Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı dünyada beynəlxalq tranzit ölkə kimi də tanıdıb. Respublikamızın iştirakı ilə gerçəkləşən qlobal layihələr bu sahədə mühüm rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Şimal-Cənub” Transxəzər beynəlxalq nəqliyyat dəhlizi kimi nəhəng nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi ölkəmizin bu sahədə zəngin təcrübə qazanmasına zəmin yaradıb. Belə genişmiqyaslı dəyişiklik Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici mərkəzə çevrilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın nəqliyyat qovşağı kimi mühüm rola malik olmasından xəbər verir.
Təsadüfi deyil ki, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqin göstəricisində dünyanın 137 ölkəsi arasında 36-cı yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun apardığı tədqiqatın nəticəsində müəyyənləşən bu reytinq göstəricisində respublikamızın Tacikistan, Ermənistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna kimi MDB dövlətlərini geridə qoyması uğurlu strategiyanın göstəricisidir.
Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi nəticəsində bir neçə gün bundan əvvəl istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin ertəsi günü İran İslam Respublikasına işgüzar səfər edən dövlətimizin başçısı bu ölkədə daha bir əhəmiyyətli layihənin müzakirəsində iştirak etmişdir. Xəbər verildiyi kimi, noyabrın 1-də Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilmiş və olduqca əhəmiyyətli məsələlər müzakirə edilmişdir. Müzakirəyə çıxarılan əsas məsələlərdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması prosesi olub. Hər üç dövlətin iqtisadi maraqlarını əks etdirən bu beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması üçün bütün imkanlardan istifadə olunması barədə müzakirələr aparılıb.
Ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Həm iqtisadi, həm də siyasi tərəfdən çox faydalı olan dəhlizin formalaşdırılmasına gəldikdə isə, bu məsələyə Azərbaycanla yanaşı, İran və Rusiya da mühüm önəm verir. Çünki sözü gedən dəhliz Şimal-Qərbi Avropa, Xəzər hövzəsi və Körfəz ölkələrini, habelə Mərkəzi və Cənub Şərqi Asiya dövlətlərini nəqliyyat vasitəsilə birləşdirir.
Müzakirələrdə qeyd edilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsini təşkil edən Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilməsidir. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək. Qərara alınıb ki, dəhlizin formalaşması istiqamətində aparılan işlər daha da sürətləndirilsin. Bu dəhliz həm iqtisadi baxımdan səmərəlidir, həm də xalqların daha da yaxınlaşması üçün zəmin yaradacaq, habelə hər üç dövlət üçün strateji xarakter daşıyacaq.
Bu faktlar təsdiqləyir ki, ölkəmiz yol infrastrukturuna, beynəlxalq nəqliyyat sisteminə qoşulmağa böyük üstünlük verir. Bu da təsadüfi deyil. Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. İndiki mürəkkəb dövrdə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturundan birinə çevrilib. Ona görə də Şərqlə Qərbin qovşağında yerləşən, unikal coğrafi, geosiyasi mövqeyə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qala bilməzdi. Bu baxımdan Bakı-Tbilisi-Qars, eləcə də, Şimal-Cənub dəmir yollarının çəkilməsi ölkəmizin həm təhlükəsizlik, həm də müstəqilliyimizin qorunması, iqtisadi qüdrətinin yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın qüdrətlənməsinin güclü faktoruna çevrilmişdir. Xatırladım ki, tarixi İpək Yolunun bərpası, TASİS və
TRASEKA proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm rol oynamışdır.
Hazırda Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əlaqələri yaradıb. Bu sahədə nəqliyyat sektorunun inkişafının xüsusi rolu vardır. Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın iqtisadi gücünün daha da artırılması və təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.