakı-Tbilisi-Qars dəmir yolunun tarixçəsi və önəmi barədə məruzə ilə çıxış etmiş Sivas şəhərindəki Cümhuriyyət Universitetinin dosenti, doktor Gülpınar Akbulut Özpay bugünlərdə redaksiyamıza ünvanladığı yazıda da BTQ-nin Anadolu və Qafqaz regionunda iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına verəcəyi töhfələrdən söhbət açır.

Geosiyasi araşdırmalar üzrə mütəxəssis olan G.A.Özpay yeni polad yolun yaranma zərurətinə və gerçəkləşməsi tarixinə nəzər salaraq yazır:

– Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni bağlara yeni bir möhkəmlik gətirən, bu iki qardaş türk dövlətini Mərkəzi Asiyanın türkdilli ölkələri ilə dəmir tellərlə birləşdirən, Yeni İpək Yolunun ən strateji hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, nəhayət, tarixi gerçəyə çevrildi. Bu hadisə ölkəmizdə də hamılıqla izlənildi, türkün yeni bir zəfəri kimi dəyərləndirildi.

Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilib istifadəyə verilməsi çağdaş dünyanın inkişaf tələbindən, regionda yaranmış geosiyasi dəyişikliklərdən qaynaqlanmışdır. Sovetlər Birliyi daxilində, Balkanlarda və Şərqi Avropa ərazisində yeni müstəqil dövlətlərin yaranması və möhkəmlənməsi bu ölkələrin arasında daha səmərəli əlaqələr qurulmasına və onların dünya birliyinə sıx inteqrasiyasına yenidən baxılmasını zəruri etmişdir. Elə buna görə də Avropadan Asiyaya yük və sərnişin daşımalarını daha uyğun və gəlirli hala gətirmək üçün bir sıra siyasi və iqtisadi addımlar atılmışdır. Bunlardan biri də tarixi İpək Yolunun yenidən canlandırılması olmuşdur.

Pekindən başlayan və Orta Asiyanı başdan-başa aşaraq bir qolu İrana (Tehran-Təbriz-Şərqi Bəyazid) və Qafqaza (Gümrü-Qars-Ərzurum), digər qolu Suriyanın güneyinə uzanan tarixin ən uzun ölkələrarası ticarət-karvan yollarından biri olan tarixi İpək Yolu orta əsrlərin coğrafi kəşflərindən sonra yeni dəniz yollarının ön plana çıxması ilə tədricən dəyərini itirmişdir. XX yüzilliyin sonunda baş verən geosiyasi dəyişmələr isə Şərqlə Qərbi birləşdirən yeni İpək Yolunu yenidən gündəmə gətirmişdir.

BTQ-nin özünün tarixi isə Sovetlər Birliyinin dağılmasından sonrakı ilk illərdən başlayır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında bu dəmir yolu xətti ilə bağlı ilk müzakirə 1993-cü ildə keçirilmişdir. Sonrakı 13 ildə həmin strateji niyyət önəmini itirməmiş, getdikcə dərinləşmiş və ciddiləşmişdir. 27 iyul 2006-cı ildə isə Astanada Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Çinin nəqliyyat və rabitə nazirlərinin toplantısında layihənin gerçəkləşdirilməsi haqqında üçtərəfli və beştərəfli protokollar imzalanmışdır. Sonrakı il Azərbaycan, Gürcüstan və Türkiyə arasında anlaşma imzalanmışdır.

Ümumi uzunluğu 850 kilometrə çatan Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməli 2009-cu ildə atılmışdır. Dəmir İpək Yolunun digər layihələri olan Marmaray Tunelinin 2013-cü ildə və Yavuz Sultan Səlim Körpüsünün 2016-cı ildə xidmətə açılması ilə, Avropanı Asiyaya birləşdirən dəmir yolu magistralının yaradılması yolunda ciddi addımlar atılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun strateji önəminə inam daha da artmışdır.

Yeni İpək Yolu Londondan Çinə qədər uzanan beynəlxalq yükdaşımalar xəttidir. Bu aralıqdakı ilk nəqliyyat dəhlizləri Avropanın mərkəzi hissəsində formalaşdırılmışdır. Avropa Birliyi qitənin qərbini onun şərqi ilə birləşdirən dəhliz olaraq Pan-Avropa-TEN yolunu yaratmışdır. Bundan sonra Asiyanın zəngin bazar məhsullarının, enerji ehtiyatlarının Avropaya gətirilməsi, əks istiqamətdə də yüklərin ən qısa yolla daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolunun daxil olduğu TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi aktuallaşmışdır. Avropa Birliyi ölkələri ilə birlikdə ABŞ, Rusiya və Çin kimi dünya gücləri də Yeni İpək Yolunun canlandırılmasını dəstəkləmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun tərəfdaş ölkələr üçün önəmini açıqlayan Gülpınar Akbulut daha sonra bildirir:

– Dəmir İpək Yolunun ən önəmli dəhlizlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun dünya və region ölkələri üçün iqtisadi, siyasi və mədəni gərəkliyi zaman keçdikcə artacaq. Türkiyə, Azərbaycan və Gürcüstan arasında birbaşa qonşuluq dəhlizi olan bu xətt, eyni zamanda, Asiya ilə Avropa arasında ən qısa, ən səmərəli və ən təhlükəsiz dəmir yolunun qurulmasında həlledici bir keçiddir. Bu üç ölkəni Türküstanla birləşdirən polad magistral Mərkəzi Asiya dövlətlərinin də Atlantik okeanına çıxışını təmin edəcək. Bu dəhliz Türkiyəni İran üzərindən Asiya ölkələri ilə birləşdirən xətdən 375 kilometr qısa olması ilə üstünlük qazanmışdır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə, türklərə qarşı soyqırımlar törətdiyinə və Türkiyəyə əsassız ərazi iddialarından əl çəkmədiyinə görə ölkəmiz Ermənistandan keçən hər hansı bir yoldan imtina etməyə məcbur olmuşdur. Bu səbəbdən BTQ Türkiyənin Şərqə çıxmasında iqtisadi baxımdan daha səmərəli və təhlükəsiz alternativ yoldur. Bu magistral Türkiyəni Qafqazın digər iki ölkəsi ilə sıx birləşdirməklə Ermənistandan gələn təhlükələrdən də qoruyur.

Yeni polad dəhliz Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirməyə, Türküstandakı soydaş ölkələrlə əlaqələri genişləndirməyə üstün imkanlar açır. BTQ Türkiyənin Qafqaz və Xəzər regionunda fəaliyyəti üçün açılan mötəbər bir qapıdır. Bu yolun yaratdığı yeni imkanlar Avropa və Qərbin Türkiyə üzərindən Şərqə çıxışını maksimum stimullaşdırır. Türkiyənin qarşıdakı 10 ildə Avropa ilə Asiya arasında körpü rolu da önəmli dərəcədə artacaq.

Bütün bunlarla yanaşı, Yeni İpək Yolunun Bakı-Tbilisi-Qars dəhlizi Türkiyə üçün təkcə siyasi və iqtisadi baxımdan deyil, mədəni cəhətdən də önəmlidir. Ümumtürk tarixi-mədəni coğrafiyasında yer alan bu yol Türkiyə, Azərbaycan və Türküstandan keçməklə Çinədək uzanan böyük Türk dünyasında siyasi həmrəylik, mədəni birlik və iqtisadi bütünlüyün polad fəqərəsi rolunu oynayacaq. Azərbaycan və Türkiyə bu geosiyasi gerçəkliyi qazanmaqla yeni bir tarixə imza atmış oldular.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında