Professor İsaxan Vəliyev: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi regionun daha sürətlə tərəqqi etməsinə təkan verəcək

Xəbər verildiyi kimi, bu il noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçirilib. Bu mühüm tədbirdə dövlət başçıları çox hörmətli İlham Əliyev,  Həsən Ruhani və Vladimir Putin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin, eləcə də region üçün böyük əhəmiyyət kəsb edən başqa iri layihələrin həyata keçirilməsi ilə bağlı geniş müzakirələr aparıblar.

Bu əlamətdar hadisə ölkə ictimaiyyətində, ziyalılar arasında dərin razılıq hissi doğurub. Bəllidir ki, üç qonşu dövlət arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi bölgədə sülhü, əmin-amanlığı daha da gücləndirəcək, xalqlarımızın rifahını daha da yaxşılaşdıracaq.  

Tehranda baş tutan zirvə görüşü barədə bu günlərdə ölkəmizin görkəmli elm və mədəniyyət xadimləri, nüfuzlu ziyalılar dərin məmnunluq hissi ilə həm çap mətbuatında, həm də virtual mediada rəy və təkliflərini bildirirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, profesor İsaxan Vəliyev bu barədə böyük həvəslə söz açaraq dedi:

– Birinci ondan başlamaq istəyirəm ki, son vaxtlar regionda gedən pozitiv proseslər gənc, müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi məni çox sevindirir. Görünən budur ki, üç qonşu dövlətin liderlərinin siyasi iradəsinin nəticəsi olaraq Avrasiya kimi böyük bir coğrafi və iqtisadi məkanda çox cəsarətli infrastruktur layihələri  reallaşdırılır. Qürurverici haldır ki, müstəqil Azərbaycan dövləti bu prosesin aparıcı ölkələrindən biri kimi çıxış edir.

Bu yerdə bir məqamı vurğulamağı özümə borc bilirəm. Hər bir Azərbaycan ziyalısı kimi, mən də bugünkü böyük uğurlarımızı ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasətinin təntənəsi hesab edirəm. Bu, uğur, yüksəliş və zəfər salnaməsidir. Bu möhtəşəm qələbələr Prezident İlham Əliyevin qətiyyətli və səriştəli siyasəti sayəsində əldə olunur. Bütün bunlar bizim gözlərimiz önündə baş verir. Bundan necə qürur duymamaq olar!

Gəlin, bir anlığa Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhatə etdiyi olduqca böyük əraziləri və gətirəcəyi töhfələrin miqyasını təsəvvür edək. Bu layihə uzaq Hindistandan tutmuş şimal ölkəsi olan Finlandiyaya qədər, Azərbaycan da daxil olmaqla onlarca dövlətin iqtisadi və ticarət əlaqələrinə “yaşıl işıq” yandırır.

Təbiidir ki, bu layihə başqa xalqlara olduğu kimi, xalqımıza da böyük fayda gətirəcək. Bunu hörmətli dövlət başçıları da çıxışlarında vurğuladılar. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Tehranda  mətbuat üçün bəyanatını diqqətlə izlədim. Dövlətimizin başçısı üçtərəfli əməkdaşlığın formatı barədə danışarkən haqlı olaraq qeyd etdi ki, üç qonşu dövlətin uğurlu əməkdaşlığı regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasında çox mühüm rol oynayacaq.

Yeri gəlmişkən, Azərbaycan, İran və Rusiya arasında dostluq əlaqələri, qarşılıqlı hörmət  və səmərəli əməkdaşlıq regionun aktual problemlərinin həlli üçün böyük önəm daşıyır. Konkret olaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ərazisindən keçdiyi ölkələrin dəmir yolu xətləri ilə bərabər, avtomobil yolları və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq.

Bu gün Azərbaycan bölgədə bir nəqliyyat mərkəzinə çevrilir. Bir neçə gün bundan qabaq Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə digər olduqca böyük layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihə, obrazlı desək, tarixi İpək Yolunun polad magistrallar üzərinə keçirilməsi deməkdir. Hesab edirəm ki, BTQ XXI əsrdə Azərbaycanın möhtəşəm uğur salnaməsinin mühüm rəmzidir. 

Bu gün Azərbaycan sürətli inkişaf və tərəqqi yolundadır. Bu inkişafın, yüksəlişin davamlı olması, yeni daha möhtəşəm uğurların əldə edilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. İnanıram ki, aylar, illər ötdükcə Azərbaycanın uğurları da artacaq. Axı, zaman Azərbaycanın xeyrinə işləyir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında