İlham Mazanlı: BTQ XXI əsrin uğur salnaməsinin mühüm rəmzlərindən biridir

Bakıda Azərbaycan, Türkiyə dövlət başçılarının, Qazaxıstan və Özbəkistan hökumətləri rəhbərlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm beynəlxalq layihəyə start verilməsi, demək olar ki, böyükdən kiçiyə qədər bütün ölkə vətəndaşları arasında böyük ruh yüksəkliyi yaradıb. Bu əlamətdar hadisə ilə bağlı bir sıra tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar çap mətbuatı və virtual mediada dərin məmnunluq hissi ilə öz fikir və düşüncələrini bildirirlər.

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Mazanlı Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə xalqımızın ictimai-siyasi həyatında deyil, bütövlükdə, region dövlətlərinin inkişafında olduqca önəmli hadisə olduğunu vurğulayaraq bunları dedi:

– Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olduqca mühüm tarixi hadisədir. Təsəvvür edin ki, Çindən Londona qədər böyük bir coğrafi ərazidə xalqlar, dövlətlər, onların iqtisadiyyatı, mədəniyyətləri üzərindən “körpü”salınır. Mən bunu “Tərəqqi körpüsü” adlandırardım.

Ölkəmizin bu beynəlxalq layihədə əsas söz sahiblərindən biri olması çox qürurverici haldır. Məni sevindirən həm də odur ki, müstəqil Azərbaycan və Türkiyə dövlətləri bu prosesin aparıcı qüvvələridir. Bu böyük tarixi missiyanı öz üzərinə götürməklə, Azərbaycan və qardaş Türkiyə dövlətləri, müdrik və  xarizmatik liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan müasir dünyanın gözləri önündə tarix yazdılar.

Bu gün Azərbaycan faktiki olaraq Avrasiya məkanının əsas nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.

Bəli, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun miqyasını və əhəmiyyətini görməmək, buna sevinməmək qeyri-mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu XXI əsrdə böyük bir coğrafi məkanda tərəqqi və intibaha yol açır. Hesab edirəm ki, BTQ XXI əsrin qlobal uğur salnaməsinin ilk ən uğurlu rəmzlərindən biridir

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa dəmir yoludur. Bu layihənin, ilk növbədə, olduqca böyük iqtisadi faydası var. Belə ki, BTQ region dövlətlərinin, o cümlədən ölkəmizin inkişafına təkan verəcək, insanlara bolluq və firavanlıq gətirəcək.

Mən uzun illərdir ki, Bakı Dövlət Universitetində tələbələrə beynəlxalq jurnalistikadan dərs deyirəm. İxtisasımla bağlı olaraq dünya mətbuatını diqqətlə izləyirəm. Sevindirici haldır ki, son günlər qlobal media BTQ-yə böyük önəm verir. Məsələn, Fransanın “Lopinion.fr” portalında “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya Avropaya daha da yaxınlaşır” adlı məqalə dərc olunub. Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir. Azərbaycan Prezidentinin və digər nüfuzlu qonaqların tədbirdəki çıxışlarından sitatlar gətirilir.

Yeri gəlmişkən, bir sıra ərəb ölkələrinin KİV-i də Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasını geniş işıqlandırır. Məsələn, Misirin “Arabsola” nəşrində yer alan “İlham Əliyev: Güclü iradə Bakı-Tbilisi-Qars layihəsini reallaşdırmağa imkan yaratdı” sərlövhəli məqalədə dövlətimizn başçısının çıxışı diqqətlə təhlil olunur.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi haqqında məqalələr, Prezident İlham Əliyevin çıxışından sitatlar, bu layihənin Asiya və Avropa üçün əhəmiyyəti barədə materiallar ərəb KİV-nin çoxunda, o cümlədən MENA Dövlət İnformasiya Agentliyində, “Al Youm Al Sabia”, “Al Şark Al Ausat”, “Royanyus”, “Vatannyus”, “Axbarak” və digər nəşrlərdə də yerləşdirilib.

 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında